İlyas Hüseynov: “Alen Simoyanın Ermənistanın prezidenti postunda oturması N.Paşinyanın maraqları daxilindədir” İlyas Hüseynov: “Alen Simoyanın Ermənistanın prezidenti postunda oturması N.Paşinyanın maraqları daxilindədir”

“Paşinyan öz marionet namizədini prezident kürsüsünə oturdacaq”

İlyas Hüseynov: “Alen Simoyanın Ermənistanın prezidenti postunda oturması N.Paşinyanın maraqları daxilindədir”

Politoloq İlyas Hüseynov Ermənistan Prezidenti Armen Sakisyanın istefası ilə bağlı AzNews.az analitik-informasiya portalına açıqlama verib.

O bildirib ki, Armen Sarkisyan erməni siyasətçilər arasında ən ağıllı, nüfuzlu və təhlükəli siyasətçi idi: “Nəzərə almaq lazımdır ki, onun Böyük Britaniyada, Vatikanda, ABŞ-da və xüsusilə də ərəb dünyasında çox geniş əlaqələri vardır. O, tez-tez BƏƏ-yə rəsmi səfərlərə gedirdi. Düzdür, onun orada şəxsi biznesi var, lakin eyni zamanda, BƏƏ-nin şeyxi ilə kifayət qədər möhkəm münasibəti mövcuddur. Onu Serjik Sarkisyan təyin etmişdi. Generalların qiyamı zamanı xüsusi canfəşanlığı sayəsində 1-ci posta öz iddiasını ortaya qoymaqla yanaşı, xalq arasında reytinqə işləyən bəzi addımlar atdı. Sarkisyanı istefaya iki səbəb vadar edə bilər: Fransaya meyilli komanda Britaniyaya bağlılığı ilə seçilən təmsilçisini uzaqlaşdırmaq qərarına gəlib. İkinci səbəb A.Sarkisyan xarici dostlarından dəstək alıb, indi N.Paşinyanın yerinə iddialı olacaq”.

Politoloq Ermənistanın yeni prezidentinin kim ola biləcəyi ilə bağlı sualı cavablandırarkən konstitusiyaya əsasən, yeni prezident seçilənə qədər prezidentin səlahiyyətlərini Ermənistan Milli Assambleyasının sədri - Alen Simonyanın həyata keçirəcəyini qeyd edib.

"Yunanıstanda istirahətləri ilə məşhurlaşan A.Simoyanın Ermənistanın prezidenti postunda oturması N.Paşinyanın maraqları daxilindədir. Düşünürəm ki, böyük ehtimalla A.Simonyan elə Ermənistanın 5-ci prezidenti olacaq. Zəruri hadisələr zəncirini də qeyd edək. A.Sarkisyan BƏƏ-yə uçur, qayıdır, müalicə üçün məzuniyyətə gedir. Eyni zamanda, Alen Simonyan ABŞ-a səfər edir və Amerikadan qayıtdıqdan sonra prezident istefa verir. Ermənistanın Konstitusiyasına uyğun olaraq növbədənkənar prezident seçkiləri fevralın ortalarında keçirilməlidir. Yeni prezidentin seçilməsi istefa verdiyi gündən 25 gündən tez və 35 gündən gec olmayaraq keçirilə bilər. Bütün deputatlar namizədlik irəli sürə bilər, Köçəryançılar və Sarkisyançılar da cəhd edə bilərlər. Yeni prezidenti seçmək üçün minimum 80 səs lazımdır. N.Paşinyanın parlamentdə 79 yeri var. Sual yaranır: parlamentdəki “Qarabağ klanı” arasında “paşinyançı” kim olacaq? Əgər seçkilərin birinci turunda yeni prezidentin adı məlum olmasa, ikinci turda deputatların 65 səsi kifayət edəcək. Onda N.Paşinyan böyük ehtimalla öz marionet namizədini prezident kürsüsünə oturdacaq”,- deyə o əlavə edib.

Şəbnəm Zahir