“Məndə sığar iki cahan”, yoxsa “Məndə sığar ikən cahan”? “Məndə sığar iki cahan”, yoxsa “Məndə sığar ikən cahan”?

Nəsiminin “Sığmazam” qəzəlini ilk dəfə kim səhv oxuyub? - SORĞU

“Məndə sığar iki cahan”, yoxsa “Məndə sığar ikən cahan”?

Nəsiminin məşhur “Sığmazam” qəzəli iki cür oxunur; “Məndə sığar iki cahan” və Məndə sığar ikən cahan” kimi. Görəsən qəzəlin iki versiyada oxunmasının səbəbi nədir? Sizcə düzgün oxunuş hansıdır?

Bu suallara cavab tapaq üçün mütəxəssislərə müraciət etdik.

AzNews.az “Nəsiminin “Sığmazam” qəzəli niyə iki cür oxunur?” sorğusunun cavablarını təqdim edir:

Şair İlqar Fəhmi: “İkən cahan” versiyasi sovet dövründə ortaya atılmışdı. Hürufilik fəlsəfəsini tam dərk edə bilməməkdən qidalanır bu rəy, çünki ideyanın kökündə təxminən bu fikir dayanır ki, hər iki dünya, o dünya da, bu dünya da insanın ruhundan kənarda deyil, içindədi... Bir məqam da var ki, tələffüz və ifa üçün ikən cahan demək daha rahatdi, ona görə bəzən ifaçılar o cür tələffüz edir. Dəqiq deyə bilmərəm ki, bunu ilk deyən kim olub, amma mən özüm uşaq olanda televiziyada Bəxtiyar Vahabzadədən eşitmişdim”.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Qüdsiyyə Qəmbərova: “Nəsiminin “Sığmazam” qəzəlinin hələ indiyə kimi əlyazmalarda “ikən” variantını oxuyan olmayıb. Bu fikri ötən əsrin ortalarında Bəxtiyar Vahabzadə səsləndirib. Mətnşünaslar bilirlər ki, “ikən” sözünün ərəb əlifbasında yazılışı tamam fərqlidir, “iki” sözünün yazılışı tamam fərqli. Bir də ki, “iki cahan” anlayışı Nəsiminin təkcə bu qəzəlində deyil, başqa əsərlərində də verilib. Hələ ötən əsrin yetmişinci illərində əlyazmaları transliterasiya etmiş Cahangir Qəhrəmanovun yazılarında da “ikən” sözünə rast gəlməmişəm. Ona görə də mən o qəzəlin “ikən” kimi oxunmasının qəti şəkildə əleyhinəyəm”.

Fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub: “Məndə sığar iki cahan” versiyası düzdür. “İkən” oxunmasının səbəbi budur: Ərəb əlifbasında “iki” ilə “ikən”in yazılışı çox oxşardır. Orda onları ayıran nöqtələrdir. Əvvəllər bəzən nöqtə qoyulmurdu deyə bu səhv baş verib.”

Şair Əvəz Qurbanlı: “Ümumiyyətlə, təkcə Nəsimi deyil, klassik şairlərimizin əksəriyyətinin əsərlərində sonradan təhrif olunmuş məqamlar kifayət qədərdir. Bu da əsasən, sovet dövründə klassik irsə, bilərəkdən, ya bilməyərəkdən - sayğısız münasibətin nəticəsidir. Təəssüf ki, bu gün də klassik ədəbiyyata baxışlarımız sovet dövründə olduğu kimi qalıb, təsəvvürlərimiz həmin münasibətlər üzərində qurulub.

Konkret olaraq, "Sığmazam" qəzəlindən söhbət gedirsə, bu qəzəldə "iki cahan", yoxsa "ikən cahan" müzakirəsi bayağı söz güləşindən başqa bir şey deyil. Əsərin əlyazmasının hansı nüsxəsində necə yazılmasından asılı olmayaraq, "ikən cahan" ifadəsi həmin beytə yamaqdır. Klassik poeziyanın incəliklərinə bələd olanlar bunu təsdiq edər. Həm məna, həm bədii baxımdan "ikən cahan" ifadəsi yerində deyil.

