Böyük kombinator, yoxsa dahi biznesmen? – Zəncani haqda şok faktlar

Türkiyə vətəndaşı olan Azərbaycan əsilli iş adamı Rza Zərrabın şəriki, iranlı biznesmen Babək Zəncani barəsində İran məhkəməsinin çıxardığı edam qərarı gündəmə bomba kimi düşdü.


O, İran dövlətinin 2 milyard 800 milyon dollar pulunu mənimsəməkdə təqsirli bilinir. Hər gün ölümünə bir qədər də yaxınlaşan Zəncaninin kimliyi, 2,8 milyard dolları necə mənimsəməsi, hara xərcləməsi isə xeyli suallar yaradıb.

Konservatoriya bitirib sürücü işləyən "dərin dövlət" "fədaisi"...

Əsl adı Babək Murtuza Zəncani olan iş adamı 1974-cü il mart ayının 21-də Tehranda anadan olub. Ailəsinə, uşaqlığına dair heç bir məlumat yoxdur. Ümumiyyətlə, fantastik zənginliyinə baxmayaraq, ölkəsində belə tanınmır. Bəzilərinin fikrincə, o, İran "dərin dövlət"inin yetişdirdiyi fədaidir.

Ərəb mənbələrinin yazdığına görə, Zəncani İran konservatoriyasında təhsil alıb. İran ordusunun baş qərargahında xidmət edib. Hərbidən sonra iş karyerasına Mərkəzi Bankda sürücü kimi başlayıb. Belə ki, 1999-cu ildə İran Mərkəzi Bankının rəhbəri Mohsen Nourbaxşın xidməti sürücüsü olub.

B.Zəncaninin zənginliyə gedən yolu haqqında irəli sürülən birinci versiya onun qoyun dərisi biznesi ilə məşğul olmasıdır. Yəni, Zəncani pulunu bundan çıxarıb. Lakin özü 13-14 yaşlarında ticarətə atıldığını, zərgərlik dükanı və valyutadəyişmə məntəqəsi işlətdiyini iddia edir: "Ailəm varlı olub. Atam "eBay"ın qurucularındandır. Əsgərlikdə olanda Mərkəz Bankın rəhbəri Mohsen Nourbaxşın xidməti sürücüsü işləmişəm. Hər gün əlimdən 17 milyon dollar keçirdi. Mində bir komissiya ilə gündə 17 milyon dolları bazara buraxırdım. Nourbaxş öləndən sonra Türkiyədə qoyun dərisi satmağa başladım. Yarım dollara alıb 19 dollardan verirdim. Bir iranlının vasitəsilə heç tanımadığım adama 4 milyon dollarlıq mal göndərdim. Pulumu ala bilmədim və müflisləşdim. Tehrandakı Evin həbsxanasına atıldım".

Kifayət qədər əzmli olan Zəncani iki illik həbsxana həyatı dövründə boş dayanmayıb. Türk dilini öyrənməyə başlayıb. Təbii k, bu, məqsədsiz olmayıb. Azadlığa çıxdıqdan sonra qaçaq yollarla Türkiyəyə keçib 4 milyon dollarını geri qaytarmaq ümidi ilə: "İzmirə getdim. Bir nəfər vasitəsilə bütün çeklərimi geri aldım. İrana qayıdanda İnqilab Keşikçiləri məni tutaraq yenidən həbsə atdılar. 16 gün yatdıqdan sonra zaminə buraxıldım. Pasport çıxarıb İzmirə yollandım. Burada böhran idarəçiliyi üzrə həm təhsil aldım, həm də idxal-ixracla məşğul olmağa başladım. Diş pastası, saqqız, ətir, şampun - nə tapsam, İrana göndərirdim. Çox keçmədən Türkiyə pasportu aldım. Kiçik-kiçik onlarla şirkət qurdum. İzmirdə çox böyük bir anbar kirayələyib ticarət həcmimi 150 milyon dollara çatdırdım".

