63 yaşlı AzTV yeni studiyası ilə - FOTO

Studiya milli ornamentləri qoruduğu kimi, müasirliyi də özündə əks etdirir.

Xəbər verdiyimiz kimi fevralın 14-ü Azərbaycan Televiziyasının (AzTV) yarandığı gün kimi qeyd edilib. 1956-cı ilin 14 fevralında Azərbaycanın ilk televiziyası “Diqqət-diqqət, göstərir Bakı” sözləri ilə yayıma başlayıb. Həmin tarix xalqımızın siyasi və mədəni həyatına böyük yenilik gətirib.

Bu gün həyatımızı televiziyasız təsəvvür edə bilmirik. Ərsəyə gələn hər bir verilişdə, videosüjetdə böyük yaradıcı kollektivin əməyi var.

“Xəbərlər” proqramı televiziyanın 63-cü ildönümü münasibəti ilə yeni istifadəyə verilən studiyadan efirə çıxıb.

AzNews.az xəbər verir ki, Azərbaycan Televiziyasının yeni rəhbərliyi tərəfindən hazırlanan studiyada AzTV-nin “Xəbərlər” proqramı ilə yanaşı, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə daxil olan “Mədəniyyət” və “İdman Azərbaycan” kanallarının da xəbər proqramları yayımlanır. Əsl informasiya ab-havasını aşılayan studiya milli ornamentləri qoruduğu kimi, müasirliyi də özündə əks etdirir və bütün standartlara cavab verir.

Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 15-də imzaladığı sərəncamla televiziyanın sədri vəzifəsinin icrası tanınmış jurnalist Rövşən Məmmədova tapşırılıb.

R. Məmmədov vəzifəsinin icrasına başladıqdan sonra Azərbaycan Televiziyasında köklü islahatlar aparılır. Burada maliyyə sistemi şəffaflaşdırılıb, kadr islahatı həyata keçirilir, televiziyanın efir proqramlarında köklü yeniliklər görünür.

Kanalda daha bir uğurlu kadr dəyişikliyi “Xəbərlər” departamenti ilə bağlıdır. Belə ki, Azərbaycan Televiziyasında nümayiş olunan "İqtisadiyyat" xəbərləri artıq Mərkəzi Bankın Mətbuat Xidmətinin rəhbəri Namiq Əliyevin təqdimatında yayımlanacaq.

Qeyd edək ki, 14 fevral tarixində Azərbaycan Televiziyasının 63, Mədəniyyət kanalının 8 illiyi münasibəti ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında möhtəşəm konsert proqramı keçirilib. Gecəyə bir sıra dövlət xadimləri, ictimai korpusun nümayəndələri və ziyalı şəxslər təşrif buyurub. Fərqli tərtibatda təqdim edilən proqramı Gülarə Əliyeva adına "Dan Ulduzu" İnstrumental Ansamblı müşaiət edib.

AzNews.az

image description image description image description image description