Ərəb qrafikalı mənbələrin də heç birində həmin qəzəldə, həmin ifadədə "ن" (nun) hərfi yoxdur. Düşünürəm ki, bu mübahisə çox elementar bir xəta nəticəsində başlayıb. Ola bilər ki, hansısa əlyazma nüsxədə "iki" sözünün son hərfi - "ی" hərfinin üzərinə təsadüfi bir nöqtə düşüb, xam oxucu da o hərfi "nun" kimi oxuyub. Bunu ironiya kimi də qəbul edə bilərsiz, amma başqa səbəb görə bilmirəm”.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Məti Osmanoğlu: “Nəsiminin bu qəzəli, əslində, bir variantdadır: “Məndə sığar iki cahan”... “İkən” söhbəti 1970-ci illərdə ortaya atılıb. O vaxt Nəsiminin 600 illik yubileyi həm Azərbaycanda, həm də SSRİ miqyasında təntənəli şəkildə qeyd edilmişdi. Yubiley çərçivəsində dövlət sifarişi ilə “Nəsimi” filmi çəkilmiş, çoxlu elmi məqalələr yazılmışdı. Yubileydən əvvəl orta məktəbdə Nəsiminin “Ağlamaz”/“Ağrımaz” rədifli qəzəli tədris edilirdi və belə bir ümumi təsəvvür yaradılmışdı ki, Nəsimi “Ənəlhəqq” – “Mənəm Allah” dediyinə görə din xadimləri onun ölümünə fitva vermiş, onu diri-diri soymuşdular və Nəsimi soyularkən “Ağlamaz” şeirini söyləmişdir:

Zahidin bir barmağın kəssən, dönüb haqdan qaçar,

Gör bu miskin aşiqi sərpa soyarlar, ağlamaz...

Yubiley havası hələ çəkilməmiş Bəxtiyar Vahabzadənin “Azərbaycan” jurnalında bir məqaləsi çıxdı və məqalədə iddia edilirdi ki, Nəsimi “iki cahan” deyə bilməz, “ikən cahan” deyə bilər. Həmin əsaslandırmanın təfərrüatları tam yadımda qalmayıb. İrəli sürülən və ağlabatan mühakimələrdən biri “iki cahan” ifadəsindən sonra “bu cahan” sözünün gəlməsi ilə bağlı idi: məntiqlə, Nəsimi “mən bu cahanlara sığmazam” yazmalı idi. Daha bir səbəb kimi də Nəsiminin dünyagörüşü, şairin fəlsəfəsində yalnız bir cahana yer olduğu qeyd edilirdi...

Bu fikir Nəsiminin (və Nəiminin) edam edilməsinə əsas kimi göstərilən mülahizənin mahiyyətini bilməyən oxucu kütləsi üçün çox cəlbedici göründü və həmin inersiya hələ də davam etməkdədir...

Əslində, Nəsiminin “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” şeiri təsəvvüf ənənəsində sıx rast gəlinən bir motivlə bağlıdır. Bəqabillah məqamına yüksəlib Ənəlhəqq – “mənəm Həqq” mərtəbəsində olan lirik qəhrəman kəsrət aləmini inkar edib, vəhdət aləmindən danışır. Vəqdətə qovuşmuş kamil insan üçün kəsrət yarada (sayıla) biləcək hər şey inkar olunur. Vəhdət aləmi hər şeyi ehtiva edir və ikiyə, üçə, beşə, şeşə sığmır... Bəqabillah mərtəbəsində bütün varlıq haqq ilə bütövdür, vahiddir. Nəfsindən fani olan insan Haqq ilə qovuşur. Sufi bu mərtəbədə varlığın ən yüksək mərtəbəsindədir. Burada o, ikilik (çoxluq) yaradan bütün amillərdən qurtulur və mütləqə - vəhdətə qovuşur.

