İrəvan teatrının binası yenilənir: "İş başındayıq"

Teatrın yeni binası müasir standartlara cavab verəcək

İrəvan Dövlət Azərbaycan Dram Teatrında təmir işlərinə başlanılıb.

Bu barədə AzNews.az-a teatrın direktoru İftixar Piriyev deyib. Onun sözlərinə görə, təmir işlərinin bu ilin sonuna başa çatacağı planlaşdırılır:

“Artıq bir aydır ki, teatrda təmir gedir. Çox güman ki, təmir işləri bu ilin sonuna kimi yekunlaşacaq. Teatrın yeni binası müasir standartlara cavab verəcək”.

İftixar Piriyev qeyd edib ki, teatrda təmir işləri aparılmasına baxmayaraq, kollektiv yaradıcı fəaliyyətini dayandırmayıb: “İş başındayıq. Teatra yaxın bir binada müvəqqəti məskunlaşmışıq”.

Qeyd edək ki, Prezident İlham Əliyev İrəvan Dövlət Azərbaycan Dram Teatrının binasının əsaslı təmiri və yenidən qurulması işləri haqqında Sərəncam imzalayıb. Teatr binasının əsaslı təmirinin və yenidən qurulma işlərinin davam etdirilməsi məqsədi ilə Mədəniyyət Nazirliyinə 2 milyon manat vəsait ayrılıb.

Bahar RÜSTƏMLİ
AzNews.az