Fikrət Sadıqov: “Ermənistan təzyiq hiss etmədən addım atmaq qabilliyətində deyil” Fikrət Sadıqov: “Ermənistan təzyiq hiss etmədən addım atmaq qabilliyətində deyil”

“Ermənilər ümid edir ki, Brüssel görüşündə kimsə onların başlarını sığallayacaq”

Fikrət Sadıqov: “Ermənistan təzyiq hiss etmədən addım atmaq qabilliyətində deyil”

Politoloq Fikrət Sadıqov AzNews.az analitik-informasiya portalına açıqlama verib.

O bildirib ki, Soçi görüşündən sonra Ermənistanın proseslərə açıq şəkildə maneələr törətdiyi aydın olur.

“Ermənistan üçtərəfli komissiyanın işinə problemlər yaradır. Qəsdən hansısa problemlərlə bağlı məsələyə aid olmayan müzakirələr təklif edir. Əsas məsələ kommunikasiya və dəhlizin açılmasıdır. Eyni zamanda sərhədlərin delimitasiyası və demarkasiyasıdır. Əslində burada çətin , mürəkkəb bir problem gündəmə çıxmır. Bunu Soçidə Putin də açıq şəkildə dedi ki, həm dəmiryolu, həm də nəqliyyat yolları açılmalı və dəhliz işləməlidir”.

Fikrət Sadıqovun sözlərinə görə, Ermənistanın Brüssel görüşü ilə bağlı müəyyən gözləntiləri var:

“Düşünürəm ki, ermənilərin Brüssel görüşündən müəyyən gözləntiləri var. Onlar çox ümid edirlər ki, Brüsseldə kimsə onların başını sığallayacaq. Erməni tərəfi uduzmuş tərəf kimi başa düşür ki, həm 10 noyabr bəyannaməsinə, həm də Soçidə əldə olunan razılığa əməl etsə, bunlar yenə Ermənistanın daxilində müxalif qüvvələrlə üzləşəcəklər. Görünür, bununla bağlı məsələlərin də təsiri var. Çünki bu daxili siyasət məsələsidir. Onlar müəyyən mənada bu qüvvələrdən çəkinirlər. Ancaq onlar başa düşməlidirlər ki, bu məsələləri uzun müddət əngəlləmək olmaz. Ona görə ki, əldə edilmiş razılaşmalarda imzaları var".

Politoloq sonda əlavə edib ki, rəsmi İrəvan anlamalıdır ki, Azərbaycan da baş verənlərə seyirçi mövqeyindən baxmayacaq. Öz mövqeyini gücləndirəcək.

"Mən şübhə etmirəm ki, Azərbaycan diplomatiyası əlindən gələni edəcək ki, Rusiya və digər xarici oyunçular Ermənistana təsir göstərsinlər. Görünür, Ermənistan təzyiq hiss etmədən heç bir addım atmaq qabilliyətində deyil”, - deyə F. Sadıqov qeyd edib.

Şəbnəm Zahir