Təyyarədən yıxılıb sağ qalan insanlar (FOTO)

Statistikaya görə, təyyarələr avtomobillərlə müqayisədə daha təhlükəsiz nəqliyyat vasitələri hesab olunsa da, təyyarə qəzasında insanların sağ qalması möcüzə hesab edilir.

AzNews.az təyyarə qəzasında möcüzə nəticəsində sağ qalan insanları təqdim edir.

Tim Lankaster

Tim Lankaster 5273 metr hündürlükdə uçan təyyarənin kapitanı pilotu idi. Uçuş zamanı o, təhlükəsizlik kəmərini boşaldır. Bundan bir qədər sonra təyyarənin qabaq şüşəsi qırılır və elə o anda güclü külək pilotu kabinədən çölə atır. Lankaster ayaqları şturvala ilişmiş halda təyyarənin şüşəsindən asılı qalır. Həmin vaxt kabinədə olan bələdçi Naycel Oqden özünü itirməyərək kapitanın ayaqlarından yapışır. İkinci pilot hadisədən 22 dəqiqə sonra təyyarəni endirməyə nail olur. Lakin bütün bu müddət ərzində kapitan pilot təyyarənin çölündə qalır. Hər kəs onun öldüyünü güman etsə də, Lankaster yüngül xəsarətlərlə qəzadan sağ çıxmağı bacarmışdı. Bir müddət sonra o, yenidən şturval arxasına keçdi.

İvan Çisov

Şturman İvan Çisov 1942-ci ildə alman qoşunlarını bombalamaq üçün havaya qalxmışdı. Əməliyyat zamanı onun qırıcısı düşmən tərəfindən vurulur. Çisov yanan təyyarəni tərk etmək məcburiyyətində idi. Lakin almanlar onu təqib etməkdə davam edirdi. Buna görə Çisov sürəkli paraşütlə tullanmaq qərarına gəlir. Lakin bir qədər sonra o, huşunu itirir. Təyyarə 7 min metr hündürükdən qar yığınının üzərinə çırpılır və uzun müddət qarın üzərində sürüşərək yarğana yuvarlanır. Xilasedicilər Çisovu tapdıqda o, özünə gəlmişdi, lakin bir neçə yerində sınıq var idi.

Nikolas Alkmeyd

21 yaşlı Nikolas Alkmeydin başına gələn unikal hadisə rəsmi olaraq təsdiqlənilib. Alkmeyd 1944-cü ildə alman qoşunlarına qarşı hərbi hava əməliyyatlarına qoşulmuşdu. Əməliyyatlardan birində onun qırıcısı almanlar tərəfindən vurulur. Bədbəxtlikdən vurulan zaman onun paraşütü də yanır. Alkmeyd daha tez ölmək üçün təyyarədən tullanmaq qərarına gəlir. Alkmeyd 5500 metr hündürlükdən şam ağacın, daha sonra yumşaq qarın üzərinə düşür. Alkmeyd hadisənin şokundan ayıldıqda bircə dənə də olsun sümüyünün sınmadığını görür. Daha sonra o, gestaponun əlinə düşsə də, almanlar özləri onun möcüzə nəticəsində sağ qalmasından çox təəccüblənib və ona başına gələn hadisəni təsdiqləyən şəhadətnamə də veriblər.

Alan Maqi

Amerikalı pilot Alan Maqi İkinci Dünya Müharbəsi zamanı 6705 metr hündürlükdən yıxılıb. O, əməliyyatlardan birində vurulan təyyarədən tullanaraq sağ qalmağa çalışıb. İstənilən halda ölümə gedən pilot bunu etmək məcburiyyətində idi. Lakin, xoşbəxtlikdən, Maqinin seçimi uğurlu olur. O, yerə çatanda dəmiryol dayanacağına məxsus şüşədən damı olan obyektin üzərinə düşür. Şüşə dam onun düşüşünü yumşaldaraq Maqinin sağ qalmasına kömək edir. Hadisədən bir-iki sınıq və 28 kəsik yarası ilə xilas olan Maqi 82 yaşında dünyasını dəyişib.

Culiana Kepke

Culiana Kepke “LANSA” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində sağ qalan yeganə şəxsdir. Qəza zamanı təyyarədə 92 nəfər olub. Məlumata görə, təyyarə ildırım vurması nəticəsində qəzaya uğrayıb. Qəza zamanı təyyarə Peruda cəngəlliyə düşüb. Kepke həmin vaxt öz oturacağına bağlı vəziyyətdə qalıb. Kepke bir neçə sınıq və kəsik yaraları ilə qəzadan sağ qurtulur. 9 gün sonra onu yerli sakinlər tapırlar. Hadisənin motivləri əsasında, “Möcüzələr hələ də baş verir” filmi çəkilib.

Pyotr Dmitrieviç Qorbanyov

1955-ci ildə təlim uçuşları zamanı MiQ tipli təyyarə uçuş-enmə zolağından çıxaraq palçığa batır. Yerüstü xidmətin mexaniki Pyotr Dmitrieviç Qorbanyov texniki heyətdən digər bir şəxsin də köməkliyi ilə təyyarəni yenidən uçuş-enmə zolağına qaytarmağı bacarır. Lakin Qorbanyov təyyarənin qanadından yapışaraq bunu edir. Pilot təyyarənin qanadında “qəribə obyekt”in olduğunu görərək bu barədə terminala məruzə edir və təyyarəni yerə endirir. Hadisə nəticəsində Qorbanyovun iki qabırğası qırılsa da, o, huşunu itirməmişdi.

