Bu gün böyük qırğız yazıçısı Çingiz Aytmatovun 90 yaşı tamam olur Bu gün böyük qırğız yazıçısı Çingiz Aytmatovun 90 yaşı tamam olur

Təbiətin özü kimi güclü yazıçı – Çingiz Aytmatov-90

Bu gün böyük qırğız yazıçısı Çingiz Aytmatovun 90 yaşı tamam olur

AzNews.az bu münasibətlə qələm əhli arasında “Çingiz Ayıtmatovun türk və dünya ədəbiyyatında yeri” adlı sorğu keçirib.

Sorğunu təqdim edirik:

Xalq yazıçısı Mövlud Süleymanlı:



“Çingiz Aytmatov mənim bir qələm adamı kimi, ərsəyə gəldiyim vaxtların yazıçısıdır. Onun “Əlvida, Gülsarı”dan başlamış, “Dəniz kənarı ilə qaçan Alabaş”dan tutmuş bütün yazıları mənim ömrümdən, yazı taleyimdən keçib. Ondan çox şey öyrənmişəm. Sözü diri olan, özününün yanaşması, hadisəni bütöv görmə bacarığı, rus dilində yazsa da hardasa rusa bənzəməyən stilə sahib yazıçıdır. Çingiz Aytmatovun yeri çox yuxarılardadır. Təbiətin ən güclü şəkildə ifadəsini mən Çingiz Aytmatovun yaradıcılığında görmüşəm. Buna görə də deyərdim ki, təbiətin özü kimi güclü yazıçıdır Çingiz Aytmatov”.

Şair Rəbiqə Nazimqızı:



“Şübhəsiz ki, Aytmatovun yeri danılmazdır, türk təfəkkürünün, şüurunun, mədəniyyətinin, totemlərinin ədəbiyyata gətirilməsi və üstəlik, onların dünyaya çıxarılması baxımından onun xidmətlərini danmaq olmaz. Amma və lakin mən istəyirəm, onun mənim üçün yeri barədə bir neçə kəlmə deyim: bu həzin, ağrısı da, sevinci də doğma nəsrdir, həm layladır, həm marş. Çingiz Aytmatov mənim üçün nağıla köçmüş həqiqətidır, ən çətin məqamlarda adamı tərk etməyən ümiddir. Düşünürəm, üslubumun formalaşmasında onun rolu az olmayıb”.

Şair Əvəz Qurbanlı:



“Çingiz Aytmatov bir qələm adamı olaraq sovet dövründə yetişsə də, o, ədəbiyyat tarixində proletar yazıçısı kimi qalmadı. Bütün əsərlərini rus dilində yazmasına baxmayaraq, Aytmatov türk mədəniyyətinin zənginliyini hər fürsətdə təbliğ etməyi də ustalıqla bacarırdı. Lakin o, heç vaxt yaradıcılığını millətçi baxışlarla məhdud çərçivələrə salmadı.
Bu baxımdan, deyə bilərik ki, Aytmatovun böyüklüyü, təkcə onun bədii sənətkarlığı, bənzərsiz təhkiyə dili ilə bağlı deyildi. O, bəşəri ideyaları milli düşüncə süzgəcindən keçirib, dinindən, irqindən, dilindən asılı olmayaraq bütün insanların qəlbinə yol tapmağı bacaran qüdrətli yazıçı idi. Onun üçün istənilən mövzuda əsas faktor - İNSANdır. Çingiz Aytmatovun dünya miqyaslı yazıçı olmasını şərtləndirən əsas amillərdən biri də elə bu idi”.

