• Mahal
  • 27 May 2019 08:36
  •  5 115

Afaq Məsudu ”nəsrimizin kraliçası" adlandırmışdım - Sabir Rüstəmxanlı

“Kraliça” xalq yazıçısı olmaya bilməzdi

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin sərəncamı ilə bir neçə şair və yazıçıya, mədəniyyət xadiminə fəxri adlar veriliib. Onların arasında Ramiz Rövşən, Musa Yaqub, Vahid Əziz xalq şairi, Kamal Abdulla, Natiq Rəsulzadə, Afaq Məsud isə xalq yazıçısı fəxri adına layiq görülüb.

Azərbaycanın çox dəyərli şairləri Ramiz Rövşən və Musa Yaqubun bu cür fəxri ada layiq görülməsi çoxdan gözlənilən idi. Hətta buna qədər fəxri ad almasalar belə, həm qələm dostları, həm də oxucular onları xalqın şairi kimi qeyd edirdilər.

Ramiz Rövşən və ile ilgili görsel sonucu

Artıq “xalq şairi” fəxri adına layiq görülən Musa Yaqubun oğlu modern.az saytına açıqlamasında bildirib ki, atası bu xəbəri eşidəndə çox kövrəlib: “Atam hazırda xəstədir. Bu xəbəri biz telefon vasitəsilə bildik. Xəbəri eşidib çox sevindi və kövrəldi”.

Xatırladaq ki, 82 yaşlı Musa Yaqub uzun müddətdir ki, parkinson xəstəliyindən əziyyət çəkir.

Afaq Məsud ile ilgili görsel sonucu

Xalq şairi adına layiq görülən Ramiz Rövşən ilə əlaqə saxlaya bilməsək də, xalq yazıçısı adını almış Afaq Məsudun təəssüratlarını öyrənə bildik. Afaq Məsud bu cür fəxri ad almağın onun üçün gözlənilməz olduğunu bildirdi: “Bu mənim üçün həm gözlənilməz oldu, həm də çox sevindirdi. Bu yaradıcılığıma verilən yüksək qiymətdir. Xüsusən isə Ramiz Rövşən və Musa Yaqubun xalq şairi adını almasına çox sevindim. Onlar bu ada çoxdan layiq idilər”.

Xalq şairi Sabir Rüstəmxanlı da fəxri adlara layiq görülən qələm dostlarına öz təbriklərini çatdırdı: “Respublika Günü ərəfəsində prezidentimiz tərəfindən qələm dostlarımıza fəxri ad verilməsi məni ürəkdən sevindirdi. Fəxri ad alan Musa Yaqub və Ramiz Rövşənə həmən zəng edib təbrik etdim, sevincimi paylaşdım. Bu qələm dostlarmıza, eyni zamanda ədəbiyyatımıza verilən qiymətdir. Xüsusi bir dostumuz da var, Vahid Əziz. O da bu ada layiqlidir. Bildiyiniz kimi, nəsr sahəsində Kamal Abdulla, Afaq Məsud da fəxri ada layiq görülüb. Bir dəfə bir məqaləmdə Afaq Məsudu ”nəsrimizin kraliçası" adlandırmışdım. Əlbəttə ki, “kraliça” xalq yazıçısı olmaya bilməzdi".

Sabiq Rüstəmxanlı ile ilgili görsel sonucu

Sabiq Rüstəmxanlı illər öncə “xalq şairi” adı alarkən yaşadığı təəssüratları da bölüşüb: “Mən bu fəxri ada 2005-ci ildə layiq görülmüşəm. Bununla da mənim bir sirrim açıldı. Belə ki, 1980-ci illərdən başlayaraq hər yerdə haqqımda nə yazılırdısa xalq şairi kimi qeyd edirdilər. 2005-ci ildə mənə bu ad veriləndə məlum olmuşdu ki, xalq şairi deyiləm. Eləcə də Ramiz Rövşən və Musa Yaqub xalqın şairi olublar və onların fəxri ad alması məni çox qürurlandırdı”.

Xalq şairi Nəriman Həsənzadə də qələm dostlarının fəxri ada layiq görülməsini böyük sevinclə qarşıladığını bildirdi:

“Həm Ramiz Rövşən, həm də Musa Yaqub çox sevdiyim şairləridir. Rövşən vaxtilə bizim dərnəyimizin üzvü olub və nə yaxşı ki, bu gün o da fəxri ada layiq görülənlərin sırasındadır. Hər iki şairə bu fəxri ad ana südü kimi haladır. Əlbəttə ki, şair həmən şairdir, ilham həmən ilhamdır. Lakin hər kəsin ürəyi sığal, xoş söz istəyir. Bu gün dəyərli şəxslərimizə dövlət tərəfindən qiymət qoyulur, xoş söz deyilir, bu çox gözəldir. Bildiyiniz kimi, Musa Yaqub hazırda xəstədir. Allahdan ona şəfa diləyirəm. Nə yaxşı ki, prezidentimiz bu cür şəxsləri unutmur, yada salır. Eləcə də digər şair və yazıçılarımız aldıqları fəxri ada layiqdirlər. Xalq yazıçısı adına layiq görülən Afaq Məsudun ailəsini çox yaxından tanıyıram. Onun babası Əli Vəliyev çox yaxşı ədəbi-tənqidçi idi. Afaq Məsudun özü də çox istedadlı, savadlı, alicənab, təvazökar insandır. Rus dilində yazan Natiq Rəsulzadə də çox gözəl yazıçıdır. Ümumiyyətlə, onların hamısı Sovet dövründə tərbiyə alıblar və onların heç biri üzlü insanlar deyil. Ümumiyyətlə, istər istedadlı, istərsə də istedadsız insan olsun, üzlüdürsə qətiyyən sevmirəm”. (Musavat.com)