Xalq artisti, tanınmış muğam ifaçısı Mənsum İbrahimovun AzNews.az-a müsahibəsi Xalq artisti, tanınmış muğam ifaçısı Mənsum İbrahimovun AzNews.az-a müsahibəsi

“Ağdamda tikilən Muğam Mərkəzi Azərbaycana töhfədir” – Mənsum İbrahimovla MÜSAHİBƏ

Xalq artisti, tanınmış muğam ifaçısı Mənsum İbrahimovun AzNews.az-a müsahibəsi

- Mənsum müəllim, dünən Ağdam Muğam Mərkəzinin açılışı olub. Bu barədə danışmanızı istərdik.

- Ağdam həmişə Qarabağda bir mədəniyyət mərkəzi rolunu oynayıb. “Xarı bülbül” kimi festivallar orada keçirilib. Hazırda 80 faizi düşmən işğalı altında olan Ağdam, vaxtilə çal-çağırlı bir rayon olub.
Çox hörmətli Mehriban xanım Əliyevanın sayəsində Ağdamda Muğam Mərkəzi tikildi. Dünən Cənab prezident və onun xanımının iştirakı ilə mərkəzin açılışı oldu. Açılışda Ağdamdan olan xanəndələr də iştirak edirdi. Arxitektura cəhətdən Muğam Mərkəzi çox möhtəşəmdir. Səhnəsi bir dünyadır. Sinif otaqları düşünülmüş tərtibatdadır. Hesab edirəm ki, bu mərkəz Azərbaycan muğamı üçün böyük bir töhfədir. Bütün xanəndələr mərkəzdə konsert proqramı ilə çıxış edəcəklər. Bundan əlavə, orada “Muğam” müsabiqələri də keçiriləcək. Həm də bu mərkəz düşmənlə üz-üzə yaşayan insanlara yaxşı bir stimuldur, onlara ruh yüksəkliyi verir. Həmin insanlar hiss edirlər ki, dövlət bunların arxasındadır, sahibsiz deyillər. Prezident və Mehriban xanım Əliyeva öz çıxışlarında bunları dönə-dönə vurğuladılar.

- Tədbirdə xalq artistlərindən kimlər çıxış etdi? Açılışda iştirak edən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva xanəndələrlə görüşüb. Bununla bağlı təəssüratlarınızı bölüşərdiniz?

- Xalq artistlərindən Arif Babayev, Ramiz Quluyev, Aygün Bayramova və mən. Açılışda bizim həm də Mehriban xanım Əliyeva ilə görüşümüz oldu. Söhbətin mövzusu Azərbaycan muğamı və “Muğam” müsabiqələri idi. Mehriban xanım dedi ki, “Muğam” müsabiqələri keçirilməlidir və bu, xalqa lazımdır. Çünki müsabiqə muğama yeni gənclər və yeni səslər gətirir. Bu da Azərbaycan muğamının nəsildən-nəslə keçməsi və yaşaması üçün lazımdır. Eyni zamanda, Mehriban xanım Azərbaycan muğamının inkişafından da razı olduğunu bildirdi. Mehriban xanımla söhbətdən çox gözəl təəssüratlarla ayrıldıq. Bu, bir daha göstərdi ki, dövlət musiqiyə, mədəniyyətə və sənət adamlarına arxadır.

- Ağdam Muğam Mərkəzinin fəaliyyəti nədən ibarət olacaq?

- İlk növbədə, mərkəz konsert salonu kimi fəaliyyət göstərəcək. Orada təkcə Qarabağ deyil, Azərbaycanın bütün sənət adamları ilə bağlı tədbirlər keçiriləcək. Həmişə “Muğam” müsabiqələrinin bir həftəsi ayrı-ayrı rayonlarda keçirilir. Düşünürəm ki, bu dəfə həmin rayonların arasına Ağdam da olacaq. Mərkəzdə hər cür şərait var. Dərslər keçirilməsi üçün sinif otaqları da var.

- Xalq artisti Mənsum İbrahimovun Ağdam Muğam Mərkəzində dərs demək arzusu varmı?

- Biz xanəndələrin hər birinin burada işi, dərsi çoxdur. Amma zaman-zaman orada ustad dərsləri demək istəyərdim. Belə bir arzum var. Özüm Ağdama tez-tez gedib-gəlirəm. Ağdamda “Şür” ansamblı vardı, hazırda onu yenidən bərpa etmişik. Ağdama yeni icra başçısı təyin olunub. Vaqif Həsənovun sayəsində ansambl bərpa olunub. Mədəniyyət naziri Əbülfəz Qarayev mənə dedi ki, “get o ansambla bax”. Getdim, ansablın üzvləri ilə tanış oldum, məşqlərində oldum. Artıq onların repertuarına da nəzarət eləyirik. Məqsədimiz həmin ansamblı inkişaf etdirməkdir. Vaxtı ilə bu ansambl çox şöhrətli olub. Muğam Mərkəzi fəaliyyətə başlayandan sonra bu ansambl daha da şöhrətlənəcək. Biz də bu yolda əlimizdən gələni edəcəyik.

- Sizi “Məcnun” rolunda bir də nə vaxt görə biləcəyik?

- Bu mövsümdə yaradıcılıq planlarım çoxalıb. “Məcnun” obrazında çox az halda çıxıram. Meydanı gənclərə vermişəm. İldə 1-2 dəfə tamaşaçıların istəyi ilə oynayıram. Yerdə qalanlarında meydanı gənclərə vermişik. “Muğam” müsabiqələrinin nəticəsində 17 nəfər iştirakcını biz Opera və Balet Teatrına cəlb etmişik. Artıq onların hər biri baş rolda oynayır. Bəziləri də mənim tələbələrimdir. Mən onların hər birinə uğurlar arzulayıram. Ustadlarım kimi mən də çalışıram ki, özümdən sonra bu sənətdə davamçılarım olsun. Düşünürəm ki, buna da nail olmuşam.

Bahar RÜSTƏMLİ
AzNews.az

image description image description image description image description image description