Suriyada şiddətli döyüşlər davam edir - Video

Hama bölgəsində hökumət qüvvələri ələvi icmasının və şiələrin məskunlaşdığı kəndlərə nəzarətin üsyançıların əlinə keçməməsinə çalışır. Əsasən, Kafer Nabudah kəndi Əsəd qüvvələri ilə "Azad Suriya ordusu" arasında gedən döyüşlərdən zərər çəkir. Üsyançıların bir neçə briqada tərkibində vuruşduğu bildirilir. Onlar hökumət qüvvələrinə, əsasən, kustar üsulla hazırlanmış silahla müqavimət göstərirlər.

Bu arada, BMT-nin kimyəvi silah ekspertlərindən ibarət heyət yenidən Suriyaya gəlib. Mütəxəssislər Suriyanın kimyəvi silah arsenallarını qiymətləndirmək və keçən dəfə araşdırma aparmadıqları ərazilərdən nümunələr götürmək məqsədilə Dəməşqə gəliblər. 6 nəfərdən ibarət ekspertlər qrupuna isveçli kimyəvi silah eksperti Ake Sellstrom başçılıq edir. BMT-nin iddialarına görə, Suriyada avqustun 21-də həyata keçirilmiş kimyəvi hücum zamanı 1400-dən çox adam həlak olub. (ANS PRESS)