ABŞ-da Şuşa barəsində sənədli film təqdim edilib

ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycanın mədəniyyət paytaxtına həsr edilmiş "Şuşanın dağları başı dumanlı" bədii-sənədli filminin təqdimatı keçirilib.

ABŞ-Azərbaycan Ticarət Palatasında keçirilən təqdimat mərasimi respublikamızın Birləşmiş Ştatlardakı Səfirliyinin və Vaşinqton Piano İncəsənəti Şurasının təşkilatçılığı ilə baş tutub.

Mərasimdə ABŞ-da akkreditə olunmuş səfirliklərin diplomatları, ictimaiyyət nümayəndələri, Azərbaycan icmasının üzvləri, o cümlədən bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak edibər.

Tədbirdə Türkiyədə baş vermiş zəlzələ qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov, səfirliyin əməkdaşı Erkin Heydərli, "Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai birliyinin sədri Şəhla Nağıyeva və Vaşinqton Beynəlxalq Piano İncəsənəti Şurasının təsisçisi və İdarə heyətinin sədri Şato Qardeçki film haqqında fikir və düşüncələrini paylaşıblar.

Çıxışlarda bildirilib ki, sənədli film ölkə başçısı İlham Əliyevin sərəncamı ilə 2022-ci ilin Azərbaycan Respublikasında "Şuşa ili" elan edilməsi ilə əlaqədar "Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və İctimai Televiziyanın maliyyə dəstəyi ilə istehsal edilmiş və ingilis dilinə dublyaj edilib.

Qarabağın incisi Şuşa şəhərinin salınma tarixinə həsr edilmiş filmdə həmin dövrlərə arxiv sənədləri, dünyaca məşhur yazıçı və tarixçilərin əsərləri əsasında işıq salır.

Film qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. (report)