İŞİD-in Qafqazda müharibə meydanı

"Avropada həyatından narazı müsəlmanların yaşadığı yerlər kimi, Qafqaz və Mərkəzi Asiyadakı keçmiş SSRİ dövlətləri də İŞİD-in ən çox insan cəlb etdiyi ərazilərə çevrilib. Eyni zamanda İŞİD durmadan Qafqazda müharibə meydanı yaradır".


AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, bu haqda "The New York Times"da İŞİD terror qruplaşmasının Qafqazla əlaqəsi, Rusiyanın bu əlaqədən natahatlığı haqqında məqalədə deyilir.

Müəllifin fikrincə, xüsusilə sünni müsəlmanlar Rusiya qoşunlarının Suriyanın prezidenti Bəşər Əsədin tərəfində hərbi əməliyyatlar aparmasından hiddətlənib.

O, Rusiyanın İŞİD-dən qorxusundan da bəhs edib. Bildirib ki, Rusiya İŞİD-in döyüşlərində bərkimiş silahlıların ölkəyə yenidən qayıtmasından, ölkədə mövhumatçı döyüşçülərin hazırlanmasından qorxur.

Həmçinin bildirilib ki, sentyabrda Rusiya prezidenti Vladimir Putin ölkənin Hava Kosmik Qüvvələrinin hədəflərindən danışıb və qeyd edib ki, məqsəd döyüşçülər Rusiyaya zərbələr vurmağa başlamazdan əvvəl onların məvh edilməsidir. Lakin bundan bir müddət keçəndən sonra - oktyabrın 31-də Rusiya avialaynerində bomba partladılıb.

Yazıda xüsusilə Dağıstanın terrorçular üçün əhəmiyyətli olduğu qeyd edilib. "İŞİD-in təbliğat videolarından birində Qafqazdan olan 3 imam çəkilib. Onlardan biri ev dustağı olan Nadir Mələtov idi", - deyən müəllif əlavə edib ki, hüquq-mühafizə orqanlarının bəzi üzvləri ona qaçmağa kömək ediblər. Səbəb olaraq isə müəllif "o zaman bu, ən yaxşı çıxış yolu kimi görünürdü", - deyib.

Ümumiyyətlə, Qafqazdan, o cümlədən Cənubi Qafqazdan İŞİD terrorçularına qoşulmaq istəyənlər kifayət qədər çoxdur. Bəziləri terrorçuların din pərdəsi altında apardığı təbliğata aldanır, bəziləri isə sırf sosial təminat üçün bu yola üz tuturlar.

Eyni zamanda ölkələrin terrorçularla əlaqəsi bununla bitmir. Bu yaxınlarda Rusiyanın Maliyyə Monitorinqi üzrə Federal xidməti (Rosfinmonitorinq) İŞİD terror qruplaşmasına maddi yardım göstərən ölkələrin siyahısını açıqlayıb. Həmin siyahıda Azərbaycan İŞİD-ə yardım edən Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri sırasında ikinci yerdədir.

Azərbaycan Mərkəzi Bankı yanında maliyyə monitorinqi xidməti isə bu haqda heç bir açıqlama vermək istəmir.

MDB dövlətləri içərisində İŞİD və digər terror təşkilatlarına maliyyə vəsaiti göndərən ölkələr arasında birinci yerdə Qazaxıstan, üçüncü yerdə isə Türkmənistan dayanır. Bu isə onu göstərir ki, terror, həqiqətən də, sərhəd tanımır və ondan qorunmaq o qədər də asan deyil.

Bunun üçün sərhədlərin möhkəmləndirilməsi, hüquq-mühafizə orqanlarının güclü nəzarəti kifayət etmir. Dövləti, xalqı terrordan qorumaq üçün həm də ölkədəki bütün qurumlar dövlətin, xalqın mənafeyini qorumalı, buna uyğun fəaliyyət göstərməlidir.