Daha sonra Babək Zəncani İranda kosmetika fabriki qurmaq sevdasına düşür. Lakin banklar pul vermir. Bu zaman yenə bəxti gətirir. Adı sirr olaraq qalan bir türk bankirlə tanış olur. Həmin şəxs ona ticarətini bank əməliyyatları vasitəsilə aparıb, asan şəkildə kredit almağın yollarını öyrədir.
Zəncani özü bu haqda belə deyir: "Mənə bankdan asanlıqla necə kredit almağın yollarını göstərdilər. Türkiyədəki şirkətlərimi genişləndirdim. "Kont Kosmetic" şirkətini qurdum".

"Hörümçək imperiyası"

Nəzərə çatdıraq ki, B.Zəncani "Kont Kosmetic" şirkəti ilə bərabər "Dış Ticaret Limited" şirkətini də yaradır. Getdikcə fəaliyyət sahəsini kosmetikadan tekstilə, plastikdən qızıl və ləl-cəvahirat idxalına, banklararası pul transfertlərinə qədər genişləndirir.

Türkiyədəki şirkətlərdən qazandığı pullarla Tacikistanda, Ərəb Əmirliyində, Malayziyada, Çində iş qurur. İranda "Qeshm Air" hava şirkətinə, eləcə də "Sorinet Group"a (holdinq kosmetika, infrastruktur, bank, otelçilik, kommersiya aviasiyası, tikinti materialları, məlumat texnologiyaları və beynəlxalq əmlakın inkişaf etdirilməsi sahələrində fəaliyyət göstərir), "Rah Ahan" Tehran futbol klubuna, Malayziyada "First İslamic Bank"ına, "International Safe Oil"ə, Ərəb Əmirliklərində "Sorinet Commercial Trust Bankers"ə, Tacikistanda "Kont Building" şirkətinə sahiblənir.

Qeyd edək ki, "Kont Building" şirkətinə "Kont Bank investment" bankı, Düşənbə avtovağzalı olan "Asian Express Terminal", "Asian Express Airline" hava yolu şirkəti, "Kont tourism Tajikistan" daxildir.

Bundan əlavə, şirkət Tacikistanda "Mərkəzi savdo" hipermarketləri tikməyə başlayıb. Ərazisi 3 hektar olan layihəyə 30 milyon dollar investisiya qoyulduğu bildirilir.
Yeri gəlmişkən, B.Zəncani ipinin üstünə odun yığılmayan adamlardandır. Məsələn, ötən ilin yayında "Kont Building" şirkətinin yetkililəri Zəncaninin holdinqlə heç bir əlaqəsinin qalmadığını, səhmlərin "Kont Kosmetic" və "Dis Ticaret Limited" şirkətinə satıldığını açıqlayıblar. Hansı ki, bu şirkətlər də iş adamının özünə məxsusdur.

B.Zəncaninin şəxsiyyəti ilə bağlı gündəmə gətirilən nüanslardan biri də, onun 30 min dollarlıq qol saatı və qara "Mercedes SL 500" markalı avtomobilidir. Düzdür, iş adamının adı "Forbes" kimi jurnalların siyahısına daxil edilməyib. Amma bildirdiyimiz kimi, o, Malayziyada, Çində, İranda, Dubayda, Tacikistanda, Türkiyədə investisiyalara sahibdir. Zəncaninin hətta Hindistan və digər Asiya ölkələrində sərmayələrinin olduğu istisna edilmir. Sərvətinin bilinən həcmi 13 milyard dollardır. Lakin nəzərə alsaq ki, İran kimi böyük istehsalçının neft satışı onun əlində olub, onun varidatı dünyanın ən varlı adamı Bill Geytslə müqayisə edilə biləcək səviyyədə də ola bilər.

2,8 milyard dolların qaynağı


B.Zəncaninin İran hökuməti ilə əlaqələrinə gəlincə, əslində, hər şey 2010-cu ildə İnqilab Keşikçiləri Korpusunun mühəndislik bölümü olan Xatəm əl Ənbiyanın ona müraciət etməsilə başlayır. Zəncani öz bankı vasitəsilə 40 milyon dollar pulu xaricə çıxarır. O gündən sonra da dövlət təşkilatları Zəncaniyə müraciət etməyə başlayır. Özünün etirafına görə, bu işi bir neçə gün içində həll edir. Mində 7 faiz komissiya ilə pul transferləri 1 milyard dolları aşır. Beləliklə, İran hökuməti ilə işgüzar əlaqələrin yolları açılır. Hətta bundan sonra Zəncaninin İranın kabinet yığıncaqlarına qatıldığı, neft naziri Rüstəm Kasiminin işləri onunla birlikdə icra etdiyi deyilir.

