Ağdaban, Ağ göl, Ağ hasar Ağdaban, Ağ göl, Ağ hasar
  • Mahal
  • 6 Sentyabr 2021 14:08
  •  7 351

Zəngəzur toponimləri

Ağdaban, Ağ göl, Ağ hasar

Əvvəli burada

Ağdaban – Zəngəzuru Naxçıvan MR və Dərələyəzdən ayıran Zəngəzur silsiləsinə aid (Sisyan rayonunda) dağ adıdır. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda 7777 fut hündürlükdə olduğu göstərilmişdir. Rəng bildirən ağ (torpağın suxurundan rənginə görə) və türk dillərində geniş yayılmış "daban", "tavan" "dağ aşınmı" sözlərindən ibarətdir. Kəlbəcər rayonundakı Ağdaban dağı, Ağdavan çayı və kəndi ilə eyni toponimik məna ifadə edir.

Ağdağ - Qafan rayonunda dağ adıdır. Ərazinin "ağ" və "dağ" sözlərindən dağın ağ rəngli süxurlarla örtülməsi ilə bağlı yaranmış oronimdir. Sifət bildirən "ağ" ifadəsi ilə bağlı Zəngəzur ərazisində xeyli toponim vardır.

Ağ göl - Qafan rayonunda kənd adı. Qaradağ kəndindən şimal-qərbdə kənd yeri. Bu yerdə həm də göl olmuşdur. Toponim gölün ətrafındakı ağ rəngli süxurların mövcudluğu ilə əlaqədar olaraq yaranmışdır. XX əsrin əvvəllərində dağıldığı güman edilir.

Ağ hasar - Qubadlı rayonunun Mirlər kəndi yaxınlığında ziyarətgah. Burada Mir Sədi ağa nəslindən olan Seyidlərin qəbirləri vardır. Toponim pak, müqəddəs anlamı bildirən "ağ" (Laçın rayonundakı Ağoğlan məbədi də bu anlamdadır.) və ziyarətgahın çevrəsini müəyyən edən "hasar" sözlərindən yaranmışdır. "Ağ hasar"da müqəddəslərin qəbirləri üstə qıraq yandırar, niyyətlərinin hasil olmasını diləyirdilər.

Ardı var...

Mənbə: Musa Urud “Zəngəzur toponimləri”, Bakı-2013