- Mədəni adam
- 21:19
- 1 794
“Din məscid üçün qayda qoyduğu kimi, dövlət də məktəb üçün qərar verir” - Xalq artisti
Orta məktəblərdə vahid geyim tərzi və hicab ətrafında gedən müzakirələr sosial şəbəkələrdə kəskin fikir ayrılıqlarına və qarşılıqlı təhqirlərə səbəb olub.
Mövzu ilə bağlı Xalq artisti, tanınmış aktyor Qurban İsmayılov Redaktor.az-a açıqlama verərək cəmiyyətdəki bu gərginliyə münasibət bildirib.
Aktrisa və sənət adamlarının çağırışlarına qoşulan Xalq artisti, sosial şəbəkələrdəki təhqiramiz davranışların yolverilməz olduğunu vurğuladı:
"Ölkədə bu barədə çox söhbət gedir, sosial şəbəkələrdə insanların bir-birinə düşməncəsinə həqarət etməsini, söyməsini görürük. Bu, heç də yaxşı hal deyil. Biz bir-birimizə qarşı niyə düşmən olmalıyıq?"
Qurban İsmayılov məsələyə həm dini, həm də dövlət qanunvericiliyi nöqteyi-nəzərindən yanaşaraq maraqlı paralellər apardı:
"Elə bil ki, məscidə gedərkən ayaqqabı ilə daxil ola bilmərik, elə deyilmi? Məscid üçün dinin qəbul olunmuş qaydaları var, ora şortiklə girmək olmaz. Eyni ilə, dövlət də öz məktəbi üçün qanun və qərar verib ki, hicabla olmaq olmaz. Deməli, dövlət nəyisə bilir ki, bu qərarı verib. Bizim bilmədiyimiz məqamlar ola bilər".
Aktyor məsələnin sadə və qarşılıqlı anlayış çərçivəsində həll oluna biləcəyini qeyd etdi:
"Uşaq məktəbin qapısına qədər hicabla gələ bilər, daxil olarkən hicabını çıxarıb çantasına qoyar, dərsinə girər. Çıxanda isə təzədən hicabını bağlayıb gedər. Burada böyütməli bir problem yoxdur. Mən belə başa düşürəm ki, bu məsələyə görə insanların bir-birinə düşmən kəsilməsinə heç bir ehtiyac yoxdur".