Uşaq kimi ağladım - Musa Yaqub prezidentə təşəkkür etdi

Adam həmin anda nə edəcəyini bilmir, gücü sadəcə göz yaşına çatır

Uzun zamandır ağır xəstəlikdən əziyyət çəkən şair Musa Yaqub "Xalq şairi" fəxri adı almağından danışıb.

O AzNews.az-a açıqlamasında prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib:

“Bu xəbəri alanda uşaq kimi kövrəldim, sonra ağladım. Adam həmin anda nə edəcəyini bilmir, gücü sadəcə göz yaşına çatır. Əlbəttə ki, çox sevindim. Məni təbrik edənlərin sayı-hesabı yox idi. Hətta çoxu evimizə gəlmişdi. Ailə şəklində bu gözəl günü qeyd etdik. Mənə bu etimadı göstərənlərə təşəkkür edirəm".

Qeyd edək ki, prezident İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə bir sıra şəxslərin fəxri adlar alması haqqında sərəncam imzalayıb. Sərəncama görə, Musa Yaqub da “Xalq şairi” fəxri adına layiq görülüb.

Bahar RÜSTƏMLİ

AzNews.az