Çingiz Aytmatovun 90 illiyi keçiriləcək - Azərbaycanlı yazarlar da orda olacaq

Yazıçının nəşr olunan yeni 30 kitabının təqdimetmə mərasimi və sərgisi keçiriləcək.

Dekabrın 6-da Qırğızıstan Milli Elmlər Akademiyasının böyük zalında Türk dünyasının məşhur yazıçısı Çingiz Aytmatovun 90 illik yubileyi keçiriləcək.

AzNews.az Orta Asiya Xəbər Xidmətinə istinadən xəbər verir ki, "Aytmatovun müasirləri: Mənim tanıdığım Aytmatov" adlı yubiley tədbirində Qazaxıstan, Özbəkistan, Türkiyə və Azərbaycandan da qonaqların iştirakı gözlənilir.

Tədbirin Qırğızıstan Elmlər Akademiyasının Çingiz Aytmatov adına Dil və Ədəbiyyat İnstitutu tərəfindən təşkil edildiyi deyilir.

Tədbir çərçivəsində yazıçının nəşr olunan yeni 30 kitabının təqdimetmə mərasimi və sərgisi keçiriləcək.

"Uçur" teatrı tərəfindən hazırlanan "Jaabars" tamaşası göstəriləcək, Aytmatovun həyat və yaradıcılığına həsr olunan film də nümayiş etdiriləcək.

Yazıçının ədəbi fəaliyyəti haqda xaricdən gələn qonaqların da çıxışları gölzənilir.

Babək Göyüş

© AzNews.az