Nəzrin Əliyevanın "Qayıdış hüququ" ilə bağlı kitabına beynəlxalq maraq var

İnsan Hüquqlarının Təşviqi Mərkəzi İctimai Birliyinin İdarə Heyətinin sədr müavini Nəzrin Əliyevanın “Qayıdış hüququ: beynəlxalq hüquqi çərçivə, fundamental prinsiplər və praktika” kitabının ingilis dilində nəşri 5–15 oktyabr 2026-cı il tarixlərində Polşanın Varşava şəhərində keçirilən ATƏT-in Varşava İnsan Ölçüsü Konfransında iştirakçıların tanışlığı üçün xüsusi ayrılmış kitab rəfində yer alıb. Rəfdə milli və beynəlxalq qeyri-hökumət təşkilatlarının müxtəlif nəşrləri də yer alıb.
“Qayıdış hüququ: beynəlxalq hüquqi çərçivə, fundamental prinsiplər və praktika” kitabında qayıdış hüququ müasir beynəlxalq hüquq və insan hüquqları kontekstində kompleks və sistemli şəkildə araşdırılıb. Nəşrdə Ermənistandan deportasiya olunmuş azərbaycanlıların öz doğma yurdlarına qayıdış hüququ, eləcə də Azərbaycanın məcburi köçkünlərinin öz yaşayış yerlərinə qayıdış hüququ xüsusi olaraq təhlil edilib.
Kitabda qayıdış hüququnun beynəlxalq-hüquqi əsasları, mühüm beynəlxalq sənədlər, məhkəmə təcrübəsi və müxtəlif dövlətlərin praktikası müqayisəli şəkildə təhlil olunur. Nəşrdə könüllü, təhlükəsiz və ləyaqətli qayıdış, ayrı-seçkiliyin yolverilməzliyi, mülkiyyət hüquqlarının qorunması və reinteqrasiya kimi fundamental prinsiplərə xüsusi diqqət yetirilir. Kitab qaçqın və məcburi köçkünlərin hüquqları sahəsində çalışan mütəxəssislər, hüquqşünaslar, tədqiqatçılar və insan hüquqları müdafiəçiləri üçün elmi-praktiki vəsait kimi nəzərdə tutulub.
Kitabın elmi məsləhətçiləri və rəyçiləri sırasında tanınmış xarici və yerli hüquqşünas alimlər yer alırlar. Elmi məsləhətçilərdən biri Ukrayna Ali Radasının Xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsinin sədri, hüquq elmləri doktoru, professor Oleksandr Merezhkodur. Kitabın rəyçiləri sırasında ABŞ-ın Arizona Universitetinin Arizona Yəhudi Araşdırmaları Mərkəzinin professoru, hüquq elmləri doktoru Leonard Hammer və İstanbul Universitetinin Hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Fethi Gedikli yer alırlar.
Kitab Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il qrant layihəsi çərçivəsində İnsan Hüquqlarının Təşviqi Mərkəzi İctimai Birliyi ilə əməkdaşlıq əsasında hazırlanaraq nəşr olunub.
Kitabın ingilis dilində nəşri qayıdış hüququnun beynəlxalq-hüquqi mahiyyəti, fundamental prinsipləri və bu sahədə formalaşmış praktika haqqında elmi-hüquqi yanaşmaların daha geniş beynəlxalq auditoriyaya çatdırılmasına xidmət edir.

AzNews.az

image description image description