“Üçüncü Dünya Müharibəsi artıq başlayıb və davam edir”.


Bunu AzNews.az-a hərbi ekspert Azad İsazadə son dövrlər dünyada baş verən prosesləri şərh edərkən deyib. Onun sözlərinə görə, dünyada gedən proseslər get-gedə nəzarətdən çıxır: "Politoloqlar və ekspertlər bəyan edib ki, Üçüncü Dünya Müharibəsi başlayıb. Dünya müharibəsi şərti bir anlayışdır. 2 və ya 3 qitənin dövlətləri müharibəyə qoşulubsa, onda bunu dünya müharibəsi hesab etmək olar. Bu baxımdan dünyada gedən proseslər get-gedə nəzarət altından çıxır. Amma biz başa düşməliyik ki, Üçüncü Dünya Müharibəsi başlasa bu, bəlkə də dünya üçün axırıncı müharibə olacaq. O qədər nüvə silahları var ki, onlar bir neçə dəfə bütün planeti partlatmaq gücündədir. Lider ölkələr Üçüncü Dünya Müharibəsində udan və uduzanın olmayacağını anlamalıdırlar. Müharibə zamanı hansısa dövlət udub və ya uduzmayacaq. Hamımız uduzacağıq. Bu səbəbdən müharibəyə gətirib çıxarmaq olmaz. Çünki təhlükə çox böyükdür. Amma regional müharibələr get-gedə çoxalıb davam edəcək. Məsələn, Ukrayna, Gürcüstan, Qarabağ, Moldova, Yaxın Şərqdə və Əfqanıstanda proseslər səngiməyəcək, əksinə get-gedə gərginləşəcək".



A.İsazadə Azərbaycan-Ermənistan münaqişəsinə də toxunub. Bildirib ki, Azərbaycan hər an müharibəyə başlaya bilər: "Biz hər bir an müharibənin başlayacağını gözməliyik. Tədbirlər sadəcə onu göstərir ki, biz o an gəlsə hazır olmalıyıq. Təəsüflər olsun ki, əvvəllər belə hazırlıq işləri görülmürdü. Amma bu gün lazımi tədbirlər həyata keçirilir. Hətta mülki əhalini də müharibəyə hazırlamaq lazımdır. Mülki şəxsləri də hərbi qulluğa çağırmaq, keçmiş bilikləri yada salıb, təzələri öyrənmək normal haldır. Yaddan çıxarmaq olmaz ki, bizim üçün müharibə bitməyib. Azərbaycanın torpaqları hələ də işğal altındadır. Müharibə hər an başlaya bilər. Sadəcə müharibənin başlamasının faiz baxımından riski çoxalır. Bəzən isə azalır. Amma heç vaxt 0 faizə enməyib. Risk həmişə var ki, müharibə başlaya bilər".

Sevinc Yasinqızı
AzNews.az