"Dördüncü divar" layihəsinin qonağı - Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Ramiz Novruzdur. "Dördüncü divar" layihəsinin qonağı - Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Ramiz Novruzdur.

“Elə aktyorlarımız da var ki, yanında güclü tərəf-müqabilinin olmasını istəmirlər”

"Dördüncü divar" layihəsinin qonağı - Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Ramiz Novruzdur.

- Ramiz müəllim, sizinlə ötən söhbətimizin üzərindən dörd il ötür. Yadıma gəlir ki, o zaman maraqlı hekayə əsasında çox kədərli bir fikir səsləndirmişdiniz. "İnsanlar sürətlə İsadan İudaya çevrildilər". Aradan keçən dörd il müddətində fikrinizdə müsbət yöndə dəyişiklik oldu?

- İndi şərait elə deyil ki, insanlar İudaya çevrilməyə məcbur olsunlar. Ancaq insanlar var ki, İuda olmaq üçün, sanki hazır vəziyyətdə dayanıblar və ehtiyac olmadan bu yola gedirlər. Bunun isə nə cəmiyyət, nə teatr, nə də həmin adamın özü üçün heç bir xeyri yoxdur. Amma bilərəkdən buna gedirlər. Adamlar var ki, cılız bir addıma görə belə, çox pis addımlar atırlar, sonra isə bunu sənət təşnəsi, teatr təəssübü, xalqa məhəbbət kimi səciyyələndirirlər. Amma bu əməlləri, sözləri insanların yaddaşından silmək üçün bir nəsil dəyişməli, ən azı da iyirmi il vaxt ötməlidir. Ona görə də bineyi-qədimdən həmişə deyirdilər ki, sənətin mətbəxini açıb tökmək olmaz.

- Bəlkə, mətbəxi bilənlər özləri də bu açıqlığa meyilli oldular?

- Mənim yadıma bir əhvalat düşdü. Bizim böyük aktyorumuz Səyavuş Aslan xasiyyətcə deyib-gülən, zarafatcıl adam idi. Cavanla da, qoca ilə də zarafatı tuturdu. Sonra mən fikir verdim ki, bizim cavanlar onun bu xasiyyətindən sui-istifadə edərək onunla tay-tuş kimi zarafatlaşırlar. Onda mən həmin gəncləri yığıb dedim ki, ola bilər, Səyavuş müəllim sizə onunla zarafatlaşmaq imkanı verir. Amma bu o demək deyil ki, siz çıxıb onun boynunda oturmalısınız. Siz öz məqamınızı qorumalısınız. Çünki bu, Səyavuş Aslandır. Bizim hamımız onun kimi sənətkarlara baxıb bu sənətə gəlmişik. İndi dəhşətli vəziyyət yaranıb. Kim yox, nə sualına cavab verən adamlar böyük sənətkarları, onların işlərini bəyənmirlər. Bizim nəslin nümayəndələri - mən, Nurəddin Mehdixanlı, Bəsti Cəfərova, Zemfira Nərimanova, Rafael Dadaşov bu sənətə gələndə birinci, ikinci roldan sonra teatr artıq bizi qəbul etdi. Amma indikiləri teatr hələ qəbul etməyib, böyüklükdən dəm vururlar. Bu da özlərindən asılı olsa da, olmasa da qəhrəman kimi görünmək istəklərindən yaranır.

- Ümumiyyətlə, istər sizin, istər sizdən əvvəlki aktyor nəslinin nümayəndələri ilə müqayisədə bugünkü gənc aktyorlar çox sönük, amma böyük iddialara sahibdirlər...

- Bilirsiniz, bu məsələdə əsas problem məktəbsizlikdir. Sizinlə ciddi söhbət etmək olar deyə, bir məsələyə diqqətinizi çəkmək istəyirəm. Baxın, Akademik Milli Dram Teatrı ölkənin birinci teatrı hesab olunur. Teatr yoxdur, əvvəlki aktyorlar yoxdur deyib, teatra gəlməmək çox asandır. Siz təsəvvür edin ki, rus tamaşaçıları indi teatra getmirlər ki, Smoktunovski, Yankovski artıq yoxdurlar. Sənətə bu cür münasibət, yanaşma olmaz.

