İordaniya qəzetində 44 günlük müharibəyə həsr olunmuş məqalə dərc edilib

İordaniyanın “Əl Ənbat” qəzetində rus mənşəli iordaniyalı jurnalist Yelena Neduqinanın “Azərbaycanın Qələbəsi qlobal miqyasda təntənə ilə qeyd edilir” sərlövhəli məqaləsi dərc olunub

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə Azərbaycan xalqının öz ərazi bütövlüyünü təmin etməsinin bütün dünyada, o cümlədən İordaniyada keçirilən tədbirlərlə qeyd olunduğu bildirilir. Müəllif yazır: “44 günlük müharibə zamanı qardaş Azərbaycanın ən qabaqcıl silah və texnologiyalarla təchiz edilmiş, yüksək döyüş hazırlığı olan rəşadətli Silahlı Qüvvələrinin qazandığı Zəfər İordaniyada sevinclə qarşılanıb. Həmin müharibədə 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış ərazilərin azad edilməsi məmnunluq hissi doğurub. Bu yaxınlarda Azərbaycanın bu ölkədəki səfirliyində keçirilmiş mərasimdə səfir Eldar Səlimov bütün dünyada geniş rezonans doğurmuş bu əlamətdar hadisə ilə bağlı müfəssəl məlumat verib. O qeyd edib ki, Ermənistan işğal dövründə şəhərləri və kəndləri dağıdıb, məscid və dini abidələri məhv edib, Azərbaycan torpaqlarında dəhşətli cinayətlər törədib”.

Məqalədə diqqətə çatdırılıb ki, Ermənistanın işğalına son qoyulmasının hüquqi, geosiyasi və beynəlxalq aspektləri var. Qələbənin əldə edilməsində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti və sərkərdəlik məharətinin həlledici rolu olub. Bu mühüm Zəfər nəticəsində öz torpaqlarından didərgin düşmüş azərbaycanlıların hüquqları da bərpa olunub.

Müəllif qeyd edir ki, İordaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Əbdül Rəhim Əl-Maayeh qanunverici orqan adından Azərbaycan xalqını Qələbə və ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbrik edib.