Prezident dövlətə xəyanətdə ittiham edildi



Çexiya Senatı prezident Vaçlav Klausla bağlı impiçment elan edib. Senat üzvləri prezidenti dövlətə xəyanətdə ittiham edirlər. Klausla bağlı belə bir qərarın verilməsinə səbəb 2013-cü il 2 yanvarda elan edilən amnistiya ilə bağlıdır.

Həmin amnistiya nəticəsində minlərlə məhbusun azadlığa buraxılması nəzərdə tutulurdu. Bundan başqa irimiqyaslı iqtisadi cinayətlərin araşdırılması ilə bağlı açılan cinayət işlərinə xitam veriləcək. Bu isə adı iqtisadi cinayətlərdə hallandırılan çox sayda məmurun məsuliyyətdən azad edilməsi deməkdir.

İndi Konstitusiya Məhkəməsi prezidentin imzaladığı sərəncamın qanuni olub-olmadığını araşdırır. Əgər məhkəmə prezidentə qarşı irəli sürülən ittihamların əsaslı olduğunu qəbul edərsə, onda Klaus mandatından və bütün səlahiyyətlərindən, eləcə də keçmiş prezidentlər üçün nəzərdə tutulan güzəştlərdən məhrum ediləcək.

Senatın qərarı isə simvolik xarakter daşıyır. Çünki martın 7-də Klausun prezidentlik müddəti başa çatır və onun yerini seçkilərdə qələbə qazanan Miloş Zeman tutacaq.

Elnarə Əlosmanqızı
AzNews.az