AzNews.az gənc yazar Orxan Həsəninin yazısını təqdim edir AzNews.az gənc yazar Orxan Həsəninin yazısını təqdim edir

Ədəbiyyatımızın sonuncu samurayı

AzNews.az gənc yazar Orxan Həsəninin yazısını təqdim edir

Söhbət keçən qışdan gedir. Müşfiq Şükürlü və mən İçərişəhərdə xəngəl yeməyə məkan axtarırdıq. Hava buz nəfəsini üstümüzə üfürür. Soyuq bit-birə kimi canımıza daraşıb. İki müşketyor qısılıb bir-birinə. Müşfiq incə biləyini, balaca barmaqlarını havada yelləyib soyuğu dəf eləməyə çalışır. Mənim şərfim boynumda, papağım başımda, yəni rahat, yəni soyuğa qarşı gözü kölgəliyim yox, yanımdakı "Sonuncu Samuray"ın isə boynu-boğazı açıq, əyni nazik üşüyür. Qollarını möhkəm sıxıb özünü qucaqlayır. Kənardan baxsan elə bilərsən, özündən ötrü ürəyi gedir. Təxminən, Bulvardakı sevgililər bir-birini bu cür qucaqlayır; məhəbbətlə. Hə, demişdim axı havada buz soyuğu var. Tələsik bir məkan tapıb soxuluruq içəri. Söhbətimizə burda davam edirik. Müşfiq əllərini çərpələng kimi geniş açıb nəyinsə ölçüsünü göstərir. Bax, gözləri hədəqəsindən çıxıb böyüdü. Bu vəziyyətdə onu Kafkaya bənzədirəm. Ancaq üstün vurmuram. Bilirəm ki, Kafkadan zəhləsi gedir, Müşfiqin. Birdə gördün asta-asta dilinin altında mızıldanır.

- Kafkaya aid olan hər şey məndə ikrah doğurur.

Olsun belə. Kafkanı Müşfiqin çərpələng kimi geniş açılan qollarına bağışlamaq olar. Belə vəziyyətdə elə bilirsən, gülümsəyib deyir, "Ey bəşəriyyət, bax, bir yazıçı qucağı boydasan". Ancaq anlayanda ki, bu müqayisə yerinə düşmədi, o zaman içindən keçir ki, qucağına gözlərindən də pay versin və beləcə gözlərini elə açır ki, elə bil bu vəziyyətdə hər şey onun gözləri boydadır.

Həmişə gözlənilməz olan dostum birdən, İbrahim Tatlısesdən danışır. “Uşaqlıq sevgilisi” Beren Saat haqqında dil-dil ötür. Birdən Kortasarı qəbirdə tərs çevirir, birdən Pamukun qulağına nəsə pıçıldayır, ( təbii ki, Pamuk da eynəyinin arxasından Müşfiqə göz vurur ), birdə görürsən ki, Selini yoxlayıb.

“Prust üslubun Allahıdır e, Allahı”. Yəqin ki, bu əzəmətli cümlə Müşfiqin pasportudur. Bu cümlə mənə deyir ki, sakitləş Orxan, Müşfiq hələ də diridir, sağdır, deməli, hələ də yazıçıdır. Onu tanıyan adamların hamısı Prustla Müşfiq arasındakı sirli yoldaşlıqdan xəbərdardır.

Elə mən də Prustu onun sayəsində kəşf elədim və qısa zamanda ən sevdiyim yazıçıya çevrildi. Yeddi cildilik epopeyanı su kimi qurtum-qurtum içib. Mənim Prustla xatirələrimin sayı Müşfiqlə söhbətlərimizin sayına bərabədir. Hansı kafedə biri-birimizdən xəbərsiz oturmuşuqsa Müşfiqin “Prustun üslubun...” ifadəsi “Orxan, burdayam, gəl görüm nə yazırsan, nə oxuyursan, yaxşısanmı?” mənasına gəlib.

Həmin gün isə hər şey tamam fərqli oldu.

Müşfiq görüşün başından ayağınacan İbrahim Tatlısesin barbarlığından dəm vurdu. Bitmədi, çıxıb taksiyə mindik. Küçə fənərlərindin gur işığı şəhərə duman kimi çökən qaranlığı yarıb keçirdi. Gec idi. Hərəyə bir bakal pivə alıb yollandıq bizə. Yəqin, kikkillədə-kikkillədə getdiyimiz üçün yol elə uzun görünməmişdi. Kafenin ağzı bizim evin blokuna açılırdı. Nə uzadım axı, Müşfiq evdə belə əlini İbonun yaxasından çəkmədi, demədiyi söz qalmadı, şagird kimi İbrahimin şəklini qabağına qoyub danladı, itin sözün dedi. Mən olsam, lap şəkildə də olsam utanıb qızarardım, ölüb yerə girərdim. Müşfiqin nəfəsi elə-belə nəfəs deyil. Durmaq, dayanmaq bilmirdi. Gürcü xəngəlin yanında içdiyimiz əlli qram araq da, taksidə bir nəfəsə içib canımıza-qanımıza qarışdırdığımız pivə də beləcə zəhər oldu. Nəhayət mənim az qala ortasından ikiyə ayrılan çarpayımda ayaq-baş yuxuya getdik. Mən giriftarın da ağzına bir damcı araq dəysə yuxum ərşə çəkilir. Bütün gecə evin ortasında “yuxu” axtarıram. Yatmaq üçün qoyunları sayan o qəhramanı xatırlayırsız, hə? Elə mən də, ölkənin bütün qoyunlarını sayıb qurtarıram, görsəm ki, bəs eləmədi, Yeni Zellandiyadan qoyun idxal edirəm. Heç olmasa bir saat. Beləcə gecənin bir tövründə oyandım. Müşfiq sayaqlıyırdı. Dilindən bircə cümlə tuta bildi:

- Deyirəm, o barbardı da, barbardı.

