Deputat: "Azərbaycan separatçıların özbaşınalıqlarına əbədi dözmək niyyətində deyil"

Erməni silahlı qüvvələri Laçın rayonu istiqamətində mövqelərimizi atəşə tutub və Xocalı istiqamətində fortifikasiya qurğuları quraşdırmağa cəhd edib.

Mövzu ilə bağlı millət vəkili Azər Badamov AzNews.az-a açıqlamasında bildirib ki, Azərbaycan Ordusu ölkənin suverən ərazilərinin bütövlüyünə nəzarəti təmin edib. Ermənistanla sərhəddə Laçın yolunda nəzarət keçid məntəqəsini yerləşdirməklə iki ölkə arasında şərti sərhəd bərpa olunub:

“Amma Qarabağdakı separatçılar öz mövqelərini möhkəmlətməyə və təxribatlara əl atmağa cəhdlər edirlər. Belə ki, Ermənistan Laçın istiqamətində atəşkəsi pozub, 7 iyunda sülhməramlıların nəzarəti altındakı ərazilərdəki erməni silahlıları ordumuzun mövqelərini atəşə tutub və Ağdam, Xocavənd və Şuşa rayonları istiqamətində fortifikasiya qurğuları quraşdırılmasına cəhd göstərib”.

Azər Badamov qeyd edib ki, Ali Baş Komandan tərəfindən ordumuza əmr verilərsə, Qarabağdakı silahlıları bir gündə silahsızlaşdırıb təslim edə bilərik:

“Çox təəssüf ki, separatçılar bunu anlamaq əvəzinə Rusiya sülhməramlılarına arxalanaraq öz çirkin əməllərini davam etdirmək istəyirlər. Azərbaycan separatçıların bu özbaşınalıqlarına əbədi seyr etmək və dözmək niyyətində deyil. Ərazilərimizdə təxribatlara davam edəcəyi təqdirdə antiterror əməliyyatı qaçılmaz olacaq və bütün silahlılar zərəsizləşdiriləcək. Bu, Azərbaycanın suveren hüququdur. Hesab edirəm ki, bu hüquqdan istifadə olunacaq”.

Rəşid Qarayev