Bu gün Azərbaycanın ilk qadın xalq şairəsi Mirvarid Dilbazinin doğum günüdür. O, 1912-ci ildə Qazağın Xanlıqlar kəndində dünyaya gəlib Bu gün Azərbaycanın ilk qadın xalq şairəsi Mirvarid Dilbazinin doğum günüdür. O, 1912-ci ildə Qazağın Xanlıqlar kəndində dünyaya gəlib

Fikrət Qoca Mirvarid Dilbazi ilə bağlı xatirəsini danışdı - "Onu çox istəyirdim"

Bu gün Azərbaycanın ilk qadın xalq şairəsi Mirvarid Dilbazinin doğum günüdür. O, 1912-ci ildə Qazağın Xanlıqlar kəndində dünyaya gəlib

Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qoca AzNews.az-a açıqlamasında Mirvarid Dilbazi ilə bağlı xatirələrini bölüşüb:

“Mirvari Dilbazi bizim poeziyamızın ağbirçəklərindən biri idi. Mən Mirvari xanımı çox istəyirdim. O, bizim xanım şairimiz idi. İncə qəlbli bir xanım idi. Dövlət Mükafatına təltif olunmaq üçün sənədlərimi vermişdim. Eşitdim ki, Mirvari xanım da namizəddir. Təcili gedib sənədlərini geri götürdüm. Çox-çox sonralar o, bundan xəbər tutdu. Dedi ki, “sən niyə sənədlərini geri götürmüsən?". Dedim ki, necə olmalıydı, siz varsınızsa, bir addım geridə olmalıyıq. Özünə və yaradıcılığına hörmət qoyan bir xanım idi. Xatirəsi də böyük sevinclə anılır. Bu, dünyasını dəyişən hər adama nəsib olan şey deyil. Allah ona rəhmət eləsin”.

Xatırladaq ki, XX yüzillik Azərbaycan şeirinin görkəmli yaradıcılarından biri - Xalq şairi Mirvarid Dilbazi 70 ildən artıq yaradıcılıq yolu keçib, lirikamızın rəngarəng və kamil nümunələrini yaradıb. Mirvarid Dilbazi 1912-ci il avqust ayının 19-da Qazax rayonunun Musaköy (indiki Xanlıqlar) kəndində anadan olub. APİ-nin dil və Ədəbiyyat-İctimayyət fakültəsində təhsil alıb (1929). İnstitutu bitirdikdən sonra gənc şairə Quba Partiya Məktəbinə ədəbiyyat müəllimi təyin olunub. İki ildən sonra Bakıya qayıdan Mirvarid xanım Azərbaycan EA-nın Əlyazmaları fondunda şöbə müdiri (1934-1938), Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi (1938-1940) vəzifələrində çalışıb.

"Qadınların hüriyyəti" adlı ilk şeiri 1927-ci ildə "Oktyabr alovları" adlı məcmuədə dərc edilib. Bu dərgidə, o cümlədən şairənin keçən əsrin 20-ci illərinin axırlarında yazılıb, Azərbaycan qadınlarının yeni həyat yollarını tərənnüm edən "Zəhra", "Qurtuluş", "Qadın" kimi şeirləri dərc olunub. Böyük Vətən müharibəsi illərində bir çox sənətkarlarımızda olduğu kimi, M.Dilbazi yaradıcılığında da vətəni müdafiə mövzusu əsas yer tutub. Bu illərdə şairənin yeddi kitabı çap olunub ki, bunların altısı Vətən müharibəsinə həsr edilib. "Məhsəti" (1945), "Əlcəzairli qız" (1961), "Partizan Aliyə" (1972) poemalarının müəllifidir.

Şairin "Məhsəti" poeması süjetinin genişliyi,məzmun zənginliyi baxımından seçilən əsərlərindəndir. "Məhsəti" poeması məşhur rübai ustası M.Gəncəvinin həyatı, ədəbi və ictimai fəaliyyətindən bəhs edir. "Əlcəzairli qız" əsəri real faktlar əsasında yazılıb. İkinci dünya müharibəsindən sonra Şərqdə genişlənən azadlıq hərəkatı, müstəmləkəçiliyə qarşı mübarizə yeni mərhələyə daxil olub. Bu illərin siyasi mənzərəsini diqqətlə izləyən şairə Əlcəzair hadisələrinin mərkəzində dayanan Cəmiləni və onunla bağlı azadlıq hərəkatını poeması üçün mövzu seçib.

M.Dilbazinin şeirləri yalnız mövzu rəngarəngliyi ilə deyil, həmçinin forma müxtəlifliyi və fikrin bədii ifadəsi baxımından da yetkin sənət nümunəsi səviyyəsinə qalxmış, şeir xəzinəmizi zənginləşdirib. M.Dilbazinin 70-80-cı illərdə "Bənövşələr üşüyəndə" (1970), "Ana qanadı" (1972),"Dağ çiçəyi" (1977), "Yasəmən fəsil", "Seçilmiş şeirlər" (1979) şeir kitabları və nəhayət, 3 cilddə "Seçilmiş əsərləri" (1982-84) çap olunub, ona Azərbaycanın Xalq şairi fəxri adını qazandırıb.

Bəstəkarlardan Süleyman Ələsgərov, Tofiq Quliyev, Fikrət Əmirov, Şəfiqə Axundova, Ağabacı Rzayeva və başqaları şairənin sözlərinə mahnılar, romans və oratoriyalar bəsləmişlər.

Nizami Gəncəvi, Xaqani Şirvani, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, N.Tixonov, Samuil Marşak, Sergey Mixalkov və başqa şairlərin əsərlərini, Evripidin "İppolit" faciəsini tərcümə edib. Əsərləri xarici dillərə tərcümə olunub.

Mirvarid Dilbazi 2001-ci il iyulun 12-də vəfat edib.

Bahar RÜSTƏMLİ

AzNews.az