Bir siqaret yandırıb Müşfiqin İbrahimə qarşı ittihamlarını düşündüm. İbrahim adı məni “Barbar” ifadəsinə gətirdi. Bu “barbar” ifadəsinin ətəyindən yapışa-yapışa düz gəlib Müşfiqin adına çıxdım. Kim idi axı bu oğlan? Nə işlə məşğul olurdu? Niyə kimisə asanlıqla barbar eləyə bilirdi? Hələ bu işıqlı dünya bəs eləmirdi, yuxusunda da əlini İbrahimin yaxasından çəkmirdi. İkinci siqareti yandırdım və həmin an mənə elə gəldi ki, bu “barbar” eləcə Müşfiqin özüdür. Bəli, özü. Sadəcə, insanın özü haqqında düşüncələri birbaşa hansısa hədəfə doğru (tutaq ki, İbo) istiqamətlənib. Mən əminəm ki, bu cavan oğlan bu həqiqətin fərqindədir və mən əminəm ki, onun həssas və qüssəli qəlbi bu barbarlığı asanlıqla seçib, ortaya qoyub, ancaq həzm edə bilməyib və həzm edə bilmədiyindən indi gecənin bu tövründə əlimi qulaqlarıma tutub özümü “barbar” sözündən qorumağa çalışıram. Öz içində bu nəhənglikdə həqiqətin fərqində olub, ondan xilas ola bilməmək, bir az da özünə kənardan baxmağa. özünü başqa bədənlərə, başqa adlara köçürməyə səbəb olur. Yəni, əziz dostlar, əslində Müşfiq Şükürlü İbrahim Tatlısesin simasında öz içindəki barbarı lənətləməkdən başqa bir şey eləmir. Yoxsa, bu boyda həngaməyə nə ad vermək olar? Heç nə.

Müşfiq içindəki barbarla çox xoşbəxtdir. Ancaq yalnız məişət səviyyəsində. Bu şəraitdə heç nə qorxulu deyil. Sənət və ədəbiyyat isə tamam başqa ampluadır. Bu ampluada həmin barbar Müşfiqi sıxma-boğmaya salır, onun üstünə məişət qılıncıyla gəlir, yazıdan, ədəbiyyatdan küsdürür, ümidini əlindən alır, hamılaşdırıb yox etməyə çalışır. Yəni deyirəm ki, bu barbar Müşfiqi bütöv istəyir. Ona özündən bircə metr də qalmamalıdır. Vəssalam. Bunun üçün ilk öncə ona yazı mətbəxtindən hücm edir. (Görünür, həssas nöqtələrini yaxşı görür). Barbar sənətə də, ədəbiyyata da düşməndir. Heç bir dəyər tanımır. Onun yeganə missiyası pul qazanmaqdır, xəngəl yeməkdir, ya da həftədə bir dəfə yaxşıca içməkdir.

Mən indi anlayram ki, əslində həmin gecə Müşfiqin sayaqlamarı öz içindəki barbarla mübarizəsiymiş. Ona üstün gəlmək cəhtləri alt şüurunda bu cürə ifadə olunubmuş. Onu çəkib canından çıxara bilmirmiş və uduzduqca Müşfiq də yavaş-yavaş yox olurmuş.
İndi o yazmır. Əvvəlki yazılarını şəxsən mən yüksək qiymətləndirirəm. İndiysə ortada köhnə yazılarından başqa heç nə yoxdur. Bir ilə, iki ilə, lap beş ilə Müşfiq silinib gedəcək. Ondan özündən heç bir iz qalmayacaq. İşığı sönəcək. Yaxşı ata, əmi, dayı, yeznə, hətta çalışsa, mübarizə aparsa kirvə də olacaq, amma heç vaxt yazıçı olmayacaq. Axı niyə olsun ? Məcburdu ? deməyinizi hiss edirəm. Amma onu tanıyan biri olaraq demək istəyirəm ki, bu sonuncu samurayın ədəbiyyatsız keçən bir günü özünə xəyanətdir. Barbarlığın təntənəsidir.

İndi nə zaman Müşfiqlə görüşsəm gözləyirəm ki, qollarını çərpələng kimi açıb səsinin ən zil yeriylə desin.

- Orxan, Prust üslubun Allahıdır e, Allahı.

Və mən bilim ki, ədəbiyyatımızın sonuncu samurayı hələ sağdı.

Müşfiq hələ yazıçıdı.

AzNews.az