AzTV-nin mənə verdiyi peşəni həyatımdan çox istəyirəm - Nərgiz Cəlilova

Nəinki AzTV-də, eləcə də ölkədə aparılan islahatları yaxşı qarşılayıram.

Bu gün Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) ilk dəfə efirə çıxmasından 63 il keçir. 1956-cı il fevralın 14-də AzTV Bakı televiziya studiyası adı ilə fəaliyyətə başlayıb. Əvvəlcə həftədə 3 dəfə, 1957-ci ildən 5 dəfə 2 saatlıq proqramla efirə çıxıb. 1962-ci ildə gündəlik efirə çıxan proqramların həcmi 7 saatadək artırılıb. 70-ci illərdə gündəlik verilişlərin yayım həcmi 10, 80-ci illərdə 18 saata çatdırılıb. 2005-cı ilin yanvarından AzTV 24 saatlıq fasiləsiz yayıma keçib.

Bu əlamətdar günlə bağlı AzNews.az yaradıcılıqlarının böyük əksəriyyətini AzTV-nin studiyalarında, montaj otaqlarında keçirən insanlarla söhbət edib.

Aparıçı Nərgiz Cəlilova Azərbaycan Televiziyasının ad günündən danışarkən “AzTV mənə peşə verib” deyib. O, AzTV-in onun həyatında mühim rol oynadığını qeyd edib:

Image result for nərgiz cəlilova

“Müsabiqəni qazanıb burada fəaliyyətə başladım. 36 ildir ki, AzTV-də çalışıram. Keçdiyim məktəbə, öyrəndiklərimə görə, AzTV və onun məktəbinə minnətdaram. AzTV mənə peşə verib. Bu peşəni həyatımdan çox istəyirəm. Nəinki AzTV-də, eləcə də ölkədə aparılan islahatları yaxşı qarşılayıram, bütün dəyişikliklərin, yeniliklərin tərəfdarıyam. Rövşən müəllim gəncdir, ona bu çətin yolda uğurlar arzulayıram. Yolu açıq olsun. O, bizim həm də həmkarımızdır, uzun müddət aparıcılıq edib. Onunla çox mehriban münasibətlərimiz var. Televiziyanı mərhələ-mərhələ keçdiyinə görə, təbii ki, hamını yaxşı anlayır və hər kəsə şərait yaratmağa çalışır”.

“Xalq yaradıcılığı” redaksiyasının baş redaktoru Tahir Talıblı isə açıqlamasına “AzTV mənim ikinci evimdir” sözləri ilə başlayıb.

Image result for tahir talıblı

“Düzünü deyim ki, mən bura işə gələndə müvəqqəti gəlmişdim. Amma sonradan bura bağlandım. AzTV-nin ab-havası, sistemi məni özünə bağladı. Artıq 25 ildir ki, burada çalışıram. 4-cü rəhbərdir ki, onunla işləyirəm. AzTV günün tələblərinə uğyun verilişlər hazırlayır. Yeganə televiziyadır ki, bura ailə ilə birlikdə baxırsan, heç nədən utanmırsan. AzTV dövləti qoruyan və ona xidmət edən televiziyadır. Bu günlərdə AzTV-yə yeni rəhbər gəlib. Rövşən müəllim gəncdir. O, bura gələn kimi canlanma yaranıb. Açığı bu, təqdim olunan verilişlərin dinamikasında da hiss olunur. AzTV-də ciddi işlər gedir, böyük yaradıcılıq həvəsi var. Kimin nə deməyindən asılı olmayaraq, AzTV düz yoldadır. AzTV Azərbaycan xalqının sifəti və dünyaya çıxışıdır”. Tahir Talıblı belə deyib.

Bahar RÜSTƏMLİ

AzNews.az