Hərdən mənim özümə də xırdalanmağımız, itməyimiz çox qəribə gəlir. İndi hansı teatrdan aktyoru qovurlar, o gəlib bizim teatrda asanlıqla özünə iş tapa bilir. Ancaq belə olmalı deyil. Akademik sözünün bir funksiyası da odur ki, digər teatrları, təhsil ocaqlarını izləyib özünə lazım olanları rüşeym formasında olsa da götürüb böyütsün. İndi siz də dediniz, elə biz özümüz də şikayət edirik gənclərdə alınmır, keçmişdəkilər yoxdur və s. Lakin bir məsələ də var ki, indi bizim teatrın qırx faizi Mədəni Maarif fakültəsini bitirmiş adamlardı. Yəni Akademik Milli Dram Teatrının qırx faizi bu cür təhsilli adamlar ola bilməz! Onların müəllimi, ustadı olmayıb. Yaşlılar arasında da bu cür təhsilli adamlar olub, ancaq onları istedadlarına, həyat təcrübələrinə görə xahiş edib gətirib, inkişaf etdiriblər. Ancaq indikilərdə heç nə yoxdur və artırmaq da istəmirlər.

İslahatlar olmalıdır, truppa yığılmalıdır. İyirmi yaşlı obrazı məcburiyyətdən qırx yaşlı aktyora veririk. İndi biz teatra istedadlı gəncləri cəlb etməkdən, bəzən əlimizdə olanları da itiririk, qovuruq. Burda ola bilsin, bizim də müəyyən günahlarımız var. Vaxtında axtarıb tapmalı, yetişdirməliydik.

- İstedadlı aktyorların, gənclərin hamısı pulsuzluqdan, baxımsızlıqdan kommersiya filmlərinə, ucuz televiziya komediyalarına, çığır-bağırlı səhnə konsertlərinə üz tutdular. Teatr, ciddi sənət Şəmi və Şöşüyə, Fərdaya, Elməddinə, Müşviqə eləcə də digərlərinə qucaq açmadı. Amma böyük bir kütlə də onları sevdi...

- Haqlısınız sevdilər, həzm etdilər. Amma onların etdiklərini də on illə, iyirmi illə davam etdirmək olmur. Təkrara gedirlər, çökürlər. İndi çəkilənləri gürcülərə, almanlara göstərsək bizim kimi reaksiya verməyəcəklər. Bizə sözlər və situasiyalar doğmadır. Əgər biz bu həmin filmlərə, konsertlərə səssiz qulaq assaq fərqli nəsə görməyəcəyik. Nə zamansa lazım gəlsə bu uşaqlar misal üçün, Cabbarlıdan, Dostoyevskidən, Qoqoldan heç nə ifa edə bilməyəcəklər. Çünki içlərindəki bütün şirəni bu cür işlərə sərf edirlər. Amma onların istedadlı olmalarını danmaq olmaz.

Digər tərəfdən isə siz deyən kimi, onların indi sevilməsinin, yer tutmasının əsas səbəbi sənətdəki uzunmüddətli boşluğun yaranması oldu. Bir anlıq təsəvvür edək ki, onlar söyülən filmlər də olmayıb. Bu daha betər boşluq olardı. Onlar heç olmasa meydanı boş qoymadılar. Proses pis-yaxşı gedib. Sadəcə olaraq, yenə deyirəm, məktəb məsələsi çox vacibdir.

Bu yaxınlarda bir serialın çəkilişləri idi. Operator Ələkbər Muradov çəkiliş edərkən rejissor gəldi ki, kadra baxmaq istəyirəm, görüm necə alınır. Ondan sonra bir aktyor gəldi ki, mən də baxım, görüm işlər necə gedir. Ondan sonra başqa aktyor da gələndə Ələkbər Muradov dedi ki, - bir dəqiqə dayanın. Mən kameranın gözlüyündən baxmaq üçün dörd il Moskvada oxumuşam. Yəni dediyim odur ki, gözlükdən baxmaq hüququnu qazanmaq lazımdır.

