Bu kino ki var, həm qəlizdir, həm də ki vacib: Tanınmışlar Azərbaycan kinosunun bu gününü dəyərləndirir

Bu gün Azərbaycan kinosu 125-ci yaşını qeyd edir.

AzNews.az olaraq 125 illik kino tariximiz və onun bu gün qarşılaşdığı problemlərlə bağlı tanınmış kino xadimləri ilə söhbətləşdik.

"Dərviş Parisi Partladır" filmindən Şahbaz bəy rolu ilə hamının yaddaşında qalan Ənvər Həsənov Kino günü ilə bağlı təəssüratlarını bizimlə bölüşüb.

“Problem ondadır ki, bu gün biz peşəkar rejissor və aktyorları çox az görə bilirik. Kinoda çalışanlar da yaranan problemlərin öhdəsindən kompyuter vasitəsilə asanlıqla gələ bilirlər. Yaxşı ki, bizim keçmiş filmlərimiz var. Allah bu filmləri ərsəyə gətirənlərə rəhmət etsin. Bizim vaxtımızda çəkilən filmlərə insanlar hələ də baxır”.

Aktyor qeyd edib ki, o dövr filmlərdə ədəb-ərkan var idi: “Kino işi çox qəliz məsələdir. Amma qəliz olmasına baxmayaraq bizim illərdə nəzarət edən qurumlar bildirirdi ki, bütün incəsənət növlərindən bizim üçün ən önəmlisi kinodur. Kino güzgüdür. Kino vasitəsilə biz millətimizin cəsarətini, qabiliyyətini, qonaqpərvərliyini və digər xüsusiyyətlərini başqa millətlərə çatdıra bilirik. Təəssüflər olsun ki, bu gün sadaladığım amilləri görə bilmirik. Yenə köhmə filmlərin çəkildiyinə sevinirik. 60 ilə yaxındır ki, Azərbaycanda kino sahəsində çalışmışam. 70-ə yaxın filmə çəkilmişəm. İnsanlar özləri də bildirir ki, yaxşı ki keçmişdə çəkilən filmlər var”.

Məşhur “Qaynana” filmindən İlqar rolu yaddaşlarda qalan İlham Namiq Kamalın da fikirlərini öyrəndik. O bildirdi ki, bu yaxınlarda Mədəniyyət Nazirliyinin bialvasitə rəhbərliyi ilə Kino Forumu keçirilib.

“Orada bir çox sənət adamları iştirak edirdi. Bu gün mənim üçün Azərbaycan Film Kinostudiyasının milliləşdirilməsi lazımdır. Kinostudiyanın bu gün nə qədər acınacaqlı vəziyyətdə olduğu hamımıza məlumdur. Bura təmir olunmalı və texniki təchizatlarla təmin edilməlidir”.

Aktyor vurğulayıb ki, illər əvvəl buranın vəziyyəti çox yüksək səviyyədə idi.

“Kinostudiyanın əsl simasına geri qaytarmaq lazımdır. Bundan əlavə dublyaj sahəsində də ciddi problemlər var. Kinostudiyada dublyaj üçün yer ayırılmışdı. Orada ən yaxşı filmləri Azərbaycan dilində yüksək səviyyədə dublyaj edirdilər. İnanıram ki, Azərbaycan kinosu bu gündən sonra da inkişaf edəcək. Çünki bizim bu sahədə çox istedadlı gənc aktyorlarımız və rejissorlarımız var. Mən Azərbaycan kinosuna uğurlu sabah arzu edirəm”.

Kinorejissor, ssenarist və aktyor Şeyx Əbdül Mahmudov isə saytımıza açıqlamasında deyib ki, dünənki kinolarımız bizim intibah dövrümüz idi.

“Bu gün bizə ad-san gətirən klassik kinolarımız hamıya məlumdur.Azərbaycan kino tarixində yeni bir mühit formalaşır. İdeoloji təbliğat dünyanın ən möhtəşəm silahından da, iqtisadiyyatından da daha önəmlidir. Burada da birinci planda gələn kino sahəsidir. Dünya durduqca kino qapı-qapı gəzir”.

Ə. Mahmudov onu da qeyd edib ki, 60-80-ci illərdə çəkilən Azərbaycan filmləri bu gün dünyanın bir çox yerlərində yüksək səviyyədə nümayiş olunur.

“Bu filmlər o dövrün məhsulu idi. Yeni dövr kinolarımızın formalaşmasına ümidlərimiz böyükdür. Mədəniyyət naziri Adil Kərimli də bizə bu barədə təsəlli verdi. Bununla bağlı bir sıra işlər görülməyə başlayıb. Kino elə bir sahədir ki, onsuz həyatda yaşamaq qeyri-mümkündür. Kino olmadan cəmiyyət inkişaf edə bilməz. Kino mədəniyyət sahəsində ideoloji bir silahdır. İnanıram ki, maddi-texniki baza dünya standarlarına cavab verəcək və bu sahəyə maliyyə ayrılacaq. Biz məsələ qaldırmışıq ki, kino akademiyamız bərpa olunsun. Bu gün Kino gününü qeyd edirik. Mən inanıram ki, bir neçə il sonra kinomuz daha da inkişaf edəcək. Tamaşaçılarım da bundan razı qalacaq”.

Kinorejissor Ayaz Salayev də Azərbaycan filminin 125 illik tarixi haqqında danışarkən deyib ki, bu gün böyük gündür.

"Mən bu gün 125-ci ili tamam olan Azərbaycan kinosunun gələcəyi haqqında düşünürəm. Bu gün böyük gündür. Tarixi dövr yaşayırıq. Öhdəliyimizdə böyük bir vəzifə var. Bugünkü kinomuz dünənə nisbətdə tənəzzülə uğrayıb. Bizə əsl kino və onun gələcəyi lazımdır”.

Ayan Rzayeva

QEYD: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği sahəsi üzrə hazırlanmışdır.