B.Zəncaninin iş adamı kimi fərasətləri bununla bitmir. Onun həm də İranın Neft Nazirliyini, Mərkəzi Bankını, Tacikistan Milli Bankını ələ aldığı iddia edilir. Necə?

İrandan başlayaq. İranın embarqo qoyulmuş neftini xaricə satan iş adamı əldə edilən 17,5 milyard dollarlıq gəlirlə beynəlxalq sanksiyalar səbəbilə nağd vəsait qıtlığı yaşayan İran Neft Nazirliyinin, İnqilab Keşikçiləri və Mərkəz Bankın valyuta ehtiyatı ehtiyaclarını ödəyib. Özünun etiraflarına inansaq, bütün alverlərindən maksimum 0.007 faiz komisyon götürüb.

Tacikistana gəlincə, iş adamının orada təkcə holdinqi yoxdur. Dövlət başçısının belə ona borcu olduğu haqda söhbətlər dolaşır.

B.Zəncaninin qaz vurub qazan doldurması 2013-cü ilin aprel ayına qədər davam edir. Belə ki, adı ABŞ və Avropa Birliyinin sanksiya siyahısına daxil edilən Zəncaninin xaricdəki hesabları dondurulduqdan sonra İrana dollar axını kəsilir. Bununla da İran hökumətinə 2.8 milyard dollar borcunu ödəyə bilmir. Bu tarixdən başlayaraq Türkiyədən İrana qızıl ticarətinə başlayır. Türkiyədə müğənni Ebru Gündeşin həyat yoldaşı Rza Zərrabın da həbsi ilə nəticələnən məlum qaçaq qızıl ticarəti cinayəti də məhz Zəncaninin adı ilə bağlı idi.

Zəncaninin Həsən Ruhani hökuməti ilə münasibətlərinin gərginləşməsində İranın eks-prezidenti Mahmud Əhmədinejadın dövründəki qaranlıq əlaqələrinin də rol oynadığı deyilir.
İş adamının özünə gəlincə, məsələyə münasibəti belədir: "İran Mərkəz Bankına və İran Milli Neft Şirkətinə tətbiq olunan embarqoya baxmayaraq, illərcə ölkəyə pul köçürdüm. Embarqonu deşərək öz şirkətlərimin və xaricdə ortaqlığım olan şirkətlərin qara siyahıya salınmasını gözə aldım. Əgər amerikalıların əlinə düşsəydim, özümü Quantanamoda görərdim. Həbs olunsam, İran Efiopiya olardı. İran Mərkəz Bankına və Neft Nazirliyinə qoyulan embarqoya rəğmən, iki milyard dollar köçürməyi bacardım. Ancaq bəzi dairələr vəziyyəti əleyhimə istifadə edərək mənimlə şəxsi hesablaşmaya gedirlər".

Bu arada iddialar da var ki, Zəncani vaxtilə əlindəki vasitələrdən sanksiya altındakı İran neftini xaricə satmaq üçün yararlanıb. Belə ki, o, Dubay, Türkiyə və Malayziyadakı 64 şirkətdən ibarət "hörümçək toru"nu istifadə edərək milyonlarla barel İran neftini xaricə (Sinqapur, Malayziya, Hindistan) satıb. Əldə edilən gəlir Malayziyada Zəncaniyə məxsus olan "First İslamic Bank" üzərindən leqallaşdırılıb. Bütün bu əməliyyatlar Avropa Birliyi və Amerikanın əllərini qulaqlarının ardına qoyub sanksiyalarla İranı çökdürəcəklərini düşündükləri zaman baş verib: "Mərkəzi Bank pulsuz qalmışdı. Məndən neft pulunu İrana gətirməyimi, sistemin bu pulları istifadə etməsinə şərait yaratmağımı istədilər. İşim sanksiya əleyhinə əməliyyatlar idi. Mən işini bacarıqla icra edən adamam. Lakin məni də sanksiya altına aldılar..."

Publika.az