- Ümumiyyətlə, cavanlar belə deyək də, söz eşidirlər?

- Bəziləri, daha doğrusu, istedadlıları başa düşürlər. Ümumiyyətlə, istedadlı insan həm də anlayan insandır. Amma cavanlarla bağlı bəzən bizim özümüzdə də yanlışlıqlar oldu. Onları korlamaqla, bəyənməməklə, yaxına buraxmamaqla müəyyən səhvlər etdik. Məni gəlib ötər qorxusu ilə fikir bildirənlər də gənclərə zərər vururdular. Misal üçün, keçmişdə Mehdi Məmmədov, Tofiq Kazımov, Səməndər Rzayev və başqa böyük sənətkarlar fikir bildirəndə biz bilirdik həmin fikirdə başqa məna axtarmaq lazım deyil. İşləmək və səhvi tapıb düzəltmək lazımdır. Amma indikilər durmadan bizi tərifləyirlər, məktəb adlandırırlar. Elə ki, bir az tənqidi fikir deyirik, vəssalam. Münasibət dəyişir. Bu cür gənclər də var. Əziyyət çəməsinlər, ancaq təriflənsinlər.

- Ramiz müəllim, peşəkar və təcrübəli aktyorların böyük əksəriyyəti tərəf-müqabilinin çox güclü olmasının tərəfdarıdır. Amma son dövr tamaşalarına nəzər salanda görürük ki, bir-birlərinə uğur gətirə bilən tandemlər çox azdır. Sizcə, bu nə ilə bağlıdır? Kölgədə qalmaq qorxusu deyil ki?

- Mənim üçün tərəf-müqabili problemi yoxdur. Çünki istənilən aktyorla tərəf-müqabili ola bilirəm. Adil müəllimin (Adil İskəndərov - S.Ə.) bir sözü vardı. Həmişə deyirdi ki, qadam, tərəf-müqabili voleybol oyununa bənzəyir. Topu atılan kimi də geri qayıtmalıdır. Yəni bu barədə mən voleybol oynaya bilirəm (gülür). Amma aktyor və aktrisalarımız var ki, istər seriallarda, istərsə də teatr tamaşalarında əgər tamaşa, serial onların xahişi ilə hazırlanırsa, başqa aktyorun uğurlu ifaları olan hissələri kəsdirirlər. Elə aktyorlarımız da var ki, yanında güclü tərəf-müqabilinin olmasını istəmirlər. Mən şahidi olmuşam ki, bizim böyük aktyorlarımız səhnədə yaxşı çıxış edib, alqışlanıblar. Onunla tərəf-müqabili olan cavan aktyor maraqlı nəsə edəndə növbəti tamaşada həmin cavan aktyor üçün alqış gətirən mizanlar ləğv olunur, replikalar getmir. Bu da zəif aktyorların işidir. Misal üçün, "Axırıncı aşırım" filmi niyə görə o cür uğurlu alınmışdı? Ona görə ki, ordakı bütün tərəf-müqabilləri güclü idi.

- Belə deyirlər ki, elə həmin filmdə Adil İskəndərovla onun səsini səsləndirən Yusif Vəliyevin arası soyuq olub. Buna baxmayraq Adil İskəndərov səsləndirmənin məhz Yusif Vəliyev tərəfindən edilməsini təklif edib...

- Ümumiyyətlə, Adil İskəndərov da, Yusif Vəliyev də belə məsələlərin fövqündə dayanan adamlar olublar. Onlar "Nəsimi" filmində Əmir Teymur rolunun sınaq çəkilişlərində iştirak ediblər. Adil müəllim də həmin vaxt Kinostudiyanın direktoru olub. Onu, təbii ki, tərifləyiblər, Yusif müəllimin də ona nisbətən adını qeyd ediblər. Xeyli təriflər eşidən Adil müəllim isə hiss edib, görüb ki, Yusif Vəliyevin ifası daha uğurlu alınıb. O, bədii şuraya deyib ki, - nə nala-mıxa vurursunuz. Kişi gül kimi oynayıb da. Məndən Əmir Teymur olmaz! "Axırıncı aşırım" filmi ilə bağlı qeyd etdiyiniz əhvalat da olub. Orda da o özü imtina edib səslənmədən, öz yerinə isə Yusif Vəliyevin adını yazdırıb.

