Assanj ABŞ-la danışıqlara hazırdır – Ekstradisiya oluna bilər

“WikiLeaks”in yaradıcısı Culian Assanj ekstradisiya barədə ABŞ-la danışıqlar aparmağa hazırdır.

AzNews.az TT agentliyinə istinadən xəbər verir ki, bu barədə onun isveçli vəkili Per Samuelsson məlumat verib.

“O, bu bənd ilə bağlı danışıqlara hazırdır. ABŞ tərəfindən təşəbbüs gözləyir” -deyə bildirən hüquq müdafiəçisi Assanjın ABŞ-da həbs olunmayacağına etibar edə bilmədiyini də vurğulayıb.

Bundan əvvəl “WikiLeaks”in yaradıcısı təşkilatın informatoru Bredli Menningin ABŞ hakimiyyəti tərəfindən əfv olunması şərtiylə ekstradisiyaya razılaşacağını bildirmişdi.

Ötən gün Ağ Evin mətbuat xidməti prezident Barak Obamanın 35 il həbs cəzasına məhkum olunmuş Menningin məhkəmə hökmünü yumşaltmaq barədə qərar qəbul etdiyi xəbərini verib. Ölkə liderinə həbs müddətinin azaldılmasıyla bağlı müraciət ünvanlayan Menningin mayın 17-də azadlığa çıxacağı gözlənilir.

Keçmiş hərbçi “WikiLeaks”ə 700 mindən çox hərbi və diplomatik sənədlər, eyni zamanda 2009-2010-cu illərdə ABŞ-ın İraqda hərbi əməliyyatına dair videofayllar ötürüb. Ötən il noyabrın 11-də “WikiLeaks” Obamanı səlahiyyət müddəti başa çatana qədər Menningi, həmçinin ABŞ xüsusi xidmətlərinin keçmiş əməkdaşı Edvard Snoudeni əfv etməyə çağırıb.

Culian Assanj 2012-ci ildən Ekvadorun Londondakı səfirliyində yaşayır. O, İsveçə ekstradisiyadan qaçmaq üçün Ekvadorun diplomatik nümayəndəliyindən sığınacaq istəyib. İsveçdə seksual xarakterli cinayətdə ittiham olunan Assanj bu iddiaları siyasi motivasiya adlandıraraq rədd edir. Assanj İsveçin onu ABŞ-a ekstradisiya edəcəyindən ehtiyatlanır. Dövlət Departamentinin məxfi sənədlərini dərc etdiyi üçün ABŞ-da onu 35 ilə qədər həbs və ya ölüm cəzası gözləyir.

Aydan AXUNDOVA