"Düşmənin cavabı adekvat deyil, ikiqat verilməlidir" - İlham İsmayıl

"Düşmən bizi sakit gördükcə ayağı yer alır"

“İkinci Qarabağ müharibəsi bitdiyi gündən Ermənistan təxribatla məşğuldur, sadəcə olaraq intensivlik son günlər atıb. Bu da onu göstərir ki, düşmən məğlub olsa da, Azərbaycan torpaqlarına iddiaları dəyişməyib və tədricən böhrandan çıxdıqca bu cür iddialar təxribatlarla, hətta terrorla müşayət olunacaq”.

Təhlükəsizlik eksperti İlham İsmayıl bu fikirləri Musavat.com-a açıqlamasında bildirib. İ.İsmayıl düşmənin artan təxribatları ilə bağlı daha sonra bunları söylədi: “Təbii ki, düşmənin iddiasını dəstəkləyən bəzi beynəlxalq güclər həm sərhəddə, həm Qarabağda gərginliyin artmasında maraqlıdırlar və bölgə uğrunda qlobal güclərin mübarizəsinin də həm birbaşa, həm də dolayısı yolla bu hadisələrdə təsiri var. O zaman biz sadəcə təxribatları müşayət edib, “cavab atəşi ilə düşmən susdurulmuşdur” variantından imtina etməliyik. Bu ilk növbədə Kəlbəcər və Laçın istiqamətində dövlət sərhədlərinin cidi şəkildə möhkəmləndirilməsini başa çatdırmaq, daha sonra Ermənistanla olan digər sərhəd bölgələrinin də sərhəd-mühəndis qurğularının təkmilləşdirilməsindən ibarətdir. Ermənistanın sərhədlərin delimitasiyası, sonra da demarkasiyasından imtina etməsini ciddiyə almadan, bildiyimiz və beynəlxalq hüququn da tanıdığı sərhədlərimizi çəkib möhkəmləndirməliyik. Qoy, düşmən nə qədər istəyir etiraz bildirsin. Biz bu məsələlərlə əlaqədar təkliflərimizi etdik, sovet xəritələri əsasında müəyyənləşdirməyi irəli sürdük və yeri gəlmişkən, ABŞ da, Rusiya da bu mövqeni dəstəklədi, amma Ermənistan hələlik bu prosesdən qaçır və mövqeyini də onunla əsaslandırır ki, sovet xəritələri dövlət xəritəsi deyil və sərhədləri tanısa Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul etmiş olur. Ona görə də bizə şərt irəli sürürlər ki, Qarabağın statusu tanınsın sonra sərhəd məsələsinə baxmaq olar. Təbii ki, biz də bu şərti, ümumiyyətlə, məğlub olan tərəfin heç bir şərtini qəbul etmirik”.

İlham İsmayıl: “Ən yaxşı variant sərhədə nəzarətdir”

Ekspertimiz digər məqama da diqqət çəkməyi vacib sayır: “Xüsusilə vurğulamaq lazımdır ki, bütün bu gərginliklərə bir halda son veriləcək: biz Xankəndi və ətrafına nəzarətimizi bərpa edəcəyik. 10 noyabr üçtərəfli razılaşmaya görə keçmiş Dağlıq Qarabağdan olan qaçqınlarımız və onlarla bərabər dövlət strukturlarımız bu gün nəzarət edə bilmədiyimiz ərazilərdə yerləşən kimi bu gün gərginlik yaradan məsələlərə son veriləcək. Təəssüf ki, bu istiqamətdə susqunluğumuz və sükutumuz davam edir və nə vaxta qədər davam edəcəyi barədə heç bir rəsmi mövqemiz ortada yoxdur. Nə söz var, nə əməl”.

İ.İsmayıl hesab edir ki, biz tezliklə erməni silahlı birləşmələrinin çıxarılmasını və qaçqınlarımızın yerləşdirilməsi proseduruna başlamalıyıq: “Rusiya prezidentinin bizə təşəkkürlə bildirdiyi “ kompromis” limiti bitmək üzrədir, bəlkə də bitib. Müharibənin bitməsindən bir il keçəndən sonra konkret fəaliyyətə başlamaq lazımdır.

Qarabağda antiterror əməliyyatı qaçılmazdır

Qaldı ki, antiterror əməliyyatına burda məsələ mürəkkəbdir. Səbəb də Rusiya hərbiçilərinin Qarabağda olmasıdır. Əgər ötən ilin dekabrında biz belə bir əməliyyat keçirib Şirakdan gələn silahlı birləşməni əsir götürdüksə, bu indi yalnız Rusiya hərbiçilərinin xəbərdar edilməsi ilə yekunlaşır. Qarabağın azad edilmiş hissəsində-Ağdamın Əliağalı kəndində hərbiçimizi yaralayanda gərək sülhməramlıları xəbərdar etmək yox, atəş açan tərəfə qarşı antiterror əməliyyatı keçiriləydi. Olmursa, deməli razılaşmaya görə Azərbaycandan çıxarmaq lazımdır. Düşmən bizi sakit gördükcə ayağı yer alır, ona görə də düşmənin cavabı adekvat deyil, ikiqat verilməlidir. İstər sərhəddə, istərsə də Qarabağdakı təmas xəttində. Minsk Qrupunu dəvət etmədən Rusiya sülhməramlıları ilə üçtərəfli razılaşmanın müddəaları həll edilməli, düşmən bizim real addımlarımızı hiss etməlidir”.