Professor Tofiq Mustafazadənin 70 illiyi belə qeyd edildi - FOTO

Tədbirdə Tofiq Mustafazadənin yaradıcılığı və pedaqoji fəaliyyəti barədə söhbət açılıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK), Əməkdar elm xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Tofiq Mustafazadənin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirib.

Tədbirdə elm xadimləri, ictimaiyyət nümayəndələri, professorun ailə üzvləri və tələbələri iştirak edib.

MEK-in Oxuculara xidmət və nəzarət bölməsinin rəhbəri Ofeliya Yunusova professor Tofiq Mustafazadənin 70 illik yubileyinə həsr olunmuş təqdimatla çıxış edib. O.Yunusova alimin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib, onun “Quba xanlığı”, “Erməni məsələsi”ndən erməni terorizminə”, “XVIII - XIX yüzilliyin əvvəllərində Osmanlı - Azərbaycan münasibətləri” və digər kitabları haqqında danışıb. Kitabxana fondlarında ayrı-ayrı alimlərin kitab kolleksiyalarının mühafizə olunduğunu qeyd edən təqdimatçı mühafizə olunan sənədlərin akademik icmanın, geniş oxucu auditoriyasının diqqətinə çatdırılmasını MEK-in strateji hədəflərindən biri olduğunu vurğulayıb.

Qeyd olunub ki, kitabxanada jurnallar, fotolar, xəritələr, avtoreferatlar, dissertasiyalar, markalar, elektron sənədlər, əlyazmalar olmaqla 1,5 milyon sənəd mühafizə olunur. Təqdimatçı MEK könüllülərinin gördükləri işlər haqqında da məlumat verib. Könullülər arasında MEK-in Nadir kitab fondunda mühafizə olunan ən qədim latın dilində kitabların annotasiyalarının Azərbaycan dilində yazılmasında köməklik göstərən professor Aslan Məmmədlinin fəaliyyəti diqqətə çatdırılıb. MEK-in Vikipediya Metodik Mərkəzinin könüllülərinin fəaliyyətindən danışan O.Yunusova 2019-cu ildə Azərbaycan Milli Aviasiya Akademiyasının tələbələri, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tərcüməçiləri, Bakı Dövlət Universitetinin tələbələri və AMEA Əlyazmalar İnstitutunun əməkdaşlarına təlimlər keçirildiyini qeyd edib.

Tədbirdə çıxış edən tarix üzrə fəlsəfə doktoru İradə Məmmədli, Adil Mirabdullayev, Nərminə Əmirbəyova, Türkiyədən olan qonaqlar – ATAM-ın müdir müavini Nihat Büyükbaş, professor İbrahim Edhem Atnur və alimin həyat yoldaşı tarix üzrə fəlsəfə doktoru Fəridə Əliyeva professor Tofiq Mustafazadənin yaradıcılığı və pedaqoji fəaliyyəti barədə söhbət açıblar. Mərkəzi Elmi Kitabxananın kolleksiyaların təqdimatlarla təbliğ edilməsi təşəbbüsü natiqlər tərəfindən yüksək qiymətləndirilib.

Sonda professor Tofiq Mustafazadə tədbir təşkilatçılarına və iştirakçılara dərin təşəkkürünü bildirib.

image description image description