- Mahal
- 25 Aprel 2019 17:10
- 1 594
Şamaxıda zəlzələdən zərərçəkənlər üçün 110 ev tikilir

"66 fərdi yaşayış evi inşa edilir"
Şamaxıda baş verən zəlzələ nəticəsində rayon ərazisində qəzalı vəziyyətə düşən evlərin yenidən tikintisi davam edir.
Bu barədə Şamaxı Rayon İcra Hakimiyyətinin baş memarı, rayon Fövqəladə Hallar Komissiyasının sədr müavini Rüstəm Əliyev deyib.
Onun sözlərinə görə, hazırda 110 evin tikintisi davam etdirilir: "66 fərdi yaşayış evi inşa edilir. Bundan başqa, şəhərin mərkəzində 44 mənzillik 4 mərtəbəli bina inşa edilir. Qəzalı vəziyyətdə olan 12 evin isə söküntüsünə başlanılıb".
R.Əliyev bildirib ki, zəlzələ nəticəsində 5520 ev və obyektə ziyan dəyməsi barədə RİH-ə müraciət daxil olub. Daxil olan müraciətlər əsasında rayon Fövqəladə Hallar Komissiyası 5513 evə baxış keçirib:
"Komissiyanın rəyinə əsasən, bu günə qədər baxış keçirilən evlərin 270-i kəskin qəzalı (dağılmış), 1268 evin bərpası mümkün vəziyyətdə olduğu müəyyənləşib. Baxış keçirilən evlərdən 2169-da təmir işlərinə ehtiyac var. 1806 evin vəziyyətini isə komissiya qənaətbəxs hesab edib".
Xatırladaq ki, fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Fevralın 9-da və 11-də də Pirqulu stansiyasından 8 və 9 km cənub-qərbdə və qərbdə yeraltı təkanlar baş verib.(trend.az)
AzNews.az