Kərim Vəliyev Silahlı Qüvvələrin Baş Qərargahına rəis təyin edildi - RƏSMİ

Prezident sərəncam imzalayıb

General-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib.

AzNews.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

13:22

General-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib.

AzNews.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Məlumata görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Kərim Vəliyev 9 fevral 1961-ci ildə Bakı şəhərində anadan olub. 1982-cü ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini fərqlənmə ilə bitirib. 1982-1990-cı illərdə SSRİ Silahlı Qüvvələri tərkibində kursant taqım komandiri, tədris şöbə rəisinin köməkçisi, tədris şöbə rəisinin baş köməkçisi vəzifələrində xidmət edib. 1990-1994-cü illərdə Frunze adına Hərbi Akademiyada qiyabi təhsil alıb. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində tədris şöbə rəisinin müavini, briqada komandiri, cəbhə komandanının müavini, Müdafiə nazirinin döyüş əməliyyatları üzrə müavini, ordu korpusu komandiri, Hərbi Elmi Mərkəzin rəisi, Müdafiənin Planlaşdırılmasının Hərbi Strategiyası İdarəsinin rəisi vəzifələrində xidmət edib. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında birbaşa iştirak edib. Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 01.01.1994-cü il tarixli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni, 24.06.2005-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı və 25.06.2012-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin 14.05.2014 tarixli Sərəncamı ilə Müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Orduda təmiz fəaliyyətinə görə, ləqəbi "Ağ kağız” olan Kərim Vəliyev Qarabağ müharibəsinin ən ağır vaxtlarında döyüş briqadalarından birində məsul vəzifələrdə xidmət edib. Vətən müharibəsi başlan ilk günlərdən K.Vəliyev ən qaynar nöqtələrdəki əməliyyatlara uğurla rəhbərlik edib və bir daha özünün bacarıqlı zabit olduğunu təsdiqləyib. Onun rəhbərlik etdiyi bölmələr düşmənə ağır zərbələr endirib. Düşmənin xeyli canlı qüvvəsini və texnikasını sıradan çıxarıb. Həmçinin, Cəbrayılın, Qubadlının və Zəngilanın azad olunması uğrunda döyüşlərdə böyük şücaət göstəriblər.

Cəbhə komandanlığının döyüş tapşırığını nümunəvi surətdə yerinə yetirən, bu işdə qəhrəmanlıq və şücaət göstərən, ona tabe olan hissələrə bacarıqla və mətanətlə komandanlıq edən Kərim Vəliyev Ali Baş Komandanın rəhbərliyi altında qələbənin qazanılmasında xüsusi rəşadət göstərib.