Tofiq Tağızadənin yaradıcılıq otağı açılacaq

Bu il Tofiq Tağızadənin anadan olmasının 100 ili tamam olur.

Martın 14-də Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, kinorejissor, ssenari müəllifi və aktyor, Xalq artisti Tofiq Tağızadənin 100 illiyi münasibətilə sənətkarın vaxtilə çalışdığı yaradıcılıq otağının açılışı olacaq.

Mədəniyyət Nazirliyindən bildirilib ki, tədbirdə görkəmli mədəniyyət və incəsənət xadimləri, sənətsevərlər və T.Tağızadənin ailə üzvləri iştirak edəcəklər.

Qeyd edək ki, bu il T.Tağızadənin anadan olmasının 100 ili tamam olur. Bununla əlaqədar olaraq Azərbaycan Prezidenti Sərəncam imzalayıb. Sərəncamın icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən hazırlanan tədbirlər planına əsasən il ərzində Bakıda və ölkənin bölgələrində görkəmli sənətkarın yubileyi ilə bağlı silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.

İkinci Dünya müharibəsinin iştirakçısı olan T.Tağızadə əmək fəaliyyətinə 1953-cü ildə “Azərbaycanfilm” kinostudiyasında başlayaraq 40 ildən artıq müddət ərzində Azərbaycan kinosunun inkişafına öz töhfəsini verib.

1955-ci ildə çəkdiyi “Görüş” bədii filmi rejissora ilk şöhrət gətirib və sonrakı illərdə Tofiq Tağızadə “Uzaq sahillərdə”, “Əsl dost”, “Arşın mal alan”, “Mən ki gözəl deyildim”, “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “Evin kişisi”, “Babamızın babasının babası”, “Bağ mövsümü”, “O dünyadan salam” və digər yüksək bədii zövqü ilə seçilən filmlərə quruluş verib.

AzNews.az