MƏKTƏB- BİLİK MƏBƏDİDİR, DİNİ MƏBƏD DEYİL!

Doldu gözlərimiz-qulaqlarımız misallarınızla məktəbli unforması son günlər gündəm olduqdan bəri.
Gəlin bir az da göz-qulaqlarımızı milli siyasəti, qayda və qanunları formalşdıran misallar deyil, əsaslarla dolduraq.
Dayanıqlı milli siyasət qanunvericilik sütunları ilə yerli konteksti tarazlaşdıran aydın bir çərçivə üzərində qurulmalıdır. Digər ölkələrin təcrübəsinə nəzər salmaq faydalıdır, lakin onları yerli şəraitə uyğunlaşdırmadan olduğu kimi nüsxələmək nadir hallarda yaxşı nəticə verir.
Müstəqilliyin xalqlara gətirdiyi başlıca üstünlük budur ki, siyasət transfer olunmur, xalqın, millətin məqsədlərinə uyğun yaradılır.
Azərbaycan qanunverciliyində uşağın (18 yaşına qədər (!!) olan, tam fəaliyyət qabiliyyətinə malik olmayan, hüquqları valideynləri və ya qəyyumları tərəfindən təmsil olunan) fundamental hüquqlarından ikisi
təhsil hüququ ilə dini azadlıq hüququ
həm bir-birini tamamlayır, həm də zaman-zaman hüquqi və sosial toqquşmalara səbəb olur.
Bunları müqayisə etdikdə və onların kəsişmə nöqtələrinə baxdıqda ortaya nələr çıxır?
- təhsil hüququ fərdin inkişafı, cəmiyyətə inteqrasiyası və gələcəkdə DİGƏR BÜTÜN hüquqlarından (dini azadlıq da daxil, siyasi, mülki, sosial) istifadə edə bilməsi üçün əsas bazadır. Bir çox ölkələrdə (hər halda öz xalqını zərrə qədər belə düşünənlərdə) təhsil məcburidir.
- dini azadlıq hüququ -dinini seçmək, dəyişmək və ya heç bir dinə inanmamaq hüququnu əhatə edir. Məsələ uşaqlara gəldikdə, bu, hüquqdan seçimə çevrilir- valideynlərin uşağı öz dini/fəlsəfi əqidələrinə uyğun tərbiyə etmək seçiminə çevrilir.
Burada uşaqların mənafeinin qorunmasında valideyn iradəsi ilə dövlət öhdəliyi toqquşa bilər. Valideynlər öz dini əqidələrinə görə övladlarını məktəbə göndərməkdən imtina edə və ya müəyyən dərslərdən (məsələn, biologiya, cinsi tərbiyə, fiziki tərbiyə və ya dünyəvi dinlər tarixi) yayındıra bilərlər.
BMT-nin Uşaq Hüquqları Konvesniyasına görə əsas meyar və ya “uşağın ən əsas mənafeyi” burada təhsil hüququnda əks olunub.
Çünki, bir daha vurğulayaq, təhsil hüququ fərdin inkişafı, cəmiyyətə inteqrasiyası və gələcəkdə DİGƏR BÜTÜN hüquqlarından istifadə edə bilməsini təmin edir.
Uşağın təhsil almaq hüququnu ona öz seçimlərini qəbul etdirərək məhdudlaşdıran valideyn və ya digər şəxslər “uşağın ən əsas mənafeyi”ni güdmürlər.
MƏKTƏB- BİLİK MƏBƏDİDİR, DİNİ MƏBƏD DEYİL!
Dini seçimlərini övladlarınızın əvəzinə etmək istəyirsinizsə, onların başını bağlamadıqda məktəb mühitində “əxlaqsız”, “tərbiyəsiz” olacağından ehtiyatlanırsınızsa, bunu xatırlayın ki, sərt Sovet rejiminin onillikləri dinləri qadağan etsə belə, Azərbaycan xalqı onu ürəyində, evində, əxlaqında yaşatdı və yaşadacaq.
Təhsil və ya din arasında seçimə gəldikdə, təhsil haqqı, təhsil imkanı və təhsilin təmin olunması üstün və icbaridir.
Yekunda, bir misalı da mən gətirim- xaricdə uşaqlığını dini məktəblərdə keçirən kifayət sayda xristian əqidəli dost-tanışlarım var idi. Birindən belə məktəb illəri barədə xoş təcrübələrini eştimədim.
Təəcüblü deyil, çünki insan öz kimliyini özü seçmirsə, ona valideyni, qəyyumu, ətrafı, mühiti tərəfindən təzyiqlə qəbul edilirsə, o əqidənin dayanıqlığı olmayacaq.
“Yox e, mənim uşağım özü seçib” misalları ilə də gəlməyin, lütfən. Çünki bunun baş verməsi üçün yetkinlik yaşına çatmayan şəxs məhkəmə yolu ilə emansipasiya hüququndan istifadə edib özünü rəsmi olaraq valideyn və ya qəyyumlarının nəzarətindən azad elan etməlidir.
Müsəlman, xristian, yəhudi...dini kimliyindən asılı olmayaraq Azərbaycanda valideynlərin başlıca öhdəliyi uşağın icbari təhsilini təmin etməkdir. Bu, onları övladlarını öz etiqadları ruhunda tərbiyə etməyin qarşısını almır.

ŞƏFƏQ MEHRƏLİYEVA