"Azərbaycana “dəhliz” verməyəcəyik" "Azərbaycana “dəhliz” verməyəcəyik"

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı yeni açıqlama

"Azərbaycana “dəhliz” verməyəcəyik"

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentə 5 illik hökumət proqramını təqdim edərkən çıxışı zamanı Ermənistanın Azərbaycana “dəhliz” verməyəcəyini vurğulayıb.

Aznews.az xəbər verir ki, Paşinyan bildirib ki, Ermənistanın Rusiya və İranla nəqliyyat əlaqəsi Azərbaycandan keçməli olduğu kimi, Azərbaycanın qərb bölgələrini Naxçıvanla birləşdirən nəqliyyat əlaqəsi də Ermənistandan keçməlidir”.

O əlavə edib ki, nə 10 noyabr bəyanatında, nə də ki, kommunikasiyaların açılması barəsində 11 yanvar 2021-ci il bəyanatında, Ermənistan ərazisi üzərindən dəhliz yaratmaq haqqında bir söz belə yoxdur.

Ermənistanın bəzi hakim dairələrinin fikrincə Zəngəzur dəhlizi yaradılarsa, bu dəhlizin ərazisinin Azərbaycana məxsus olması deməkdir.

Azərbaycan isə Zəngəzur dəhlizinin açılmasını ölkənin xarici siyasətində mühüm amil kimi görür. Prezident İlham Əliyev 14 avqust tarixində CNN Türkə müsahibəsində qeyd edib ki, bu dəhlizin açılması bir çox məqsədlərə, hədəflərə xidmət göstərir.

”Zəngəzur dəhlizi isə ikinci bir birləşmə istiqaməti olacaq. Beləliklə, bizim üçün yeni fürsətlər ortaya çıxacaq. Eyni zamanda, Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə də dəmir yolu ilə birləşəcək. Eyni zamanda, biz tələb edirik ki, avtomobil yolu da çəkilsin - Ermənistanın nəzarəti altında olan Qərbi Zəngəzur ərazisində, Mehri bölgəsində. Çünki bu da mütləq lazımdır”.

Politoloq Qabil Hüseynlinin fikrincə, Paşinyan bu cür çıxışlar etməklə bölgənin gələcək inkişafına əngəllər törədir, regionunun inkişafı üçün kommunikasiyaların açılmasına mane olur. Onun sözlərinə görə, Zəngəzur dəhlizi isə Sovetlər dövründə Azərbaycanın Naxçıvanla həm magistral həm də qatar yolu olub: ”Ermənilər istəyir ki, 10 noyabr bəyanatında hər şey sətirbəsətir yazılsın. Bundan artıq yazılmayacaqdı ki, Sovet hakimiyyətin illərində mövcud olmuş kommunikasiya vasitələrin bərpası, sözü orada öz əksini tapıb, bir neçə dəfə isə Putinin dilindən səsləndirilib. Rusiya bu gün ermənilərə təsir göstərmir, ermənilərin bu yolla bağlı inadkarlığı da, şimal qonşumuz tərəfindən müəyyən təsirlərin nəticəsində ərsəyə gəlmiş olsun”.

Xatırladaq ki, Paşinyan iclasda çıxışı zamanı, regionda kommunikasiyaların açılması ilə Ermənistanın çoxillik blokadadan azad olmasına imkan yaranacağını bildirib.