Vurulan Rusiya təyyarəsinin pilotlarından biri öldü - Fotolar (Yenilənib 2)

Bu gün səhər Türkiyə hava sərhədini pozduğu üçün Türkiyə hərbi təyyarələri tərəfindən vurulan Rusiyaya məxsus “Su24” hərbi təyyarəsinin katapult edən pilotlarından birinin öldüyü xəbəri yayılıb.


Milliyetin verdiyi məlumata görə, katapult edən pilotlardan birinin yerə düşərkən öldüyü, digərinin isə sağ qaldığı və türkmənlərin əlində olduğu bildirilir. Ölən pilotun fotosu da yayılıb.

Hazırda Rusiyaya məxsus 2 helikopter pilotları axtarır, lakin silahlı türkmənlər helikopterlərin yerə enməsinə imkan vermir. Təyyarənin vurulmasından 20-25 dəqiqə sonra türkmənlərin mövqeləri güclü atəşə məruz qalıb.

Vurulan Rusiya təyyarəsinin yerdə partlaması nəticəsində 2 Türkiyə vətəndaşı yaralanıb. Onlar Türkiyənin Suriya ilə həmsərhəd Hatay vilayətinin Yayladağ rayonunun Dutlubahçe kəndinin sakinləridir. Yaralılardan birinin xəstrəxanaya aparılaraq əməliyyat edildiyi, digərinin vəziyətinin isə qənaətbəxş olduğu xəbər verilib.




APA.az

***
13:30

Rusiyanın "Su-24" təyyarəsi qəzaya uğrayıb, ancaq onun yerdən vurulduğu da ehtimal olunur.

Bu haqda Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, həmin təyyarə 6 min metr yüksəklikdən uçurmuş. Rusiya təyyarəsinin Suriya ərazisində olduğunu vurğulayıb.

Qeyd edək ki, düşən "Su-24" Rusiyanın Suriyadakı hərbi aviasiya qrupuna məxsus olub. (Report.az)

***
12:46

Türkiyə sərhədləri yaxınlığında, Suriya ərazisində hərbi təyyarə qəzaya uğrayıb.
"Doğan" xəbər agentliyinin verdiyi məlumata görə, hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb. Hələlik hərbi təyyarənin hansı ölkəyə məxsus olduğu bəlli deyil.

Təyyarənin Türkiyə hava məkanını pozduğu üçün vurulduğu bildirilir. Pozucu təyyarə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "F-16" qırıcıları tərəfindən vurularaq yerə salınıb. Pilotlar katapult edərək təyyarədən çıxa biliblər.

Xatırladaq ki, Suriya ordusu son günlər Rusiya hərbi aviasiyasının köməyi ilə Türkmən dağı zonasında türkmən hərbi qruplarına qarşı hərbi əməliyyat keçirir.

APA.az