Yazıçı Şərif Ağayar:

“Çingiz Aytmatovu üç dəfə tanımışam. Birincidə əsərləri ilə. Ümumi qənaətim budur: Böyük yazıçıdır! Buna heç vaxt şəkk-şübhəm olmayıb. İkinci dəfə onu şəxsən gördüm. 2000-lərin ortaları olardı. “Rus kitabı günləri”ndə iştirak etmək üçün Bakıya gəlmişdi və AYB-nin Natəvan klubunda çıxış edirdi. O, “Drujba narodov” jurnalının nəşrinin bərpa edilməsi ideyası ilə çıxış edəndə dəhşətə gəldim. Adam “Əsrə bərabər gün” romanındakı sadəlövh qəhrəmanlara bənzəyirdi. Üçüncü dəfə, bir neçə il əvvəl, Samsunda makedoniyalı şair, ədəbiyyat bilicisi Erol Tufanla söhbət edirdim. Dedi, türk dünyasının ən böyük yazıçısı Çingiz Aytmatovdur. Dedim, arqumentiniz nədir? Dedi, o, dünyanın bədii təfəkkürünə yeni anlayış gətirdi. Mən postsovet məkanında yaşayan birisi olaraq bu həqiqəti bilirdim. Amma makedoniyalı qələm adamının, dünya mədəniyyətini çox yaxşı bilən bir şəxsin bu gözlənilməz etirafı içimi silkələdi. Demək, Aytmatov heç də biz düşünən kimi sovet sərhədləri daxilində qalan yazıçı deyilmiş. O, dünyanı fəth etmək iqtidarındadır və bunun yavaş-yavaş edəcək. Yuxarıda adını çəkdiyim əsər dünyanın ədəbi inciləri sırasındadır.”

Təhsil eksperti Etibar Əliyev:

“Aytmatov, demək olar, bütün əsərlərində mifoloji mövzuya müraciət edib. Qərbin Böyük yazıçıları da bu mövzunu həmişə önə çəkiblər. Aytmatov müsahibələrinin birində deyirdi ki, onun yazıb-yaratdığı dövrdə heç televizorları olmayıb: "Mənim nənəm, mənim televizorum idi", - demişdi. Oxşar fikrə böyük Yuqoslaviya yazıçısı İvo Andriçdə də rast gəlmişdim. Sovet vaxtı biz onun əsərləri ilə yaşamışıq. Tələbə yataqxanasında onun kitablarını növbə ilə oxuyurduq. Aytmatov son əsərlərinin biri olan "Kasandra damğası" ilə sübut etdi ki, həm də fəlsəfi roman ustasıdır. Onun əsərlərinin personajları uzun illər yaddaşlardan silinməyəcək”.

Yazıçı Etimad Başkeçid:

“Çingiz Aytmatov hələ sağlığında əfsanəyə çevrilmiş böyük sənətkar və söz ustasıdır. Dünyanın bütün mədəni dillərinə tərcümə olunan əsərlərinin ümumi tirajı on yox, yüz milyonlarla ölçülür. “Kiçik xalqın böyük oğlu” epiteti ona görə deyil, çünki belə bir sənətkarı yetişdirən xalq “kiçik” sayıla bilməz.

Çingiz Aytmatov bütün türklərin yazıçısıdır. Özüm şahidiyəm, doxsanıncı illərdə Moskva Ədəbiyyat İnstitutunda oxuan “türkdilli” tələbələrin hamısı onunla fəxr edirdi. Çigiz Aytmatovun böyüklüyü həm də özündən sonra məktəb qoyub getməsində özünü büruzə verir. O, dünya ədəbiyyatında yeni istiqamət yaratmış sənətkardır. Bu barədə o qədər yazılıb ki, bir də təkrarlamağa ehtiyac görmürəm. Şübhəsiz, Aytmatova dodaq büzənlər də olub, indi də var, amma bu, onun böyüklüyündən heç nə əskiltmir. Çünki, Çingiz elə bir mərtəbədədir ki, məşhur ibarəylə desək, kimin xoşuna gəlib-gəlməməyi onun özü müəyyənləşdirir. Çingiz Aytmatov indiki dirilərin çoxundan daha diridir. Ona görə, yaşasın, var olsun deyirəm!”

Mirmehdi
AzNews.az