Dram rejissorlarının imtahan işləri nümayiş olunub

Kursun rəhbəri Cənnət Səlimovadır

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr sənəti fakültəsinin Dram rejissoru ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin imtahanı işləri nümayiş olunub.

AzNews.az-ın məlumatına görə, kursun rəhbəri Azərbaycanın Xalq artisti, professor Cənnət Səlimovadır.

Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində baş tutan imtahanda ADMİU-unun rektoru professor Ceyran Mahmudova, Teatr sənəti fakültəsinin dekanı sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ellada Hüseynova, Dram rejissoru və səhnə plastikası kafedrasının müdiri dosent Sevda Teymurova, professor Fikrət Sultanov və başqaları iştirak edib.

İmtahan çərçivəsində rejissor tələbələrin hazırladıqları etüdlər nümayiş olunub. Etüdlər üçün “Əhdi-cədid”, “Quran” və Aligyeri Dantenin “İlahi komediya” əsəri ədəbi əsas kimi götürülüb. Tələbələr komissiya qarşısında “Əhdi-cədid”dən “İsa Məsihin birinci möcüzəsi” (rejissor Bella Safina), “Marfa və Mariya” (rejissor Raulya Türkkan), “İsa Məsihin dirilməsi” (rejissor Farida Nesterenko), “Lazarın dirilməsi” (rejissor Yuri Omelçenko), “Quran”dan “Mağara” (Rejissor Cahandar Cəfərli), “Məscid” (rejissor Tamerlan Əsədov), “İlahi komediya”dan isə “Başlanğıc” (rejissor Farida Nesterenko), “Françesko və Paulo” (rejissor Bella Safina), “Qarınqulular” (rejissor Yuri Omelçenko), “Şəhvət düşkünləri” (rejissor Raulya Türkkan) parçalarını göstəriblər. Bu işdə rejissorlara aktyor sənəti ixtisasının tələbələri də yardımçı olub.

İmtahandan sonra Dram rejissoru keçirilən müzakirədə tələbə rejissorların hazırladıqları parçalar rejissura və ifaçılıq baxımından təhlil olunub.

AzNews.az