“Nəsimi ili”nə ən böyük töhfə - Sami Yusufun ifası gündəm yaratdı

Hazırda "Youtube"da 200 minə yaxın istifadəçi kompozisiyanı izləyib

Dünya şöhrətli müğənni Sami Yusufun Nəsiminin "Sığmazam" qəzəli əsasında hazırladığı 7 dəqiqəlik kompozisiya sosial şəbəkələrin gündəminə çevrilib.

Kompozisiya Sami Yusufun Youtube-dakı rəsmi kanalında, Facebook-da isə ilk olaraq Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi səhifəsində paylaşılıb və bu gün sosial şəbəkə istifadəçilərinin, xəbər saytlarının əsas xəbərlərindən biri olub.

Sami Yusufun özünəməxsus tərzdə ifa etdiyi "Sığmazam” kompozisiyası sentyabrın 9-u axşam saatlarında Komitənin Facebook səhifəsinə yerləşdiriləndən sonrakı qısa müddətdə 1500 nəfərə yaxın izləyici tərəfindən bəyənilib, 900-dən çox istifadəçi onu paylaşıb, onlarla insan şərh yazıb. Videonu "Youtube"dan paylaşanlar arasında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Mədəniyyət Nazirliyinin, AzTV-nin, “ASAN radio”nun Facebook səhifələri də var.

Hazırda "Youtube"da 200 minə yaxın istifadəçi kompozisiyanı izləyib.

Qeyd edək ki, Azərbaycan əsilli Britaniya müğənnisi və bəstəkarı Sami Yusufun ifasında dahi şair İmadəddin Nəsiminin "Sığmazam” qəzəli əsasında ərsəyə gələn kompozisiya Mədəniyyət Nazirliyinin sifarişi ilə Nəsiminin 650 illik yubileyinə həsr olunub.

AzNews.az