Nəsmimin şeiri də heç bir saya, fiziki anlayışa sığmayan mütləqin dilindəndir.

Onu da deyim ki, bu məzmunda Nəsimidən əvvəl Cəlaləddin Ruminin, Nəsimidən sonra isə XIX əsrdə yaşamış Seyid Əbülqasim Nəbatinin də şeirləri var. Maraqlıdır ki, bir vaxtlar Nəbatinin də dünyagörüşünü ateizmlə və ya aqnostisizmlə əlaqələndirənlər olmuşdu...

Bir daha vurğulamaq istəyirəm ki, Nəsiminin qəzəli istisnasız olaraq “Məndə sığar iki cahan” kimi oxunmalıdır.”

Filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva: “Nəsiminin “Sığmazam” rədifli qəzəlinin ilk misrası uzun illərdir ki, mübahisə və müzakirə obyektidir. Əslində “ikən” variantı məşhur şairimiz Bəxtiyar Vahabzadənin sadəcə bir ehtimalı idi. Misranın ərəb əlifbası ilə yazılı orijinal mətnində ifadə “iki cahan” (ایکی جهان) şəklindədir. Şairin anadilli divanının nə əlyazmaları, nə elmi-tənqidi, nə də kütləvi nəşrlərində ifadənin “ikən” variantına rast gəlinmir.

İfadənin “ikən” şəklində oxunması şairin təsəvvüfi görüşlərinə və bu qəzəlin arxitektonikasının əsasında duran ikiliklərə ziddir. Halbuki Nəsimi ilk beytdən başlayaraq, şeirini mütləq və ya nisbi ziddiyyətlər üzərində qurmuşdur.

Şeirdə Nəsiminin “iki cahan” deyərkən nəyi nəzərdə tutmasının fikri açarı onun bir sıra digər beytlərindədir:

Var bu cahandan özgə bizim bir cahanımız,

Surəti bu aləm oldu bizə ol məkanımız.

... Şol kim bizim cahanımız olmuş bu canımız.

Və ya:

Vəsli-rüxün bahasına versəm əgər ucuz olur,

Canü cahanı, hər nə kim, iki cahan içindədir.

“Sığmazam” rədifli qəzəlin ilk misrasının (Məndə sığar iki cahan, mən bu cahana sığmazam) bu kontekstdə oxusu şairin “iki cahan” deyərkən “can” (ruh) və “cahan”ı (bu aləm), “bu cahan” deyərkən isə özünü nəzərdə tutmasını üzə çıxarır. Şairə görə, “mən”ə “iki cahan” – “can” və onda öz əksini tapan “cahan” sığır, amma ilahi mənşəli “mən” “bu cahana”, yəni cismani şəkilli “mən”ə sığmır: Mən “cism evi”mdə olan “can”ın (“bəşər cahanı”) da, “can”ın yerləşdiyi bu “cahan”ın da fövqündəyəm.

Misrada birinci “mən” – cismani varlıq, ikinci “mən” ilahi mənşəli candır (ruh). Birinci cahan “iki cahan” şəklində ifadə olunduğundan “can” və “cahan”, ikinci cahan (“bu cahan”) isə “mən”dir.

Bu fəlsəfənin şərhini ayrı-ayrı tədqiqat işlərimdə təfərrüatlı vermişəm. Qeyd etməliyəm ki, şairin farsca kiçik həcmli “Nəqoncəd” (“Sığmadı”) rədifli şeiri də, anadilli bir çox şeirində yer alan “iki aləm”, “iki cahan”, “dü aləm” və s. kimi irfani terminlər də eyni düşüncənin məhsuludur”.

Mirmehdi
AzNews.az