Xalq rəssamı, heykəltəraş Ömər Eldarov romantik aktyor məktəbinin banisi sayılan aktyor və rejissor Hüseyn Ərəblinskinin qəbirüstü abidəsini hazırlayır. Xalq rəssamı, heykəltəraş Ömər Eldarov romantik aktyor məktəbinin banisi sayılan aktyor və rejissor Hüseyn Ərəblinskinin qəbirüstü abidəsini hazırlayır.

Hüseyn Ərəblinskiyə abidə hazırlanır

Xalq rəssamı, heykəltəraş Ömər Eldarov romantik aktyor məktəbinin banisi sayılan aktyor və rejissor Hüseyn Ərəblinskinin qəbirüstü abidəsini hazırlayır.

Bu barədə heykəltəraş özü məlumat verib.

Onun sözlərinə görə, abidənin hazırlanması başa çatmaq üzrədir: “Üzərində çoxlu dəyişikliklər etdiyimə görə tamamlaya bilməmişəm. Hüseyn Ərəblinski Fəxri Xiyabanda dəfn olunub. Əsl adı Hüseynbala, soyadı Xələfovdir. O, 38 yaşında 1919-cu ildə qohumları tərəfindən tutulan “killer” tərəfindən öldürülüb. Hüseyn Ərəblinski çox yaraşıqlı aktyor, istedadlı rejissor olub.

Abidə üzərində işləməzdən əvvəl araşdırmalar apardım. Əvvəllər elə bilirdim ki, səhnədə güllələnib. Məlum oldu ki, evində qətlə yetirilib. Onun qohumları düşünürmüş ki, Hüseyn Ərəblinski səhnədə oynayıb klounluq edir və bununla da milləti biabır edir. Buna görə də “killer”ə onun öldürülməsi barədə sifariş verilib. Səhv etmirəmsə, bu tapşırıq onun dayısı oğluna həvalə olunub”.

Ömər Eldarov qeyd edib ki, 1919-cu illərdə teatr inanılmaz dərəcə məşhur olub: “O vaxt teatr inkişaf etməmişdi, orada peşəkarlar çalışmırdı, amma cəmiyyətin teatrlara rəğbəti vardı, insanlar tamaşalara, operalara axın edirdi.

Rusiya imperiyasında vəAvropada teatr populyarlıq qazanmışdı. Kino, televiziya təbii ki, yox idi, amma teatr çox məşhur idi.

Teatr insanların Şekspir, Höte, Çaykovski, Çexovla tanış ola biləcəyi yeganə məkan idi. Həm ziyalılar, həm də sadə xalq bu yanaşmanı sərgiləyirdi. Lakin bəzi insanlar teatrı qəbul etmək istəmirdi. Onlar düşünürdülər ki, teatr sənəti İslama ziddir. Bu isə aktyorların işini çətinləşdirirdi”.

Xalq rəssamı deyib ki, Hüseyn Ərəblinski Bakı, Tiflis, Dərbənddə çıxış edən ilk peşəkar aktyorlardan olub: “Ərəblinskinin qətlə yetirildiyi barədə xəbəri eşidən xalq ayağa qalxıb, teatrın qarşısında mitinq keçiriblər. Təxminən minə yaxın insan teatrın önünə yığışıb. Söhbət 1919-cu ildən gedir, sovet hakimiyyəti isə onu müsavatçılar sırasına daxil edib.

Əlbəttə, partiya üzvlüyünün heç bir önəmi olmamalı idi, amma onu müxalif partiyanın üzvü kimi düşmən elan ediblər. O, səhnədə yox, səhnəyə görə öldürülüb. Hüseyn Ərəblinski həyat yoldaşının qucağında can verib. Onun xanımı da məşhur rus aktrisası olub. Lakin Ərəblinskinin ailəsi onu qəbul etmədiyi üçün ölkədən getməli olub.

O zaman üçün bütün bu hadisələr inanılmaz idi. O vaxt radio, televiziya olmasa belə, xəbərlər tez yayılardı. Onun müsəlman qəbiristanlığında dəfninə icazə verməyiblər. Ona görə də onu teatrın bünövrəsində basdırıblar. Lakin bu faktı çox az adam bilirdi.

I Fəxri Xiyaban salınanda görkəmli rejissor Zəfər Nemətovun təşəbbüsü ilə Hüseyn Ərəblinskinin teatrın binasında məzarı tapılıb və nəşi çıxarılaraq Fəxri Xiyabanda dəfn olunub”.

Ömər Eldarov məzar daşının üzərindəki lövhədə şeir parçasının həkk olunduğunu söyləyib: “Şeirin müəllifi qeyd edilməmişdi, biz araşdırdıq, şeirin Məmməd Səid Ordubadiyə məxsus olduğu məlum oldu. Bu şeiri və müəllifin adını böyük hərflərlə abidəyə əlavə edəcəyik”.

Heykəltəraşın sözlərinə görə, qəbirüstü abidə barədə təşəbbüs Akademik Milli Dram Teatrının rəhbəri Azər Paşa Nemətov və Mədəniyyət Nazirliyi rəhbərliyinin ölkə başçısına müraciəti əsasında yaranıb: “Prezident bu işi baş nazirin müavini Hacıbala Abutalıbova həvalə edib.

O özü bu işlə məşğuldur. Ona bu yaxınlarda zəng edib dedim ki, Hacıbala müəllim, abidə demək olar ki, hazırdır, əsasən texniki işləri qalıb, üstü qranitdən örtüləcək. O da qayıtdı ki, artıq işi bitirmisiniz, verin, prezidentə göstərim. Yekun variantda Hüseyn Ərəblinskinin pərdələrdən tutaraq yıxıldığı əks olunacaq”.(teleqraf.com)

© AzNews.az