Aqarak, Aqavyurd, Aladin, Alagöllər Aqarak, Aqavyurd, Aladin, Alagöllər
  • Mahal
  • 22 Sentyabr 2021 13:17
  •  5 571

Zəngəzur toponimləri

Aqarak, Aqavyurd, Aladin, Alagöllər

Əvvəli burada

Aqarak (Akarak) – Mığrı rayonu ərazisində yerləşən fəhlə qəsəbəsi. Yerli tələffüzdə Əkərək, yaxud Əyərək. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beş-verstlik xəritəsinin adlar göstəricisi" toplusunda Aqarak və Aqarek adlı iki yaşayış məntəqəsinin olduğu göstərilir. Rayon mərkəzindən 9 km cənub-qərbdə, Araz çayının sol sahilində yerləşir. Qafqazda geniş yayılmış qədim toponimlərdən olan Aqarak (Əkərək) keçmişdə "sahibkar mülkü", "sahibkar təsərrüfatı", "yaşayış yeri" mənasında işlənmişdir. Mənşəcə şumer dilinə aid edilən aqarakar (əkin yeri, əkilən sahə) sözü ilə əlaqələndirilir. Toponimin həkəri tayfasinin adı ilə bağlı olduğuna dair fikirlər də vardır. Azərbaycanlılarla bərabər erməni və ruslar da yaşamışlar. 1988-ci ildə azərbaycanlılar qovulublar.

Aqavyurd - Sisyan rayonunda kənd adı. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazin beşverstlik xəritesinin adlar göstəricisi" toplusunda göstərilmişdir. Çox güman ki, ağa yurdu mənasındadır. 1918-ci ildə kənd dağılmışdır. Alaçadırlı Məzməzək - Sisyan rayonunda yaylaq obası. Zəngəzurda yaşayan məzməzəkli nəslinin yaylaq yeri olmuşdur. Bəzi mənbələrdə, təəssüf ki, bu oba kənd kimi göstərilmiş və adı Alçadərəli Məzməzək kimi getmiş, toponim alça bitkisinin bol olduğu dərənin adı ilə bağlı izah olunmuşdur. Əslində bu toponim Məzməzək kəndindən olan Alaçadırlı adlanan bir tayfanın adı ilə bağlıdır. Maldarlıqla məşğul olan bu tayfa yayı Sisyan dağlarında, qışı isə Bərdə düzlərində keçirirdi. Sonradan oturaq həyata keçirirdi. Sonradan oturaq həyata keçən alaçadırlı nəsli Bərdədə Alaçadırlı kəndini salmış, Sisyanda isə onların Alaçadırlı Məzməzək adlı oba yeri olmuşdur.

Aladin – Zəngilan rayonunda kənd. Gilətağ kənd inzibati ərazi vahidliyinin tabeliyindədir. Kənd rayon mərkəzindən şimal-qərbdə, rayonun 14 km-də yerləşir. Aladin kəndi Vənədli kəndinin şimal hissəsində olub təsərrüfat işlərində eyni ərazidən istifadə edirlər. Kənddə işğala qədər (1993) müxtəlif sosial obyektlər və 7 ev, 45 nəfər əhali olmuşdur. Yerli əhalinin dediyinə görə, kəndi 1826-28-ci illərdə Rusiya-İran müharibəsindən sonra Cənubi Azərbaycanın Aladin kəndindən gəlmiş azərbaycanlı ailələr salmışdır.

Ala göllər – Laçın rayonu ərazisinin şimal-şərqində. Qarabağ yaylasında dağ. Hündürlüyü 3175 m. Dağın adı yaxınlıqdakı eyniadlı göllərin adı ilə əlaqədardır.

Ardı var...

Mənbə: Musa Urud “Zəngəzur toponimləri”, Bakı-2013