“Biz ucuzluğa öyrədildik” “Biz ucuzluğa öyrədildik”

Araz Elsəs: “Ahmet Kaya yüksəldiyi yerdə qalsaydı, daha yararlı olardı!” – MÜSAHİBƏ

“Biz ucuzluğa öyrədildik”

AzNews.az ozan Araz Elsəslə yazılı müsahibəni təqdim edir.

- Bir neçə gün əvvəl, noyabrın 27-də ad gününüz oldu. Təbrik edirik. Ömrün 46-cı ilində özünüzü necə hiss edirsiniz, qəriblikdə olmaq çətin deyil ki?

- Çox sağ olun, dəyərli Mirmehdi bəy, özümü daha yaxşı hiss edirəm, dündən daha güclü, aydın gələcəyə bir addım daha yaxn!

- Hazırda fəaliyyətiniz nədən ibarətdir?

- Yeni albom, yeni klip projeləri, konsert hazırlıqlarımız...

- Araz Elsəs sevərləri yeni albomla nə zaman sevindirəcəksiniz?

- Yeni klipimiz çox yaxında, albom isə 2019-un birinci yarısında olacaq.

- Əvvəllər Azərbaycanda çox məşhur idiniz. Elə bil populyarlığınız bir qədər azalıb. Yeni nəsil sizi demək olar, tanımır. Sizcə, buna səbəb nədir?

- Atalar demiş: “Gözdən uzaq, könüldən uzaq!” Ayrılıq öz yarığını dərinləşdirməkdə! Qovuşmağa, daha tez-tez görüşməyə can atsam da... Nəysə...

- Xatırlayırsınızsa, bir müddət əvvəl Cənubi Azərbaycanda yayılan “Səni deyirlər” adlı bir mahnı trendə çevrildi, o cümlədən şimalda da böyük maraqla qarşılandı. Bir Cənubi Azərbaycanlı və bu mövzuya hər zaman həssas biri kimi bu trendi necə qarşıladınız?

- Biz ucuzluğa öyrətildik, yiyəcəklərimizdən dinləyəcəklərimizədək həp ucuz olsun!!! Bizləri söyüşlə, alçaldıcı, aşağılayıcı sözlərlə küçələrə çıxara bilirlərsə, demək, hələ çoox dayazlarda gəzişirik, gözümüzün içində düşünürük!!!

- Mahnılarınızın əksəriyyəti ideolojidir. Sizcə, onların ideoloji tərəfi ağır basır, yoxsa sənət tərəfi?

- İdeoloji deməzdim, mən sağçı, solçu olmadan sağdan da, soldan da olan, biri-birindən dəyərli söz ustalarının yazdığı şeirləri bəstələmiş ve oxumuşam, sağ əzildiyində sağda, sol əzildiyində solda durmaqdan yanayam! Sağ da mənim, sol da mənim, lap elə sağ əlimizlə sol əlimiz kimi, bunların arasında harmoniya olursa, bu ağrılı başımızın acısı da az olar, deyə düşünürəm!

- Bu universal suala sizin cavabınız necə olardı: sənət sənət üçün, yoxsa sənət xalq üçün?

- Bu sualı dəyişik şəkildə cavablamaq olar. Daha doğursu ikisini də doğru görürəm, ancaq içində yaşadığımız durumda çəkdiyimiz ağrılar, yaşantımız, beynimizdəki hörümçək torlarından əl-ayağımızdakı düyünlərdən qurtulmaq özü çox böyük bir sənət olardı, deyə düşünürəm. Ona görə də yazdığım mahnılarla xalqımızın aydınlığı, gerçək özgürlüyü yolunda azda olsa, borcumu ödəməyə çalışıram!

- Sizcə ideoloji sənətin dövrü keçməyibmi, yoxsa dünyada hələ də aktualdır?

- İdeolojilər canlı varlıqlar kimi doğular, yaşayar ve ölə bilər, mənim sorunum ideoloji sorun deyil, mənim sorunum insanların ideolojisindən, dilindən, dinindən, rəngindən asılı olmayaraq, bir-birinə insanca davranması, Yer üzündə insanca bir harmoninin yaranmasıdır! Çətindir, ancaq imkansız deyil!

- İki ozan: Ahmet Kaya və Araz Elsəs. Biri sol, digəri sağ. Bir zamanlar Azərbaycanda hər ikiniz kifayət qədər məşhur idiniz, sevilirdiniz. Maraqlıdır, Araz Elsəs üçün Ahmet Kaya kimdir?

- Yenə vurğulamaqda yarar görürəm, mən sağçı və ya solçu deyiləm, mən millətimin ağrı-acılarından söyləyən biriyəm, solum ağrıyınca soldan, sağım ağrıyınca sağdan yanayam, dünyanın gəlişmiş yerlərində olduğu kimi, bizdə də bu sorunların çözülməsinə inaniram!

Ahmet Kaya da zamanının, içində yaşadığı durumdan, sorunlardan söz açan birisi olaraq, Türkiyədə çox dinlənilən, sevilən birinə çevrildi, yalnız solda qalsaydı, yenə də ən azı olduğu yerdə qalacaqdı, ancaq istəyərəkdənmi-istəməyərəkdənmi PKK məsələsinə qarışınca populyarlığı düştü, məncə yüksəldiyi yerdə qalsaydı özü üçün də, çevrəsi üçün də daha yararlı olardı!

- Nazim Hikmətin “Hasret” şeirinə mahnı bəstələdiniz. Nazimə müraciət etməyə səbəb nə oldu?

- Nazım, Atsız, Almas İldırım, Xəlil Rza, Bəxtiyar Vahabzadə, Necip Fazıl, Mehmet Akif, Oljas Süleymanov, Çingiz Aytmatov və... bunların hamısıyla eyi zamanda tanış olmuşam, sağa-sola ayırmadan sevə-sevə oxumuşam, sağdan və ya soldan olduğuna görə kimsəni dışlamağı doğru görmürəm, Nazım türkün çox böyük bir şairidir. Yazdığı, işlətdiyi türkcə aparı, tər-təmiz bulaq suyudur, modern dövrümüzün ən böyük söz ustasıdır, onu sevməmək imkansız, Nazımın bir neçə şeirinə mahnılarım var.

- Ən çox sevdiyiniz şairlər kimlərdir?

- Yuxarıda yazdıqlarım, müasirlərdən isə Musa Yaqub, Ramiz Rövşən, Vaqif Bayatlı, Əlisəmid Kür, Rüstəm Behrudlu və...

- Nədənsə şəxsi həyatınız barədə demək olar heç danışmırsınız. Səbəb? Bəlkə bizə açıqlayasınız?

- Evliyəm, iki balam var: biri qız, biri oğlan. İsveçdə yaşamaqdayıq.

- Azərbaycanda nə zaman konsert verəcəksiniz?

- Bilmirəm, ola bilsin yazda. O gözəl yurdu çox özlədim, sizlərə, ağrın aldığım o gözələ sevgilər, sevgilər, yenə sevgilər!

Mirmehdi
AzNews.az

image description