- Yuri Polyakovun "Sinif yoldaşları" pyesi əsasında hazırlanan eyniadlı tamaşadakı rolunuz digər klassik rollarınızdan çox fərqlənir. Bu obrazla istədiyiniz mesajı tamaşaçıya ötürə bildiniz?

- Tamaşanın ikinci hissəsində mənim obrazımın dilindən deyilir: Biz sinif yoldaşları deyilik e, biz çoxdan təbəqələşmişik. Mən obrazımla iş prosesini həmin sözlərdən başladım. İstədiyim mesajı ağrını isə sinif yoldaşlarım məni məclisdən qovanda iflic dostum İvana şikayət edərək çatdırmağa çalışdım. Çünki digər şəkillərdə baxırdım ki, o biri aktyorların çıxışları daha qabarıq olmalıdır ki, maraqlı alınsın. Partnyora kömək mənasında mən bəzi sözləri çıxarıb əvvəllərə atırdım.

- Ümumiyyətlə, belə sənət güzəştləriniz çox olur?

- Yaradıcılıq baxımından tərəf-müqabillərinə kömək məqsədi ilə olur. Amma öz roluma zərər vermədən.

- Bu yaxınlarda 1984-cü ildə çəkilmiş "Səməndər quşu" televiziya tamaşasına baxdım. Ordakı ifanız çox maraqlıdır. Obrazı bütün xırdalıqlarına qədər və böyük bir sənət yanğısı ilə işlədiyiniz hiss olunur. Maraqlıdır, bu gün həmin teatr sevginiz, sənətə münasibətiniz olduğu kimi qalıb?

- Münasibət olduğu kimi o cür də qalıb. Əsərin müəllifi Firudin Ağayev, rejissoru isə onun oğlu Namiq Ağayev idi. Həmin tamaşa Namiqin diplom tamaşası idi. O, bu tamaşa ilə rejissorluğa çox güclü başlamışdı. Və Firudin Ağayev tamaşaya baxanda zar-zar ağlamışdı. Tamaşa bizim hər birimiz üçün çox uğurlu olmuşdu. Siz təsəvvür edin ki, Mehdi Məmmədovu hansısa tamaşaya baxmaq üçün zorla gətirərdilər. O isə həmin tamaşaya özü gəlib baxdı. Və ilk baxışda səhnə arxasına keçib bizə demişdi ki, siz hamınız çox yaxşı ifa edirsiniz, amma mən istərdim ki, siz həm də Ramiz kimi ifa edəsiniz. Çünki bura kiçik səhnədir, Ramizin ifası isə səmimi və təbiidir. Sizin ifalarınız da o cür olmalıdır. Hətta bizim ağlımıza gəlməsə də Mehdi Məmmədov "Səməndər quşu" tamaşasına bir dəfə də gəlib baxdı. O tamaşadan sonra bizi teatrda istedadlı aktyorlar kimi qəbul etdilər. Sonralar Mehdi müəllim mənim iştirakımla olan başqa tamaşalara da gəlib baxdı və haqqımda xoş sözlər dedi. İndi hərdən kimlərsə deyəndə ki, Hamlet Xanızadə, Adil İskəndərov kimi aktyorlar daha yoxdur, bu sözləri çox normal qarşılayıram. Çünki doğrudan da, onlardan yoxdur. Amma onların davamçıları var. Bu baxımdan mən çox rahatam. Çünki mənə Heydər Əliyev, Çingiz Aytmatov, Mehdi Məmmədov, Adil İskəndərov kimi insanlar qiymət veriblər.

