Şəkərbura, paxlava və digər şirniyyatlardan öncə çərşənbələrdə süfrəyə gələn qovut bayram təamları içində baharın ilk müjdəçisi də sayılır Şəkərbura, paxlava və digər şirniyyatlardan öncə çərşənbələrdə süfrəyə gələn qovut bayram təamları içində baharın ilk müjdəçisi də sayılır
  • Mahal
  • 28 Fevral 2021 16:00
  •  5 045

Qovut - süfrəmizdə baharın ilk müjdəçisi FOTO VİDEO

Şəkərbura, paxlava və digər şirniyyatlardan öncə çərşənbələrdə süfrəyə gələn qovut bayram təamları içində baharın ilk müjdəçisi də sayılır

Tovuzun Yuxarı kəndində nənələrimizdən qalma adət-ənənələrimiz, onların Novruz mətbəxi indi də qorunub saxlanılır.

AzNews.az xəbər verir ki, Novruzun gəlişi təkcə təbiətdə deyil, insanların uzun illər qoruyub saxladığı ənənələrdə də özünü göstərməkdədir. Bahar çərşənbələrində hər evdə sac asılır, buğda-qarğıdalı qovrulur, sonra kirkirədən keçirilir.

Bəziləri buğdanı dəyirmanda da üyüdür. Amma Nəbiyevlər ailəsi qədim el adətini hər il elə nənələrimizin ənənələri ilə gerçəkləşdirməyi üstün tutur. Şəfayət nənə bu il nəvələrinə daha həvəslə qovut hazırlayır. “Nənələrimiz uşaq vaxtı bizə də qovut hazırlayardı. Qovut martın axırına kimi süfrələrimizi bəzəyir. Bu şirniyyatın insana heç bir ziyanı yoxdur. Ona təbii dad verən də məhz kirkirədən çıxmasıdır. Uşaqlar da sevir, yaşlılar da”, - deyə Şəfayət Nəbiyeva bildirib.

Qovut bu kənddə bayramöncəsi çərşənbələrdə süfrəni bəzəyən əsas təamlardandır. Elə də şirin olmayan, qovrulmuş buğda və qarğıdalı qarışığından hazırlanan una zövqə görə şərbət və bəhməz qatılır.

Uzun müddət xarab olmadığından qovut səfərə çıxanların, köç edənlərin sevimli azuqəsi olub. Ona görə də bu gün uşaqdan-böyüyə hər kəsin sevdiyi qidadır. Şəkərbura, paxlava və digər şirniyyatlardan öncə çərşənbələrdə süfrəyə gələn qovut bayram təamları içində baharın ilk müjdəçisi də sayılır. Qovutun üyüdülmüş formada satışı da həyata keçirilir.

Yaşlı nəslin nümayəndələrinin sözlərinə görə, qovut doyumlu qida olduğundan keçmişdə aclıq və çətin günlərdə çörək əvəzinə istifadə edilib. Ən çox da qışda yeyilib. Yuxarı Öysüzlü kənd sakini Aqil Nəbiyev qeyd edib ki, əslində, qovutun tarixi bilinmir: “Deyilənə görə çox qədimdən, Xıdır peyğəmbərin vaxtından hazırlanır. Mən qovutu uşaqlıqdan görmüşəm. Bu gün də bayram öncəsi süfrələrimizi bəzəyir”.(AZƏRTAC)

AzNews.az