Şeyna Riçardson

Şeyna Riçardson ilk dəfə idi ki, paraşütlə tullanırdı. Riçardsonun adrenalin arzusu ona baha başa gəlib. Gənc qız təyyarədən tullandıqdan sonra paraşütünü açmağa çalışsa da, bu, mümkün olmur. Çünki onun paraşütü ştopora ilişmişdi. Riçardson dərhal ehtiyat paraşütü açmağa cəhd göstərir. Lakin onun bu cəhdi də uğursuz olur. Sonda Riçardson saatda 80 kilometr sürətlə üzüqoylu şəkildə yerə çırpılır. Qəza nəticəsində onun çanaq sümüyü, ayağı və bir neçə dişi sınır. Hadisənin ən maraqlı məqamı isə odur ki, Şeynanın həmin vaxt hamilə olması heç onun özünə də məlum deyildi. Xoşbəxtlikdən qadının bətnindəki uşaq da sağ qalır. Körpəsini dünyaya gətirdikdən sonra Şeyna yenidən paraşütlə tullanaraq bu işi hər halda bacardığını sübuta yetirdi.

Frano Selak

Frano Selakı dünyanın ən bəxtəvər insanı adlandırmaq olar. Ən azından ona görə ki, o, nə az, nə çox 7 dəfə ölümcül qəzadan sağ xilas olmağı bacarıb. Bu qəzalar arasında təyyarə qəzası da var. 1963-cü ildə o, Zaqreb-Rieka aviareysi üzrə hərəkət edirdi. Uçuş zamanı gözlənilmədən təyyarənin qapısı açılır və təyyarədə olan sərnişinlər çölə tökülürlər. Onların arasında Selak da var idi. Qəza nəticəsində 19 nəfər ölür. Lakin Selak yerdə ot tayasının üstünə düşərək sağ qalmağı bacarıb.

Klif Cadkins

1963-cü ildə Klif Cadkins F-8 qırıcısını idarə edirdi. Və birdən qırıcı alışmağa başladı. Gənc pilotun təyyarəni tərk etməsi üçün bir neçə saniyə var idi. Əks halda, alov kabinəni də əhatə edəcəkdi. Cadkins katapultanın düyməsinə bassa da, mexanizm işə düşmür. Cadkins özü tullanmaq qərarına gəlir. Lakin bir problem var idi. Cadkins elə təzyiqdə tullanmalı idi ki, təyyarənin 6 metr hündürlüyü olan quyruğuna dəyməsin. Cadkins bunu edə bilir. Lakin paraşütü açılmır. Cadkins sürətlə okean sularına çırpılır və onurğası ilə yanaşı bir neçə sümüyü sınır. Lakin daha mürəkkəb vəziyyət paraşütün açılaraq onu okeanın dibinə çəkməsi olur. Cadkins ağır xəsarət almış halda paraşütün iplərindən xilas ola bilir və suyun üzərinə çıxır.

Deyv Hocman

Deyv Hocman 762 metr hündürlükdən tullandıqdan sonra onun paraşütü dostunun paraşütünə ilişir. Onlar hər ikisi yerə çırpılsa da, sağ qalırlar.

Co German

Co German Avstraliya hərbi hava qüvvələrinin pilotudur. Onun təyyarəsi döyüş əməliyyatlarından birində düşmən tərəfindən vulur. German təyyarədən tullanaraq paraşütünü yenicə açmış dostunun ayağından yapışır. Hadisə nəticəsində German bir neçə sınıq yarası ilə sağ qalmağı bacarır.

Maykl Holms

Maykl Holms paraşütlə tullanma üzrə ən gənc təlimatçıdır. O, təlimlərdən biri zamanı paraşütü açılmadığı üçün 4572 metr hündürlükdən yerə - kolluğun üstünə çırpılıb. Yerə düşən zaman onun sürəti saatda 160 kilometrə çatırdı. Hadisə anı zərərçəkənin öz videokamerasında da əks olunub.

Larisa Savitskaya

Larisa Savitskaya 1981-ci ildə öz həyat yoldaşı Vladimir ilə bal ayı səyahətindən qayıdırdı. Onların təyyarəsi Zavitinsk şəhəri üzərində Tu-16 ilə toqquşdu. Hər iki təyyarənin ekipaj üzvləri öldü. Təyyarənin quyruq hissəsində öz oturacağında yuxuya gedən Larisa toqquşmanın şokundan ayıldıqda artıq içəridə tempratur mənfi 30 dərəcəyə qədər enmişdi. Larisa 8 dəqiqə ərzində 5200 metr hündürlükdən yerə çırpıldı. O, iki gün meşədə meyidlərin arasında qalıb. Larisa 5200 metr hündürlükdən düşən lakin sağ qalan insan kimi Ginnesin rekordlar kitabına düşdü.

Vesna Vuloviç

1972-ci ildə Yuqoslaviyanın aviasiya tarixində dəhşətli qəzalardan biri baş verir. “Douglas DC-9” aviaşirkətinə məxsus təyyarədə partlayış olur. 10160 metr hündürlükdə olan təyyarə Çexslovakiyada yerə çırpılır. Həmin vaxt təyyarənin orta hissəsində 22 yaşlı stüardessa Vesna Vuloviç də var idi. O, həmin gün öz iş yoldaşını əvəz etməyə razılıq vermişdi. Təyyarənin qalıqları qarla örtülü ağacların üzərinə düşmüş və bunun hesabına zərbənin təsiri azalmışdı. Qəza nəticəsində huşunu itirən Vuloviçə ilk yardımı Bruno Honke adlı yerli sakin göstərir. Bruno Honke müharibə illərində səhra hərbi xəstəxanasında çalışmışdı və buna görə də ilkin tibbi yardım göstərməyi bacarırdı.

Vuloviç 27 gün komada qaldıqdan sonra huşu özünə gəlir və 16 ay sonra ayağa qalxır.

AzNews.az