Məşədixanım Nemətovanın 95 illiyi münasibətilə xatirə tədbiri keçirilib Məşədixanım Nemətovanın 95 illiyi münasibətilə xatirə tədbiri keçirilib

“Əsrin daş yaddaşında mənim də sözüm qaldı”

Məşədixanım Nemətovanın 95 illiyi münasibətilə xatirə tədbiri keçirilib

Yanvarın 8-də görkəmli epiqrafçı alim, AMEA-nın müxbir üzvü Məşədixanım Nemətovanın anadan olmasının 95 illiyi münasibətilə Milli Azərbaycan Tarixi Muzeyində “Əsrin daş yaddaşında mənim də sözüm qaldı” adlı xatirə tədbiri keçirilib.

AzNews.az-ın məlumatına görə, muzeyin direktoru, akademik Nailə Vəlixanlı alimin mənalı ömür yolundan, zəngin elmi yaradıcılığından, qazandığı nailiyyətlərdən danışıb.

O, bildirib ki, Məşədixanım Nemətova Azərbaycanın orta əsrlər epiqrafik abidələrini tədqiq edib. O, 300-dək elmi əsərin, o cümlədən 12 monoqrafiyanın, “Azərbaycanın epiqrafik abidələrinin toplusu”nun müəllifidir. O, 1954-cü ildə namizədlik, 1968-ci ildə doktorluq dissertasiyası müdafiə edib, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilib.

M.Nemətovanın elmi fəaliyyəti təkcə epiqrafik abidələri aşkar etmək, toplamaq, tərcümə və nəşr etməkdən ibarət olmayıb. Alimin çoxillik tədqiqatları nəticəsində aşkar olunan epiqrafik abidələr tarixi mənbə kimi də Azərbaycan tarixinin müxtəlif konseptual problemlərinin tədqiqində mühüm rol oynayır. O, 1948-ci ildən başlayaraq Azərbaycanın tarixi ərazilərini gəzib, 2500-dən çox yazını oxuyub, külli miqdarda yeni və dəqiq faktlarla Azərbaycan tarixşünaslığını zənginləşdirib.

Dosent Həbibə Əliyeva və digər çıxış edənlər Məşədixanım Nemətovanın tarixi irsimizin öyrənilməsində xidmətlərindən bəhs edib, əsərlərinin əhəmiyyətini vurğulayıblar.

AzNews.az