"Biz eyni ruhun daşıyıcılarıyıq" "Biz eyni ruhun daşıyıcılarıyıq"

“Gənc Qırğız şeiri antologiyası” təqdim edildi - FOTOLAR

"Biz eyni ruhun daşıyıcılarıyıq"

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan-Qırğız ədəbi əlaqələri dünən, bu gün və sabah” mövzusunda iki ölkə nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib.

Tədbirdə Milli Məclisin deputatı Cavanşir Feyziyevin rəhbəri olduğu layihə çərçivəsində nəşr olunmuş “Gənc Qırğız şeiri antologiyası” təqdim edilib.

Təqdimatda “Kaspi” qəzetinin kollektivi, Qırğız Milli Yazıçılar Birliyi və Dünya Gənc Türk Yazarlar Birliyinin nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Dünya Gənc Türk Yazarlar Birliyinin fəxri təmsilçisi Əkbər Qoşalı antologiya barədə məlumat verib: “Bu antologiyada müstəqillik dövrü Qırğız şeirinin 35 gənc nümayəndəsinin şeirləri toplanıb. Sona xanım da daxil olmaqla, bir neçə ziyalılarımız bu kitaba rəy, məsləhətçi və ön söz müəllifi kimi öz töhfələrini veriblər. Həmçinin Azərbaycanın Qırğız Respublikasında Fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov və millət vəkili Cavanşir Feyziyevin də antologiya ilə bağlı təəssüratları kitabda qeyd edilib. Bu görüş həm də Qırğız-Azərbaycan ədəbi əlaqələri ilə yanaşı, ədəbi qurumlar arasında da yeni bir əməkdaşlıq yaradacaq. Qırğızıstanla Azərbaycan arasında olan əlaqələrin köklü keçmişi var. Çünki eyni kökdən gəlirik. Sovet dövründə bir-birimizə daha yaxın olmuşuq. Amma son illərdə bu əlaqələr ortaq türk qurumları, eyni zamanda “Kaspi” qəzetinin nüfuzlu nəşrləri sayəsində yeni bir mərhələyə keçdi”.

Tədbirdə çıxış edən “Kaspi” Təhsil Şirkətinin təsisçisi, filologiya elmləri doktoru Sona Vəliyeva qeyd edib ki, hər bir türkdilli xalqın nümayəndəsi üçün Azərbaycan həm də onun ikinci vətənidir: “Biz eyni ruhun daşıyıcılarıyıq, eyni kökdən gələn xalqlarıq. Bununla da qürur duyuruq ki, biz kök etibarı ilə türkük, eyni zamanda Yer üzündə ilk dəfə Tanrının səsini eşidən türk övladıyıq. Bu gün qarşımızda çox müqəddəs kitab var. Bu şeir antologiyada gənc qırğız şairlərinin şeirləri toplanıb. Şeirləri oxuduqca mənə çox təsir etdi. Qırğızıstandakı səfirimiz Hidayət Orucova təşəkkürümü çatdırıram. İnanıram ki, onun oradakı fəaliyyəti hər zaman sözə xidmət üzərində qurulub. O zaman Atatürk deyirdi ki, gəlin, ölkələrə səfirləri şairləri göndərək, çünki onlar daha çox vətənpərvərdirlər. Bu kitab yaxın günlərdə qırğız dilinə tərcümə olunacaq və Qırğızıstanın ən nüfuzlu bir universitetində təqdimatını edəcəyik. İbrahim İlyaslı, Rəsmiyyə Sabir, Təranə Turan, Gülnar Səma, Ümid Nəccari, Tural Turan, Xan Rəsuloğlu, Əkbər müəllimin özü, Elməddin Nicat, Faiq Balabəyli, İntiqam Yaşar,, Günel Eyvazlı, Aysel Səfərli və digər bu kitabın tərcümanları kifayət qədər tanınan, söz deyən və qələmləri olan şəxslərdir. Bu münasibətlə hər birinizə təşəkkür edirəm. Ümid edirəm ki, bu son görüş olmayacaq”.

S. Vəliyeva “Kaspi” qəzeti adından iki ölkənin müştərək duyğularından bəhs edən ornometlərdən hazırlanmış xalçanı Ə.Qoşalıya təqdim edib.(azadinform.az)