- Ramiz müəllim, bir çox aktyorlar Hamlet rolunu ifa etmək arzusunda olublar. Və qəribədir ki, bu arzunu Hamlet yaşı ötüb keçəndən sonra dilə gətiriblər. Sizin də belə istəyiniz olub. Niyə Romeo, Otello yox, məhz Hamlet və bu qədər gec etiraf? Yaşın gətirdiyi nostalji hisslərdən qaynaqlana bilər?

- Bu bir az siz deyən məsələdir. Bir də ki, "Hamlet" əsəri dünya dramaturgiyasının ən şah əsərlərindən biri hesab olunur. Həm də ki, Hamlet obrazında insana aid elə bir hiss yoxdur ki, ifadə olunmasın. Sevgi, xəyanət, dostluq, düşmənçilik və s. kimi hisslər həmin əsərdə möhtəşəm ifadə olunub. Mən də istəmişəm ki, Hamlet rolunu ifa edim, amma müəyyən vaxtdan sonra, təbii ki yaşım imkan verməyib. Hətta Adil İskəndərov da bir dəfə demişdi ki, qadam, mən indi istəsəm Hamlet rolunu ovcumun içində oynayaram, "opıt" var, təcrübə var. Amma yaş keçib axı. Nə vaxtsa gördün səhnədə heç nə alınmır, onda heç nə eləmə. Sadəcə, vicdanla müəllifin sözlərini de.

Təbii ki, aktyor rol arzulamalıdır. Amma mən heç vaxt bioqrafiyama filan rol yazılsın deyə, ifa etməyi arzulamamışam. Əgər bu gün tamaşaçıya nəsə deyə biləcəyim rolum varsa, deyiləsi sözüm varsa, rol ifa edim. Yoxsa boş ürəyi boşaltmaq lazım deyil.

- Beş, on il əvvəl belə fikir səslənirdi ki, teatr elitarlaşır, tamaşaçı nə qədər az olsa kifayət edər. Amma bugünkü tamaşa zalının vəziyyəti göstərir ki, insanlar teatra tez-tez gəlirlər. Sizcə, bugünkü tamaşaçı çoxluğu tamaşaların kütləviləşməsini ifadə edir, ya tamaşaçıların teatrlaşmasını?

- Bunun tarixi səbəbləri var. Ötən əsrin əvvəllərində də operanın yaranmasını dramaturgiyanın ölümü kimi səciyyələndirirdilər. Amma o dövrün ziyalıları da yazırdılar ki, "operanın yaranması dramanın ölümünə səbəb olamaz, bu ölümə olsa, olsa artistlərimizin savadsızlığı, elmsizliyi səbəb olar". Kino yarananda, güclənəndə bu cür söhbətlər oldu. Yenə də teatr ölmədi. Çünki teatr canlı sənət, indi, bu dəqiqə göz qarşısında yaratmaq bacarığıdır. İndi insanlarımızın da şəraiti, yaşayışı yaxşılaşıb. Və indi gənclər teatra öyrəşdilər. Onların kumirləri yarandı. Serialdan, filmdən bunun hardan yaranması önəmli deyil. Əsas odur ki, o kumirlər öz tamaşaçılarını teatra gətirə bildilər.

Teatr yoxdur sözləri teatra getməyən adamların əlində bir bəhanə oldu. O zamanlar teatrı söyənlər mollalar, din adamları idilər. İndi isə ziyalılar da teatra illərlə gəlməyə-gəlməyə teatr yoxdur deyirlər. Axı belə deyil. Əvvəllər adamlar tamaşa bitməmiş dəhlizə qaçırdılar, indi getmək istəmirlər. Təzimə çıxandan sonra biz özümüz xahiş etməsək pərdələri bağlamırlar. Çünki tamaşaçı bizi buraxmır.

- İki qadının - ananızın və Barat Şəkinskayanın ölümündən sonra dərin peşmançılıq yaşamısınız. Onlarla son dəfə görüşə bilməməyiniz məişət tənbəlliyi idi, ya sənətin gətirdiyi yadlaşma?

