• Mahal
  • 23 Aprel 10:38
  •  5 158

Laçında daha bir qələbə

Bu dəfə laçınlılar idman yox, intellekt yarışına çıxıblar.

Şəhərdəkı «Laçınema» kinoteatrında ikinci “Audiokitab bilik yarışması” keçirilib. «Bilmək qazandırır» şüarı ilə baş tutan intellektual oyunda iştirakçılar həm təcrübə, həm bilik, həm də mükafat qazanıblar.

Yarışmada Laçın şəhəri 2 saylı məktəbi və Zabux kənd məktəbinin 3-6-cı sinif şagirdləri iştirak ediblər. Oyunun şərtinə görə, şagirdlər Audiokitab tətbiqində yerləşdirilmiş 5 əsəri öncədən dinləyirlər. Peşəkar aktyorların səsləndirdiyi əsərləri mənimsəyən uşaqlar oyun vaxtı biliklərini sınayırlar. Audiyoriyaya həmin əsərlərə aid suallar verilir - ilkin təqdim olunan sadə suallar növbəti mərhələlərdə qəlizləşdirilir. Əsəri diqqətlə dinləyənlər, həmçinin oyun vaxtı çevik tərpənib doğru cavabı tez səsləndirənlər üstünlük qazanırlar. Daha çox doğru cavab verən komanda yarışmanın qalibi olur.

Oyunda İvan Turgenevin “Mumu”, Lev Tolstoyun “Qu Quşu”, Jül Vernin “Sirli ada”, Lüis Kerollun “Alisa möcüzələr ölkəsində” və Ernest Hemenqueyin “Qoca və dəniz” audiokitablarından suallar təqdim olunub. Oyunun final mərhələsində iştirakçılar Laçın şəhərinin mədəni və tarixi dəyərləri ilə bağlı suallara da cavab verməli olublar.

Yarışa qatılmaq istəyən 50 şagirddən 20-si 4 komanda şəklində oyunda iştirak ediblər. Şagirdlərin topladıqları ballara görə komandalara mükafatlar təqdim olunub. Budəfəki yarışmada laçınlı qızlar çoxluq təşkil ediblər. Yarışın qalibi “Simurq” komandası olub. “Dəmir yumruq” ikinci, “Qarabağ” üçüncü, “Dəniz” komandası isə dördüncü yerə layiq görülüb.

Nəzərdə tutulub ki, Bakı Abadlıq Xidmətinin təşkilatçılığı ilə Audiokitab MMC hər ay belə yarışmalar keçirsin. Məqsəd uşaqların ədəbiyyata olan maraqlarını stimullaşdırmaq, kitaba, həmçinin audiokitaba sevgi aşılamaq, mütaliə vərdişi yaratmaqdır.

image description image description image description image description image description image description image description image description