Kukla Teatrında “Yeddi nar çubuğu”

Nağıl-tamaşanın fərqli səhnə tərtibatı olacaq

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 88-ci mövsümündə tamaşaçıların görüşünə maraqlı tamaşa ilə gəlir.

AzNews.az xəbər verir ki, teatr Azərbaycanın məişət nağılları sırasında ibrətamizliyinə görə xüsusi yeri olan “Yeddi nar çubuğu”na müraciət edib. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir.

Kiçikhəcmli nağılı publisist Zülfüqar Rüfətoğlu pyesə çevirib. Azərbaycan Dövlət Kukla Teatrı, “ITALDIZAIN” şirkəti və Fransanın Bakıdakı “Cartier zinət evi”nin dəstəyi ilə ərsəyə gələn nağıl-tamaşanın fərqli səhnə tərtibatı olacaq.

“Yeddi nar çubuğu”nda obrazları əməkdar artistlər Rəhman Rəhmanov, Cəmilə Allahverdiyeva, aktyorlar Rəhim Rəhimov, Ramiz Qəmbərov, Yasin Abbasov, Araz Həsənli, Samirə Nəcəfova və Aygül Ağayeva oynayacaqlar.

Bahar RÜSTƏMLİ

AzNews.az