Bəstəkarlar İttifaqının sədri: “Bu mahnını Nəsimiyə yaraşdırmadım!”

“Mənə dedilər ki...”

“Kimlər bu mahnını Nəsimiyə uyğun görürlərsə və televiziya kanalları da göstərirlərsə, öz işləridir, mən bu mahnını qəbul etmirəm”.

Bu sözləri AzNews.az-a açıqlamasında Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə söyləyib.

“Bunlar Nəsimini belə başa düşürlər. Özü də hansı sözlərinə müraciət ediblər! Nəsiminin ən zirvə sözləri sayılan “Məndə sığar iki cahan” qəzəlini göbək rəqsi mahnısında istifadə ediblər. Onlar bunu Nəsimiyə necə rəva görürlər!” – F.Əlizadə deyib.

Kiməsə mahnı bəsətələməkdə qadağa qoymaq ixtiyarlarının olmadığını söyləyən Firəngiz xanım, Prezident İlham Əliyevin 2019-cu ilin “Nəsimi ili” elan olunması ilə bağlı verdiyi Sərəncamdan sonra Bəstəkarlar İttifaqında həyata keçirilən işlərdən də danışıb: “Bizim Nəsimiyə həsr olunmuş çox gözəl əsərlərimiz var. Fikrət Əmirov, Əfrasiyab Bədəlbəyli, Cahangir Cahangirov kimi sənətkarlarımızdan tutmuş bu günə qədər xeyli bəstəkarımız Nəsimiylə bağlı əsər yazıb. Biz onların siyahısını tutmuşuq. Bundan başqa gənc bəstəkarlarla da yeni layihə üzərində işləyirik. Onlara Nəsimiylə bağlı əsər yaradılması üçün sifariş vermişik. Yəni biz Prezidentin sərəncamına çox ciddi yanaşırıq. Amma kimsə Nəsimiyə belə mahnı həsr edirsə, bu, onun öz işidir. Mən şəxsən belə mahnını Nəsimiyə heç yaraşdırmadım”.

Bəstəkarlar İttifaqının sədri məlum mahnıda hind musiqisindən istifadə olunmasını da pisləyib: “Mənə dedilər ki, mahnının musiqisi hansısa hind filmindən götürülüb. Necə ki, başqa şairlərimiz mənimsənilib, sabah hindlilər deyərlər ki, Nəsimi sizin şair deyil, bizimdir. Sərəncam düzgün həyata keçirilməlidir, daha bu cür bəsit səviyyədə yox”.

AzNews.az