Misirdə qarşıdurma: 7 ölü- Video

İyulun 1-nə keçən gecə Misirdə prezident Məhəmməd Mursinin tərəfdarları və əleyhdarları arasında baş verən toqquşmalarda 7 nəfər ölüb, təxminən 200 nümayişçi yaralanıb.

APA-nın xəbərinə görə, bu barədə "Reuters" agentliyi hüquq-mühafizə orqanları və həkimlərə istinadən məlumat yayıb.

İlk toqquşmalar paytaxt Qahirədən cənubda yerləşən Beni Suyef şəhərində baş verib, nəticədə 1 nəfər ölüb. Paytaxtdan cənubda yerləşən başqa bir yaşayış məntəqəsi olan Asyut şəhərində isə 3 nəfər ölüb. Qahirədə bir neçə yüz nəfər hakimiyyətdəki "Müsəlman qardaşlar" hərəkatının baş ofisinə hücum edib. Binaya yandırıcı şüşələr və daşlar atılıb. Binadan isə hücum edənlərə atəş açılıb.

Əvvəlcə prezidentin istefası tələbi ilə Təhrir meydanına toplaşan yüz minlərlə insan daha sonra prezident iqamətgahının qarşısına toplaşıb. Müxalifət liderləri xalqı Mursi istefa verənə qədər küçələrdə qalmağa səsləyiblər. "France-Presse" agentliyi Misir ordusundakı mənbələrə istinadən bildirib ki, küçələrə Mursinin əleyhdarı olan milyonlarla insan çıxıb və bu, ölkə tarixində ən çoxsaylı etiraz aksiyadır.

Qeyd edək ki, nümayişlər M. Mursinin andiçmə mərasiminin 1 illiyinə həsr olunub. Müxalifət Mursini avtoritar rejim və dini rejim qurmaq cəhdində ittiham edir.



AzNews.az