- Bu sırf məişət tənbəlliyindən baş vermişdi. Birinci halda işlərimi tam yekunlaşdırıb yayda rayona getmək, anamı görmək istəmişdim. Ancaq gözlənilməz halda anam 1987-ci ildə 55 yaşında rəhmətə getdi. İnanın ki, anamın ölümünü indi də tam dərk edə bilmirəm. O, mənim bircə Həzi Aslanov rolumu görmüşdü. Barat xanımı görməyə gedə bilməməyimin səbəbi isə özümü psixoloji cəhətdən hazırlaşdırmağımın uzun çəkməsi oldu. Yəni o boyda böyük aktrisa ilə görüşə günlərin birində qəfildən gedə bilməzdim.

Mənim bir hekayəm var. Orda uşaq sevdiyi aktyorun tamaşasına baxmaq üçün teatra gəlir. Amma bir gün gəlib teatrın binasına baxır, o biri günü kassaya yaxınlaşır, sonrakı gün bilet alır və s. Yəni birdən-birə gəlib zalda əyləşmir. Teatra gəlməyin zövqünü uzunmüddətli etməyə çalışır.

Yəni mən də ona hansı məqam uyğundur, o məqamda getmək istəyirdim. Ancaq təəssüf ki, mən gedənə qədər Barat xanım dünyasını dəyişdi.

Barat xanım məni çox istəyirdi. Mənə bir məktub da yazmışdı. İndi də həmin məktubu saxlayıram. Məktubda mənim ürəyimi ağrıdan bir cümlə vardı. O yazırdı ki, oğlum, mənim aktrisa kimi faciəm ondadır ki, Cülyetta, Dezdomona kimi faciəvi rollar oynamışam, amma xalq məni elə Sənəm kimi tanıdı. Bu barədə mən də Barat xanımla müəyyən mənada razıyam. Teatrın bu cür qəddar tərəfləri də var.

- Ramiz müəllim, yaradıcı əzabınızın qaynağı nədir?

- Açığını deyim ki, uşaq vaxtı çox çətinliklər görmüşəm. Kasıblıq da, yaxşı güzəran da yaşamışam. Valideynlərimin, qohumlarımın itkisi, baş verən hadisələrin yaratdığı hissləri canıma hopdurmağı bacarmışam. Bunlardan sonra ədəbiyyata doğru istiqamətlənmişəm. Və tanış olduğum müəlliflər, sanki həmin həyat hadisələrimlə, əhvalatlarımla əlbir olub məni daxilən yoğurublar. Misal üçün, ağsaqqal insanların yanımda kövrəlməsini sonralar universitet illərimdə Alxanov rolunda xatırlaylb istifadə etmişdim ki, müəllimlərim təəccüblənmişdilər.

Tanış hisslər rolları ifa edərkən mütləq yada düşür və istifadəyə gərəkli olur. Həyat və yaşadıqlarım mənə başqasının yerində ola bilməyi öyrədib. Başqasının başına gələn faciəyə mən o adamın gözü ilə baxmağı bacarmışam. Ola bilsin ki, bu mənim ziyanıma olub. Amma mən məndən çox başqasının ehtiyacı olan yerdən kənara çəkilməyi bacarmışam. Düşünmüşəm ki, o insanın ağrısı mənim istəyimdən, tamahımdan daha güclüdür. Və bütün bu dediklərim, yaşadıqlarım rollarıma da sirayət edib.

- Ramiz bəy, "Mən sizi dünyalar qədər sevirdim" filminə çəkilən zaman iyirmi yeddi yaşınız olub. Bu gün 63 yaşlı Ramiz Novruz insanları yenə də dünyalar qədər sevirmi?

- İnanın ki, hə. Çünki mənə belə gəlir ki, pis insan yoxdu. Sadəcə olaraq, zamanla, quruluşla insanların xarakteri dəyişir. Mən azərbaycanlıları, hər zaman etibar etdiyim böyük türk millətini çox sevirəm. Və təbii ki, bütün insanları.

Söhbətləşdi: Samirə Əşrəf