Mixail Saakaşvili baş nazirə görüş təyin edib

Gürcüstan prezidenti Mixeil Saakaşvili bazar ertəsi saat 20.00-də Konstitusiya məsələləri üzrə məsləhətləşmələr aparmaq məqsədilə baş nazir Bidzina İvanişvilini görüşə dəvət edib.

Trend-in məlumatına görə, bu barədə Prezident Administrasiyasından məlumat verilib.

Yeri gəlmişkən, jurnalistlərə parlament əksəriyyətini və azlığını təşkil edən deputatların nümayəndələrindən məlum olub ki, Saakaşvili və İvanişvilinin görüşmək üçün hazır olduqlarını bəyan etmələrinə baxmayaraq, bu görüşün baş tutması ehtimalı çox azdır.

Deputatların məlumatına görə, bazar ertəsi ölkə parlamentinin sədri David Usupaşvili ilə azlığın lideri David Bakradze arasında məsləhətləşmələr keçiriləcək. Onlar Konstitusiyaya dəyişiklikləri razılaşdırmalıdırlar.

Qeyd edək ki, parlament azlığı prezidentin hüquqlarının ölkənin Qərbyönlü siyasətinin Konstitusiyada təsbit edilməsi müqabilində məhdudlaşdırılmasına getməyə hazırdır. Bu arada parlamentdə çoxluq təşkil edən deputatlar Gürcüstanın xarici siyasət kursu ilə bağlı öz fikirlərini bəyan ediblər. Parlament azlığı isə 14 bənddən ibarət bu kursun doqquzunu qəbul etmir. Bu bənddə göstərilir ki, Gürcüstan Rusiya və Qərb arasındakı münasibətlərə əngəl olmamalıdır.

AzNews.az