- Mədəni adam
- 15 Avqust 2019 12:27
- 6 084
Elə bir insan yoxdur ki, öz doğum gününü gözləməsin - Afaq Bəşirqızı
Bu gün, avqustun 15-i xalq artisti, görkəmli sənətkar, “Şöhrət” ordenli Afaq Bəşirqızının doğum günüdür
Xalq artisti 64 yaşını qeyd edir. Musavat.com-un əməkdaşı bu münasibətlə Afaq Bəşirqızının təəssüratlarını öyrənməyə çalışıb..
Xalq artisti doğum gününü öz yaxınları, doğmaları ilə birgə keçirəcəyini bildirib:
“Bu gün mənim üçün önəmli gündür. Ümumiyyətlə, elə bir insan yoxdur ki, onun doğum günü önəmli olmasın. Sadəcə, doğum gününün qeydiyyatı fərqli olur, kimisi sakit şəkildə, kimisi təmtəraqlı keçirir. Amma qeyd etdiyim kimi, elə bir insan yoxdur ki, öz doğum gününü gözləməsin, özləməsin və yaxud adi günlərdən biri saysın, yəni belə bir şey ola bilməz.
Dünəndən telefonum susmur, sosial şəbəkələrdə çoxlu sayda insanlar təbriklər ünvanlayırlar. Beləliklə, doğum günü təbriklərim dünəndən başlayıb. Bu qayğını, sevgini hər kəsin qazanmasını istəyirəm. Hamı öz insanlığını, böyüklüyünü özlüyündə dərk etməlidir. O böyüklüyü müştəbehlik üçün deyil, insanlar üçün xərcləməlidir.
Özümə can sağlığı, həyata baxışımın sarsılmamasını, əzəmətimin qırılmamasını arzulayıram . Eyni zamanda Allahın mənə verdiyi xasiyyəti hər hansı bir xəstəliklə nasazlıqla bir detalla zəifləməsini istəmirəm. Allaha şükür ki, bu günə də bunun hamısı qalıb, bundan sonra da qalmasını arzulayıram”.

Afaq Bəşirqızı "Bəxt üzüyü" filmində Söylü rolunda
Xatırladaq ki, Afaq Bəşirqızı 1955-ci ildə Bakı şəhərində, Azərbaycanın görkəmli sənətkarı Bəşir Səfəroğlunun ailəsində anadan olub. 1974-1979-cu illərdə İncəsənət Universitetinin mədəni-maarif fakültəsində təhsil alıb. Ailəlidir, bir oğlu var.
Afaq xanım aktyorluq fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Dram Teatrında başlayıb. İlk rollarından özünü istedadlı, işgüzar, səhnəyə böyük məhəbbətlə bağlı, daim axtarışda olan sənətkar kimi göstərərək, tamaşaçıların dərin rəğbətini qazanıb.
1975-ci ildə Sumqayıt Dövlət Dram Teatrında işləməyə başlayıb. Əsasən komik rolların ifaçısı kimi daha da püxtələşən Afaq Bəşirqızı Sumqayıt teatrında klassik və müasir dramaturqların əsərlərində baş rolları ifa edərək, şöhrət qazanıb.
1989-cu ildə Afaq Bəşirqızı Musiqili Komediya Teatrına dəvət alıb. Bu illər ərzində o "Subaylarınızdan görəsiniz" əsərində - Səməni, "O olmasın, bu olsun"da Sənəm, "Bankir adaxlı" tamaşasında Nisə, "Məhəbbət oyunu" tamaşasında Səltənət, "İtkin ər"də Məleykə, "Məsmə xala dayımdır"da Məsmə və s. tamaşalarda baş və əsas rolları oynayaraq bir-birindən maraqlı obrazlar yaradıb.
"Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "Bəxt üzüyü", "Girov" filmləri Afaq Bəşirqızının ifası ilə daha da yaddaqalan olub. Onun milli televiziyada yaratdığı Zəhra xalaqızı ("Yaşıl eynəkli adam"), Suğra ("Bala bəla sözündəndir"), Darçınbəyim ("Evləri köndələn yar"), Ayka ("Yarımştat"), Gülya ("Nekroloq") rolları aktrisanı daha da məşhurlaşdırıb.
A.Bəşirqızı 1989-cu ildə "Əməkdar artist", 1993-cü ildə "Xalq artisti" adına layiq görülüb. O, 2 dəfə - 1993-cü və 2003-cü ildə "Qızıl Dərviş" mükafatı qazanıb, kino fəaliyyətini davam etdirir, televiziyada və dövlət konsertlərində çıxış edir. 9 may 2012-ci ildə Prezident mükafatına layiq görülüb. (Musavat.com)